Bu gün Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) yaranmasının 43-cü ildönümüdür. 1983-cü il noyabrın 15-də müstəqilliyini elan edən Şimali Kipr Türk Cümhuriyyəti bu gün də öz dövlətçilik iradəsini və müstəqillik əzmini qoruyub saxlayır.
Türk dünyasında “Yavru Vətən” kimi tanınan Şimali Kiprin müstəqilliyə gedən yolu uzun və çətin mübarizədən keçib. Kipr türklərinin təhlükəsizliyi, siyasi hüquqları və adada mövcudluqlarını qorumaq uğrunda mübarizəsi ötən əsrin 50-ci illərindən etibarən daha da intensivləşib.
1959-cu ildə imzalanan Sürix və London müqavilələri əsasında 1960-cı ildə Kipr Respublikası yaradılıb. Yeni dövlətin idarəçilik sistemində kiprli türklərə və yunanlara bərabər tərəfdaşlıq hüquqları verilib. Kipr türklərini Dr. Fazıl Küçük, yunan icmasını isə arxiyepiskop Makarios təmsil edib.
Lakin 1963-cü ildən etibarən adada icmalararası münasibətlər kəskinləşib. Kipr türklərinin siyasi və idarəçilik hüquqlarının məhdudlaşdırılması, onlara qarşı zorakılıq və hücumlar nəticəsində minlərlə insan doğma yurdunu tərk etmək məcburiyyətində qalıb. 1974-cü ilin iyulunda Yunanıstandakı hərbi xuntanın dəstəyi ilə Nikos Sampsonun rəhbərlik etdiyi çevriliş və adanın Yunanıstana birləşdirilməsi – Enosis cəhdləri vəziyyəti daha da gərginləşdirib.
Bu şəraitdə, 1974-cü il iyulun 20-də Türkiyənin Baş naziri Bülənt Ecevitin rəhbərlik etdiyi hökumətin qərarı ilə Türkiyə Silahlı Qüvvələri Kiprdə hərbi əməliyyata başlayıb. Türkiyə bu addımı 1960-cı il Zəmanət müqaviləsindən irəli gələn hüquqlarına əsaslandırıb.
Hərbi əməliyyat nəticəsində adanın şimal hissəsi Türkiyə ordusunun nəzarətinə keçib, Kiprin Yunanıstana birləşdirilməsi planının qarşısı alınıb. Bu hadisə Kipr türklərinin təhlükəsizliyi və siyasi gələcəyi baxımından dönüş nöqtəsi olub.
Əməliyyat zamanı Türkiyə ordusu 498 hərbçisini itirib, Kipr türkləri arasında isə 1672 hərbçi və mülki şəxsin həlak olduğu bildirilir.
1975-ci il fevralın 13-də Kipr Türk Federativ Dövləti yaradılıb. Onun lideri Rauf Raif Denktaş 1983-cü il noyabrın 15-də Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini elan edib və ölkənin ilk prezidenti olub.
Aradan 43 il keçməsinə baxmayaraq, KKTC beynəlxalq aləmdə geniş şəkildə tanınmayıb. Hazırda onu müstəqil dövlət kimi yalnız Türkiyə tanıyır. Adanın cənubunda fəaliyyət göstərən Kipr Respublikası isə beynəlxalq səviyyədə tanınıb və 2004-cü ildə Avropa İttifaqına üzv qəbul edilib.





















