image-1backend

İranlı deputatdan sensasion iddia: “Müctəba Xameneiyə qarşı siyasi çevriliş planı həyata keçirilir”

image-ads-728x90

İran parlamentinin sərt xətt tərəfdarı deputatı Kamran Qəzənfəri ölkənin Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xameneiyə qarşı “addım-addım siyasi çevriliş” həyata keçirildiyini iddia edib.

Korrekt.az xəbər verir ki, deputat bildirib ki, ölkədə dini mərasimlərin miqyasının azaldılması və ali rəhbərə bağlı qurumların təsir imkanlarının zəiflədilməsi istiqamətində məqsədyönlü addımlar atılır.

Kamran Qəzənfəri “X” sosial media platformasında paylaşdığı videomüraciətdə hakimiyyətin yüksək eşalonunu ittiham edərək  siyasi çevriliş iddiasını irəli sürüb..

“Pezeşkian və onun ətrafındakılar Ali Milli Təhlükəsizlik Şurasını gücləndirir, ali rəhbərin və parlamentin rolunu isə azaldırlar. Onlar dövlətin ali rəhbərini kənarlaşdırmaq üçün plan hazırlayıblar. Məqsəd Ali Milli Təhlükəsizlik Şurasını ölkədə yeganə qərarverici orqana çevirməkdir. Bu, mərhələli şəkildə həyata keçirilən siyasi çevrilişdir. Xalq bu planın qarşısını almaq üçün səfərbər olmalıdır”, – deyə deputat bildirib.

Qəzənfəri həmçinin iddia edib ki, gecə saatlarında keçirilən dini mərasimlərdə mərsiyəxanların və din xadimlərinin iştirak etməməsi üçün böyük məbləğdə vəsait xərclənir.

Onun sözlərinə görə, Bəsic təşkilatına da bu mərasimlərə dəstək verməməsi ilə bağlı göstəriş göndərilib. Deputat əlavə edib ki, parlamentin son dörd ay ərzində faktiki fəaliyyət göstərməməsi də deputatların bu prosesə etiraz etməsinin qarşısını almaq məqsədi daşıyır.

Qeyd edək ki, Kamran Qəzənfərinin səsləndirdiyi iddialarla bağlı İran hökuməti və digər rəsmi qurumlar tərəfindən hələlik hər hansı açıqlama verilməyib. Bu məlumatlar deputatın şəxsi bəyanatına əsaslanır və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki