image-yi2nlnjpa2pm95r3backend

Pezeşkian Hörmüz boğazı ilə bağlı mesaj verdi: “Təhlükəsizlik regional əməkdaşlıqdan asılıdır”

image-ads-728x90

İran Prezidenti Məsud Pezeşkian Fars körfəzi və onun su yollarının uzunmüddətli təhlükəsizliyi və inkişafının region ölkələrinin əməkdaşlığından, birgə məsuliyyətindən və fəal iştirakından asılı olduğunu bildirib.
Korrekt.a, xəbər verir ki, Pezeşkian bu fikirləri Ümumdünya Dənizçilik Günü münasibətilə yayımladığı mesajında qeyd edib.
İran Prezidenti dənizi ölkəsinin tarixinin, mədəniyyətinin və iqtisadiyyatının ayrılmaz hissəsi, eləcə də İranın bu günü və gələcəyi üçün mühüm resurs kimi qiymətləndirib. Onun sözlərinə görə, İranın uzun sahil xətti və mühüm dəniz yolları üzərində yerləşməsi ölkəni gəmiçilik və beynəlxalq ticarət baxımından əhəmiyyətli mərkəzə çevirir.
Pezeşkian bildirib ki, dəniz nəqliyyatı iqtisadi artım, regional inkişaf, yeni iş yerlərinin yaradılması və beynəlxalq əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayır.
O, təhlükəsizlik və inkişafın bir-birindən ayrılmaz olduğunu vurğulayıb:
“Təhlükəsiz dənizlər, limanlar və gəmiçilik yolları ticarət və iqtisadi fəaliyyəti təşviq edir, iqtisadi inkişaf isə dövlətlərin imkanlarını gücləndirir”.
İran Prezidenti ölkəsinin dəniz qüvvələrinin imkanları və dənizçilik sahəsində mütəxəssislərin təcrübəsinə əsaslanaraq regional su yollarının təhlükəsizliyi və sabitliyinin təmin edilməsinə, həmçinin gəmiçilik və ticarətin qorunmasına çalışdığını bildirib.
Pezeşkian xüsusilə Hörmüz boğazına diqqət çəkib. O, bu su yolunu dünyanın ən mühüm dəniz keçidlərindən biri adlandıraraq, onun regional və qlobal təhlükəsizlik və iqtisadiyyat baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
İran liderinin sözlərinə görə, Tehranın Hörmüz boğazına yanaşması məsuliyyət prinsipinə, eləcə də region ölkələrinin təhlükəsizliyinin, sabitliyinin və maraqlarının qorunmasına əsaslanır.
Pezeşkian son bir il ərzində ölkənin həyati əhəmiyyət daşıyan dəniz əlaqələrinin təmin edilməsində xidmət göstərən İran dənizçilərinə təşəkkür edib. O, hökumət, özəl sektor və təhlükəsizlik qüvvələri arasında əməkdaşlığın mövcud çətinliklərin aradan qaldırılmasına kömək etdiyini bildirib.
İran Prezidenti həmçinin dənizçilik sahəsində tədqiqatlara, yeni texnologiyalara, infrastruktura və təhlükəsizliyə investisiyaların artırılmasının vacibliyini vurğulayıb.
O, gəmiçilik şirkətlərini, balıqçılıq icmalarını, liman operatorlarını, dəniz sənayesi müəssisələrini, universitetləri və sahilyanı ərazilərin sakinlərini sektorun inkişafında daha fəal iştirak etməyə çağırıb.
Pezeşkian sonda dənizçiləri və dəniz işçilərini Ümumdünya Dənizçilik Günü münasibətilə təbrik edib, xidməti vəzifələrini yerinə yetirərkən həlak olanların xatirəsini yad edib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki