image-658f3bfa8e628ea681d695fa14133f4abackend

Futboldan prezidentliyə gedən dünya ulduzu – yoxsul küçələrdən “Qızıl top”a, oradan da…

image-ads-728x90

O, əvvəlcə Monroviyanın kasıb küçələrində topun arxasınca qaçan bir uşaq idi, sonra Afrika futbolunun ən böyük ulduzlarından birinə çevrildi, ən nəhəng klublarda oynadı, dünyanın ən yaxşı futbolçusu seçildi və illər sonra həmin şöhrətin arxasında qalmayaraq ölkəsinin siyasi səhnəsinə daxil oldu…

1966-cı il oktyabrın 1-də Liberiyanın paytaxtı Monroviyada dünyaya gələn Corc Manne Vea üçün həyatın başlanğıcı heç də asan olmayıb. Atası mexanik, anası isə satıcı idi və çoxuşaqlı ailədə böyüyən Vea əsasən nənəsinin himayəsində tərbiyə alıb. Onun uşaqlığı Liberiyanın sosial-iqtisadi baxımdan ən ağır məhəllələrindən birində keçib və futbol onun üçün sadəcə əyləncə yox, yoxsulluqdan çıxış yoluna çevrilib. Hələ uşaqlıq illərində evdə hazırlanan sadə toplarla futbol oynayan Vea istedadını küçələrdən yerli klublara, yerli klublardan isə Afrika futboluna daşımağı bacarıb. Onun peşəkar karyerasının ilk illəri Liberiyada keçib. “Young Survivors”, “Mighty Barrolle” və “Invincible Eleven” kimi klublarda çıxış edən Vea qısa müddətdə ölkəsinin ən məhsuldar hücumçularından birinə çevrilib.

WhatsApp Image 2026-10-01 at 15.14.57.jpeg (506 KB)

Maraqlıdır ki, gələcəkdə dünyanın ən yaxşı futbolçusu olacaq Vea həmin dövrdə yalnız futbol hesabına yaşamırdı, Liberiyanın Poçt və Telekommunikasiya qurumunda telefon kommutatoru operatoru kimi də işləyirdi. Onun həyatında böyük dönüş isə 1987-ci ildə Kamerunun “Tonnerre” klubuna keçidi ilə başladı. Buradan sonra Avropanın qapıları açıldı və Vea Fransanın “Monako” klubuna transfer edildi. “Monako”da onun qarşısına gələcək karyerasında mühüm rol oynayacaq Arsen Venger çıxdı. Vengerin rəhbərliyi altında Vea Avropa futbolunun yüksək tempinə uyğunlaşdı və fiziki gücü, sürəti, texnikası və qol duyumu ilə fərqlənməyə başladı. O, müdafiəçilər üçün son dərəcə çətin rəqib idi. Uzun məsafədən sürətlə irəliləyə bilir, topu ayağında saxlaya bilir, fiziki mübarizədən çəkinmir və ən əsası, hücumun son nöqtəsində soyuqqanlı davranırdı. “Monako”da qazandığı təcrübə onu daha böyük səhnəyə hazırladı və 1992-ci ildə Paris Sen-Jermenə keçməsi ilə Vea artıq Avropanın aparıcı hücumçularından birinə çevrilmişdi. Burada keçirdiyi iki mövsüm onun şöhrətini daha da artırdı. Fransa çempionluğu, kuboklar və Avropa arenasındakı uğurlu çıxışlar Vea üçün növbəti qapını-İtaliyanın “Milan” klubunu açdı. 1994-cü ildə “Milan”a keçən liberiyalı hücumçu burada futbol tarixinin ən parlaq səhifələrindən birini yazdı. 1995-ci il isə onun həyatında əbədi olaraq xüsusi yer tutdu. Vea həmin il “Ballon d’Or” – “Qızıl top” mükafatına layiq görüldü və beləliklə, Avropadan kənarda doğulmuş ilk futbolçu kimi bu mötəbər mükafatı qazandı. O, eyni ildə FIFA tərəfindən də dünyanın ən yaxşı futbolçusu seçildi və Afrika futbolçuları arasında ilin ən yaxşısı adına layiq görüldü. Bu gün də Vea Afrika qitəsindən çıxmış və “Qızıl top” qazanmış yeganə futbolçudur.

WhatsApp Image 2026-10-01 at 15.14.58.jpeg (610 KB)

1995-ci ildə “Milan”ın formasında göstərdiyi oyunlar onun adını futbol tarixinin əbədi səhifələrinə yazdı. Vea artıq sadəcə Liberiyanın və ya Afrikanın futbolçusu deyildi, dünyanın ən yaxşısı idi. Onun qazandığı “Qızıl top” bir futbol mükafatından daha böyük məna daşıyırdı. Monroviyanın yoxsul məhəllələrindən çıxan bir afrikalı gənc Avropanın futbol elitasının zirvəsinə yüksəlmişdi və milyonlarla afrikalı uşaq üçün bunun özü böyük bir ümidə çevrilmişdi. “Milan”da Roberto Baçço kimi dünya ulduzları ilə eyni formanı geyinən Vea İtaliya futbolunun sərt müdafiələri qarşısında belə öz hücum üslubunu qoruyurdu və onun adı artıq dünyanın bütün böyük stadionlarında tanınırdı.

“Milan”dan sonra Vea İngiltərədə “Çelsi” və “Mançester Siti”, Fransada “Marsel” forması geyindi, karyerasının son mərhələsində isə Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” klubunda çıxış etdi və 2003-cü ildə peşəkar futbolçu kimi karyerasını başa vurdu. Onun klub karyerası saysız-hesabsız kuboklar, fərdi mükafatlar və dünya səviyyəli çıxışlarla zəngin idi. Lakin Vea üçün futbol heç vaxt yalnız şəxsi şöhrət vasitəsi olmadı. Onun doğma Liberiyaya bağlılığı xüsusilə ölkənin vətəndaş müharibəsi ilə sarsıldığı illərdə daha aydın görünürdü. O, milli komandanın səfərlərini və müxtəlif xərclərini öz vəsaiti hesabına maliyyələşdirir, müharibədən əziyyət çəkən insanlara yardım edir, qaçqın düşərgələrində yaşayan liberiyalılara dəstək göstərirdi.

Vea futbolçu olduğu dövrdə yalnız meydanda deyil, humanitar fəaliyyət sahəsində də tanınmağa başladı. UNICEF-in xoşməramlı səfiri kimi Afrikada uşaqların sağlamlığı, HİV/QİÇS-lə mübarizə, peyvənd kampaniyaları və müharibədən zərər çəkmiş uşaqların cəmiyyətə qaytarılması istiqamətində layihələrdə iştirak etdi. Bu fəaliyyət onun siyasi karyerasına keçidini də müəyyən mənada izah edir. Çünki Vea artıq illər əvvəl yalnız futbolçu kimi deyil, Liberiyanın problemlərini beynəlxalq aləmdə səsləndirən ictimai şəxs kimi tanınırdı. Futbol karyerasını başa vurduqdan sonra isə onun həyatında tamam başqa meydan açıldı,siyasət…

WhatsApp Image 2026-10-01 at 15.14.52.jpeg (573 KB)

2005-ci ildə Liberiyada prezident seçkilərinə qatılan Vea ölkənin siyasi sisteminə daxil oldu. O seçkidə ikinci turda Ellen Conson-Sirlifə məğlub olsa da, geri çəkilmədi. Siyasətdə qalaraq mübarizəsini davam etdirdi və 2014-cü ildə Montserrado dairəsindən senator seçildi. Bu nəticə onun artıq sadəcə məşhur futbolçu olmadığını, ölkənin siyasi həyatında ciddi dayaqları olan fiqura çevrildiyini göstərirdi. Nəhayət, 2017-ci ildə Vea arzusuna çatdı. Prezident seçkilərinin ikinci turunda Cozef Boakaini geridə qoyaraq Liberiyanın dövlət başçısı seçildi və 2018-ci ilin yanvarında prezident kimi and içdi. Beləliklə, futbol tarixində “Qızıl top” qazanmış bir ulduz bu dəfə dövlət başçısı kürsüsündə əyləşdi. Onun həyatındakı bu dönüş o qədər qeyri-adi idi ki, Vea artıq futbol tarixinin deyil, həm də dünya siyasətinin maraqlı simalarından birinə çevrilmişdi. Prezidentlik illərində Vea qarşısında son dərəcə ağır problemlərlə üzləşdi. Liberiya uzun illər davam edən vətəndaş müharibəsinin yaralarını hələ tam sağaltmamışdı, yoxsulluq, işsizlik, zəif infrastruktur, elektrik enerjisi çatışmazlığı və iqtisadi çətinliklər ölkənin əsas problemləri olaraq qalırdı. Vea hakimiyyəti dövründə yolların, elektrik infrastrukturunun və sosial obyektlərin inkişaf etdirilməsini prioritetlərdən biri kimi təqdim etdi, dövlət idarəçiliyində müəyyən dəyişikliklərə getdi və hətta prezident kimi öz maaşını 25 faiz azaltmaq qərarı verdi. Lakin onun hakimiyyəti də tənqiddən kənarda qalmadı. Ölkədə iqtisadi vəziyyət, korrupsiya ilə mübarizə və hökumətin fəaliyyətinin nəticələri ilə bağlı ciddi müzakirələr aparıldı. 2023-cü ildə Vea ikinci prezidentlik müddəti üçün seçkiyə qatıldı. Bu dəfə onun rəqibi 2017-ci ildə də qarşılaşdığı Cozef Boakai idi. Seçki çox kiçik fərqlə başa çatdı və Boakai qalib gələrək 2024-cü ilin yanvarında prezident vəzifəsinin icrasına başladı. Beləliklə, Corc Vea altı illik prezidentlik fəaliyyətindən sonra hakimiyyətdən ayrıldı. Amma onun siyasi karyerasının başa çatması onun dünya miqyasındakı simvolik statusunu dəyişmədi.

Corc Vea şəxsi həyatında da diqqət çəkən bir ailə qurub. O, Yamayka əsilli Klar Vea ilə ailəlidir və onların üç övladı var, Corc Jr, Marta və Timoti. Ən kiçik oğlu Tim Vea atasının futbol yolunu davam etdirərək ABŞ milli komandasının və Avropa futbolunun tanınan futbolçularından birinə çevrilib. Vea ailəsində futbol artıq bir nəsillə məhdudlaşmayıb. Ata “Qızıl top”un sahibi və Liberiyanın prezidenti oldu, oğul isə ABŞ millisinin formasını geyinərək atasının adını futbol meydanlarında yaşatdı.

Vea ailəsinin başqa maraqlı tərəfi də onun həyat yoldaşı Kların ictimai fəaliyyətidir. O, tibb bacısı kimi çalışıb, bizneslə məşğul olub və birinci xanım olduğu dövrdə uşaqların, qadınların və sosial baxımdan həssas insanların müdafiəsinə yönəlmiş layihələr həyata keçirib. Corc Vea ailəsində də futbol, siyasət və ictimai fəaliyyət bir-birindən ayrılmayan istiqamətlərə çevrilib.

Vea özü də həyatının müxtəlif mərhələlərində fərqli kimliklər daşıyıb. O, xristian ailəsində böyüyüb, 1989-cu ildə İslamı qəbul edib, 1994-cü ildə nənəsinin vəfatından sonra yenidən xristianlığa qayıdıb və hazırda metodist kilsəsinin üzvüdür. Onun həyatındakı bu dəyişikliklər də göstərir ki, Vea yalnız futbol meydanında deyil, şəxsi həyatında da müxtəlif mərhələlərdən keçmiş bir şəxsiyyətdir. Amma Corc Vea haqqında ən təsirli olan rəqəmlər, kuboklar və siyasi titullar deyil. Ən təsirli olan onun haradan gəlib haraya çatmasıdır. Monroviyanın yoxsul küçələrində sadə toplarla futbol oynayan uşaq bir gün “Monako”nun, PSJ-nin və “Milan”ın ulduzuna çevrildi, dünyanın ən böyük fərdi futbol mükafatını qazandı, sonra milyonlarla insanın qarşısında Liberiyanın dövlət başçısı kimi and içdi. O, əvvəlcə öz ölkəsinin adını futbol meydanlarında dünyaya eşitdirdi, daha sonra isə həmin ölkənin taleyinə siyasi səviyyədə təsir etməyə çalışdı.

WhatsApp Image 2026-10-01 at 15.14.58 (1).jpeg (521 KB)

Corc Vea hekayəsinin ən maraqlı tərəfi də budur ki, o, futbolu bitirib siyasətə başlayan adi idmançı olmadı. Əvvəlcə yoxsulluğu aşdı, sonra futbolun bütün sərhədlərini keçdi, dünyanın ən yaxşısı oldu və nəhayət, şöhrətini ölkəsinə geri qaytardı. Onun həyatında “Qızıl top” zirvə kimi görünə bilər, amma Vea üçün əslində ən böyük məsafə Monroviya küçələrindən Milan stadionuna qədər olan yol deyildi. Əsl məsafə həmin küçələrdən prezident sarayına qədər uzanan yol idi.

Corc Vea bu gün futbol tarixində “Qızıl top” qazanan əfsanəvi hücumçu, Afrika futbolunun ən böyük simalarından biri və keçmiş Liberiya prezidenti kimi xatırlanır. Onun adı isə bir həqiqətin simvolu olaraq qalır, bəzən dünyanın ən böyük stadionlarına aparan yol ən kasıb küçələrdən başlayır və futbol meydanında qazanılan şöhrət bir gün bütöv bir ölkənin siyasi səhnəsinə qədər gedib çıxa bilir…Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki