image-1backend

AZƏRBAYCANDA Aİ-95 BENZİNİ İLƏ BAĞLI NARAHATLIQ… – İstehsal niyə kəskin azalıb?

image-ads-728x90

Azərbaycanda Aİ-95 markalı benzinin istehsalında qeydə alınan kəskin azalma diqqət çəkir. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkədə 4,06 min ton Aİ-95 markalı benzin istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 65,6 faiz azdır. Ötən ilin ilk doqquz ayında istehsal 11,8 min ton təşkil edib. Aİ-92 markalı benzinin istehsalında da cüzi azalma qeydə alınıb.

Bəs Aİ-95 istehsalının bu qədər azalması bazarda hansı dəyişikliklərlə bağlıdır?

İqtisadçı Xalid Kərimli məsələ ilə bağlı “AzPolitika”ya şərhində bildirib ki, istehsalın azalması fonunda tələbat əvvəlki səviyyədə qalırsa, yaranan fərq idxal hesabına qarşılanmalıdır.

İqtisadçının sözlərinə görə, avtomobil parkının tərkibində baş verən dəyişikliklər yanacağa olan tələbatın strukturuna təsir göstərir: “Belə ki, son illərdə daha az yanacaq sərf edən avtomobillərin, o cümlədən hibrid və elektrik mühərrikli nəqliyyat vasitələrinin sayı artır. Əvvəllər 100 kilometr məsafəyə 13-15 litr benzin sərf edən avtomobillərin yerini eyni məsafəyə 6-8 litr yanacaq sərf edən daha qənaətcil modellər tutur. Xüsusilə Çin və Avropa istehsalı olan yeni avtomobillər yanacaq sərfiyyatına görə daha qənaətcil hesab olunur”.

X. Kərimli qeyd edib ki, digər tərəfdən, xüsusilə Avropa istehsalı olan bir sıra avtomobillər Aİ-95 markalı benzinə üstünlük verir: “Bu baxımdan, avtomobil parkının yenilənməsi həm yanacaq sərfiyyatının ümumi həcminə, həm də müxtəlif benzin markalarına olan tələbatın strukturuna təsir edə bilər”.

İqtisadçı əlavə edib ki, yerli istehsalın azalması şəraitində bazarda tələbat qorunub saxlanılırsa, çatışmayan həcm idxal yolu ilə təmin edilməlidir. Bu isə Aİ-95 markalı benzinin idxalının artmasına səbəb ola bilər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki