Noyabrın 13-də Azərbaycan Dəmir Yollarının (ADY) rəhbərliyi ilə ekspertlər arasında görüş keçirilib.
Görüşdə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Bakı–Balakən dəmir yolu xəttinin Gürcüstan ərazisinədək uzadılması təklifi ilə çıxış edib.
Korrekt.az xəbər verir ki, Osman Gündüz bu barədə məlumat yayıb. Onun sözlərinə görə, ADY sədri Rövşən Rüstəmov təklifə münasibət bildirərək belə bir alternativ dəmir yolu bağlantısının Azərbaycan üçün maraqlı və faydalı ola biləcəyini deyib.
Osman Gündüz ADY sədrinin cavabını belə çatdırıb:
“Rövşən Rüstəmov bildirdi ki, belə bir alternativ dəmir yolu bağlantısının yaradılması Azərbaycan üçün maraqlı və faydalı ola bilər. Xüsusilə beynəlxalq nəqliyyat dəhlizlərinin şaxələndirilməsi və alternativ marşrutların formalaşdırılması baxımından bu ideyanın əhəmiyyətini qeyd etdi. Lakin hazırda məsələnin daha çox Gürcüstan tərəfindən asılı olduğunu, qonşu ölkənin həmin istiqamətdəki dəmir yolu infrastrukturunun belə bir layihəyə hələlik hazır olmadığını bildirdi.
Xatırladım ki, Balakəndən Gürcüstanın ən yaxın yaşayış məntəqələrindən olan Siteli-Siqaroya qədər məsafə təxminən 20 km-dir. Sovet dövründə də bu ərazilərdə dəmir yolu infrastrukturu mövcud olub. Düşünürəm ki, belə bir alternativ beynəlxalq dəmir yolu bağlantısının yaradılması həm Azərbaycanın tranzit imkanlarının genişlənməsi baxımından deyil, həm də ölkəmizin şimal-qərb bölgəsinin sosial-iqtisadi inkişafı, turizm və logistika potensialının gücləndirilməsi üçün çox faydalı ola bilərdi”.
Osman Gündüz görüş zamanı Bakı–Tiflis qatarında internet xidmətinin olmaması və Tiflisdən Bakıya qayıdış biletlərinin tapılmaması problemini də gündəmə gətirib. Xüsusilə bilet satışındakı vəziyyət diqqət çəkib: sərnişinlər biletlərin satışa çıxarıldığı anda, demək olar ki, yoxa çıxdığını bildirirlər.
Ekspert ADY rəhbərliyinə ünvanladığı sualı və aldığı cavabı belə açıqlayıb:
“Sonuncu sualım Bakı–Tiflis beynəlxalq marşrutunda sərnişinlər üçün internet xidmətinin olmaması və xüsusilə Tiflisdən Bakıya qayıdış biletlərinin satışa çıxarıldığı anda, demək olar ki, yoxa çıxması ilə bağlı oldu.
ADY rəsmiləri bilet problemini əsasən tələbin təklifdən dəfələrlə çox olması ilə izah etdilər. Eyni zamanda, bilet satışı ilə bağlı neqativ halların qarşısının alınması istiqamətində mübarizə aparıldığını bildirdilər.
Düşünürəm ki, burada həm sərnişin tutumunun artırılması, həm də elektron bilet satışında şəffaflığın və bərabər imkanların təmin edilməsi vacibdir”.
Qeyd edək ki, son vaxtlar sərnişinlər Bakı–Tiflis qatarı ilə bağlı ciddi narazılıqlarını ifadə edirlər. Onların şikayətlərinə görə, Bakıdan Tiflisə bilet əldə etmək mümkün olsa da, geri dönüş üçün – Tiflisdən Bakıya qatar bileti tapmaq ciddi problemə çevrilib. Biletlərin satışa çıxarılan kimi tükənməsi isə sərnişinlər arasında satış prosesinin şəffaflığı ilə bağlı suallar yaradır.Musavat.com





















