ABŞ-ın nüfuzlu The New York Times nəşri İsrailin İranın yüksək vəzifəli rəsmilərinə qarşı mümkün hücum planları ilə bağlı diqqətçəkən iddia irəli sürüb.
Korrekt.az xəbər verir ki, qəzetin məlumatına görə, bu ilin yazında ABŞ və İran arasında aparılan danışıqlar zamanı Vaşinqton İsrailin İranın xarici işlər naziri Abbas Əraqçı və parlamentin sədri Məhəmmədbağır Qalibafı hədəfə ala biləcəyindən ciddi narahatlıq keçirib.
Məlumata əsasən, ABŞ rəsmiləri belə bir addımın tərəflər arasında davam edən danışıqları və mümkün razılaşma prosesini təhlükə altına sala biləcəyini hesab ediblər.
İddia olunur ki, ABŞ-İran arasında atəşkəs və anlaşma memorandumu üzrə danışıqların davam etdiyi dövrdə İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Əraqçı və Qalibafın olduğu bildirilən təyyarəni hədəfə almaq məqsədilə İranın hava məkanına daxil olub.
The New York Times yazır ki, Vaşinqton bu barədə region ölkələri vasitəsilə Tehrana xəbərdarlıq edib. Bundan sonra sözügedən təyyarənin təhlükəsizlik məqsədilə Məşhəd hava limanına təcili eniş etdiyi iddia edilir.
Bundan başqa, məlumatda İranın ali rəhbərinin hərbi müşaviri Yəhya Rəhim Səfəviyə qarşı da İsrail tərəfindən altı dəfə sui-qəsd cəhdinin həyata keçirildiyi bildirilir.
Qeyd edək ki, sözügedən iddialarla bağlı İsrail və İran rəsmiləri tərəfindən hələlik rəsmi açıqlama verilməyib.





















