image-1backend

AZƏRBAYCANDA DİN XADİMİ ÇATIŞMAZLIĞI…- Məscidlərimizdə niyə ixtisaslı milli kadrlar azdır?

image-ads-728x90

Azərbaycanda 2500-ə yaxın məscidin təxminən 1000-də din xadimi fəaliyyət göstərmir.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, fəaliyyət üçün təyinat alan din xadimlərinin təxminən üçdə birinin ümumiyyətlə nə orta, nə də ali dini təhsili var.

Komitə sədrinin müavininin sözlərinə görə, xaricdə dini təhsil alaraq Azərbaycana qayıdanların sayı ən azı 3500 nəfər civarındadır. Bu baxımdan, ölkədə ixtisaslı milli dini kadrların hazırlanması əsas prioritetlərdən biridir. Hazırda Azərbaycanda yeganə ali dini təhsil müəssisəsi Azərbaycan İlahiyyat İnstitutu, orta ixtisas təhsili müəssisəsi isə onun tabeliyindəki Bakı İlahiyyat Kollecidir. İnstitutun ilk məzunlarından 50-si artıq məscidlərdə fəaliyyətə başlayıb.

Bəs ölkədə məscidlərin təxminən 40 faizində din xadimlərinin fəaliyyət göstərməməsinin səbəbləri nədir?

İlahiyyatçı Əkrəm Həsənov  açıqlamasında bildirib ki, Azərbaycanda kifayət qədər savadlı və yüksək dini təhsilə malik ilahiyyatçılar var. Onun fikrincə, problemin səbəblərini yalnız din xadimlərinin sayının azlığı ilə əlaqələndirmək düzgün deyil.

“Azərbaycanda kifayət qədər ilahiyyat təhsili almış savadlı mütəxəssislər var. Bu sahədə elmi dərəcə almış, fəlsəfə doktoru olmuş ziyalılarımız da mövcuddur. Mən özüm də ilahiyyat üzrə fəlsəfə doktoru, dinşünaslıq üzrə dosentəm. Hesab edirəm ki, mövcud kadr potensialından daha səmərəli istifadə etmək mümkündür. Əgər minə yaxın məsciddə din xadimi fəaliyyət göstərmirsə, həmin məscidlərə uyğun dini və elmi hazırlığı olan mütəxəssislərin cəlb edilməsi məsələsinə baxılmalıdır. İlahiyyatçı gənclərin və elmi dərəcəsi olan mütəxəssislərin imamlıq və dini maarifçilik fəaliyyətinə cəlb olunması üçün müvafiq şərait yaradılmalıdır”, – deyə ilahiyyatçı bildirib.

Ə.Həsənovun fikrincə, digər mühüm problem cəmiyyətdə dini maarifçiliyin vəziyyəti ilə bağlıdır. O hesab edir ki, xüsusilə gənclər arasında dinə marağın azalması, ateist və aqnostik baxışların daha çox müzakirə olunması bu sahədə yeni yanaşmalara ehtiyac yaradır.

Ekspertin sözlərinə görə, insanların dinə münasibətinə sosial problemlər, maddi çətinliklər, işsizlik, sosial ədalətsizlik, eləcə də dini adından çıxış edən bəzi şəxslərin yanlış davranışları da təsir göstərir. Buna görə də dini məsələlərə qadağa və ittihamlarla deyil, elmi və maarifçi yanaşma ilə cavab verilməlidir.

“Qurani-Kərimdə buyurulur: ‘Rəbbinin yoluna hikmətlə və gözəl öyüdlə dəvət et’ (Nəhl, 125). Bu ayə dini təbliğatın hansı üsulla aparılmalı olduğunu aydın göstərir. Peyğəmbərimiz (s.ə.s.) də buyurub: ‘Allah kimin üçün xeyir istəyərsə, onu dində anlayış sahibi edər’. Burada əsas məqamlardan biri dini sadəcə əzbərləmək deyil, onu anlamaq və düzgün izah etməkdir”, – deyə Ə.Həsənov vurğulayıb.

İlahiyyatçı hesab edir ki, məscidlər yalnız ibadət məkanları kimi deyil, insanların dini bilik əldə etdiyi, suallarına cavab tapdığı, mənəvi və əxlaqi baxımdan maarifləndiyi mərkəzlər kimi də fəaliyyət göstərməlidir. Bunun üçün gənclərlə görüşlər, dini söhbətlər, ailə və əxlaq mövzularında maarifləndirici tədbirlər təşkil olunmalıdır.

O, həmçinin din xadimlərinin müasir insanın düşüncəsini və qarşılaşdığı sualları bilməsinin, dini bilikləri anlaşılan və əsaslandırılmış şəkildə çatdırmağı bacarmasının vacibliyini qeyd edib.

Ə.Həsənovun qənaətinə görə, problemin həlli üçün həm boş qalan məscidlərə savadlı din xadimlərinin cəlb edilməsi, həm də xüsusilə gənclər arasında dini maarifçilik işinin gücləndirilməsi vacibdir. Eyni zamanda din xadimlərinin sosial təminatı və peşəkar inkişafı məsələlərinə də diqqət yetirilməlidir.

İlahiyyatçı Fazil Əhmədli isə  açıqlamasında bildirib ki, məscidlərdə din xadimlərinin çatışmazlığının əsas səbəblərindən biri əvvəlki dövrlərlə müqayisədə dini təhsil müəssisələrinin sayının əhəmiyyətli dərəcədə azalmasıdır.

Onun sözlərinə görə, əvvəllər Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Bakı şəhərində və paytaxtın kəndlərində çoxsaylı mədrəsələr fəaliyyət göstərirdi. Həmin təhsil müəssisələrində xeyli sayda insan dini biliklər əldə edirdi. Lakin sonradan bu müəssisələrin böyük əksəriyyətinin fəaliyyətinə son verildi.

“Əvvəllər Azərbaycanın müxtəlif bölgələrində, hətta bir bölgənin özündə bir neçə mədrəsə fəaliyyət göstərirdi. Bakı şəhərində və Bakı kəndlərində də çoxsaylı mədrəsələr var idi. Təsəvvür edin, bu qədər mədrəsələrdə xeyli insan təhsil alırdı. Hazırda isə yalnız İlahiyyat İnstitutu və onun nəzdində fəaliyyət göstərən İlahiyyat Kolleci var. Bundan başqa, dini təhsil vermək üçün icazəsi olan ayrı-ayrı təşkilatlar mövcuddur. Təbii ki, təhsil müəssisəsinin az olması mövcud problemə təsirsiz ötüşə bilməz”, – deyə F.Əhmədli bildirib.

İlahiyyatçı din xadimlərinin maddi təminat məsələsinin də problemin yaranmasında mühüm rol oynadığını düşünür. Onun sözlərinə görə, əvvəlki illərdə dini təhsil almış bir çox mütəxəssis lazımi maddi təminat olmadığı üçün öz ixtisası üzrə fəaliyyətini davam etdirə bilməyib və başqa sahələrdə işləməyə məcbur olub: “Son illərdə din xadimlərinin maddi baxımdan təminatsız qalması da ciddi problemlərdən biridir. Əvvəlki illərdə təhsil almış alimlər və ilahiyyatçılar maddi cəhətdən lazımi təminat əldə edə bilmədiklərinə görə başqa sahələrə üz tutublar. Bir çox ilahiyyatçı və din xadimi öz ixtisası üzrə fəaliyyətini dayandıraraq başqa işlərlə məşğul olmağa başlayıb”.

İlahiyyatçı hazırda Rusiyada, Almaniyada, İngiltərədə və Türkiyədə çoxsaylı azərbaycanlı ilahiyyatçının yaşadığını bildirib: “Bu, az sayda insan deyil. Hazırda xarici ölkələrdə yaşayan, ilahiyyatçı ixtisasına malik xeyli sayda azərbaycanlı var. Onlar müxtəlif səbəblərdən, o cümlədən maddi təminatsızlıq üzündən Azərbaycandan gediblər. Təbii ki, bu da ölkədə din xadimlərinin çatışmazlığına təsir göstərir”.

F.Əhmədli hesab edir ki, məscidlərdəki kadr çatışmazlığını aradan qaldırmaq üçün əvvəlki dini təhsil ənənələrinin bərpası və xaricdə yaşayan ixtisaslı azərbaycanlı ilahiyyatçıların ölkəyə qayıtması üçün şərait yaradılması məsələsinə baxılmalıdır.

“Fikrimcə, bu sahədə mədrəsələrin yenidən fəaliyyətə başlaması və həmin ixtisaslı kadrların geri çağırılması dini sahədəki boşluğun daha qısa müddətdə aradan qaldırılmasına kömək edə bilər”, – deyə ilahiyyatçı əlavə edib.”AzPolitika.info”



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki