“Rusiya hazırda ciddi iqtisadi və enerji problemləri ilə qarşı-qarşıyadır və Kreml mövcud vəziyyətdən çıxış yolları axtarır. Vladimir Putin və onun komandası ölkəni olduqca mürəkkəb vəziyyətə salıb. Dünyanın ən böyük neft istehsalçılarından biri olan Rusiyada hazırda yanacaq qıtlığı müşahidə olunur.”– bu fikirləri saytımıza açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Arzuman Muradlı qeyd edib ki, Ukraynanın Rusiyanın neft emalı zavodlarına endirdiyi raket və pilotsuz uçuş aparatları ilə həyata keçirilən zərbələr nəticəsində ölkədə yanacaq çatışmazlığı yaranıb. Bu səbəbdən yanacaqdoldurma məntəqələrində uzun növbələr formalaşıb və yaranmış vəziyyət ümumi iqtisadi proseslərə də mənfi təsir göstərir.
Politoloqun sözlərinə görə, Rusiya hökuməti problemin həlli üçün qonşu ölkələrə üz tutmağa başlayıb. Belarusdan sonra Moskva Qazaxıstandan da yanacaq-sürtkü materialları almaqda maraqlıdır.
“Qazaxıstan hökuməti bu məsələdə tələsmir. Çünki Rusiyanı yanacaqla təmin etmək beynəlxalq aləmdə Ukraynaya qarşı aparılan müharibəyə dəstək kimi qiymətləndirilə bilər. Elə buna görə də Qazaxıstanın Energetika Nazirliyi bildirib ki, neft məhsullarının tədarükü ilə bağlı beynəlxalq sazişlər və kommersiya müqavilələri yalnız ölkənin sərbəst resurs potensialı olduğu halda mümkündür”, – deyə Arzuman Muradlı vurğulayıb.
Politoloq hesab edir ki, Astana bu məsələdə bütün siyasi və iqtisadi riskləri nəzərə almağa məcburdur.
“Bu gün Rusiyada yanacağın qiyməti kəskin bahalaşıb. Ölkə iqtisadiyyatı ciddi problemlərlə üz-üzədir və Kreml bu böhrandan çıxış yolu axtarsa da, vəziyyətin yaxın perspektivdə düzələcəyi inandırıcı görünmür”, – deyə Arzuman Muradlı əlavə edib.





















