Tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasının yaratdığı yeni reallıqlar fonunda Azərbaycanın ayrı-ayrı dövlətlərlə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri yüksələn xətlə inkişaf edir. Son dövrlərdə ABŞ, Çin və digər nüfuzlu dövlətlərlə strateji tərəfdaşlıq münasibətlərinin rəsmiləşdirilməsi bu prosesin konkret nəticələridir.

Bu baxımdan Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunun təsdiqi ilə yanaşı, həm də Azərbaycanın xarici siyasət uğurlarının növbəti mühüm göstəricisidir. Böyük Britaniyanın Azərbaycanla münasibətləri məhz strateji tərəfdaşlıq səviyyəsinə qaldırması təsadüfi xarakter daşımır.
Böyük Britaniyanın güclü texnoloji bazası və qlobal kapital bazarlarındakı həlledici çəkisi fonunda respublikamızla bərabərhüquqlu tərəfdaşlığa getməsi ölkəmizin müstəqil iqtisadi qüdrətinə və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin uğuruna verilən birbaşa beynəlxalq qiymətdir. Müdafiə və təhlükəsizlik kimi məsələlərdə Londonun Bakı ilə ikitərəfli dialoqu inkişaf etdirməsi Azərbaycanın regionda sülh və sabitliyin təminatçısı kimi oynadığı rolun beynəlxalq səviyyədə təsdiqidir.
Müasir beynəlxalq münasibətlər sistemində tək qalmamaq, güclü müttəfiqlərə və tərəfdaşlara arxalanmaq həyati əhəmiyyət daşıyır. Həm şimalımızda, həm də cənubumuzda müharibələrin davam etdiyi çox həssas bir dönəmdə bu cür tərəfdaşlıqlar regional təhdidlərə və münaqişələrə qarşı dayana bilməyin əsas göstəricisidir. Həmçinin iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi isə Bəyannamənin strateji əhəmiyyətini daha da artırır.
Böyük Britaniya Azərbaycanın uzunmüddətli iqtisadi tərəfdaşlarından biridir. Yeni sənəddə ticarət, investisiya, infrastruktur, xidmətlər, maliyyə bazarları və kiçik və orta sahibkarlığın inkişafı kimi istiqamətlərin xüsusi yer alması münasibətlərin yalnız ənənəvi enerji əməkdaşlığı ilə məhdudlaşmadığını göstərir.
Avropanın son nöqtəsi məhz Böyük Britaniyadır və onunla bu səviyyədə tərəfdaşlıq Azərbaycanın Avropa sərhədlərini də aşaraq Avroatlantik coğrafi məkanına qədər nüfuz etməsinin bariz göstəricisidir. Ümumilikdə, Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə, regionda sülh və rifahın möhkəmlənməsinə, eləcə də hər iki ölkə xalqlarının sosial-iqtisadi tərəqqisinə xidmət edən mühüm yol xəritəsidir.





















