Sentyabrın 26-sı Azərbaycan bədii tərcümə sənətinin yaradıcılarından olan ustad tərcüməçi Natiq Səfərovun anım günüdür. Bu günlə əlaqədar həyat yoldaşı, veteran jurnalist Zümrüd Səfərovanın qələmə aldığı xatirələri təqdim edirik.
ÖTƏN GÜNLƏRDƏN
Natiq çox ciddi adam idi, artıq söz, artıq hərəkət sevməzdi. Öz-özlüyündə isə azad bir adamdı. Ona ən dəhşətli gələn 9-dan 6-ya qədər işdə oturmaq idi. Bürokratizmi heç qəbul etməzdi, bir sözlə, əsl yaradıcı adam idi. Gecə-gündüz yazır, tərcümə edir, bütün günü işləyirdi. Boş vaxtlarında isə dostlarıyla vaxt keçirməyi sevirdi. Yadımdadır, hörmətini həmişə əziz tutduğumuz, universitetdə bizə dərs deyən müəllimimiz, teleradioda bir yerdə çalışdığımız gözəl insan, gözəl jurnalist mərhum Tofiq Rüstəmovla qonşu idik. Axşamlar Natiq Tofiq müəllimlə gecə gəzintisinə çıxar, dünya ədəbiyyatından söhbətlər edərdilər. Yaxud da dostlarıyla çayxanaya gedərdi; Natiqlə çayxanada oturmaq böyük bir hadisə idi. Çünki onun kimi çox maraqlı, savadlı, dünya ədəbiyyatını gözəl bilən ikinci adam tapmaq çətin idi.
Bir dəfə evə çox gec gəlmişdi, gecə saat 2 olardı. Mən qapını açanda o üzümə baxıb: “Gözlərindən görürəm, narazısan, kişi gecə 12-yə qədər gəldi-gəldi, gəlmədi, vaxt öz əhəmiyyətini itirir”-dedi.
Natiq hamıya kömək edirdi. Hətta öz tərcümələrinin altında dostlarının da imzalarını qoyurdu ki, onlar da qonorar alsınlar. Bir dəfə iş yoldaşlarından biri zəng edib Natiqin evə çatıb-çatmadığını soruşdu. Mən deyəndə ki, hələ gəlməyib, dostu dedi ki, Natiq Yazıçılar İttifaqının qabağında dayanıb, gəlib-gedənə kitabından aldığı qonorarı paylayırdı. Evə gələndə pulun çox cüzi olduğunugörüb soruşdum: “Bəs qonorar almadın? O da: “Pulu alıb gəlirdim ki, dostum D-nı gördüm. Onun 4 uşağı, arvadı, özü də kirayədə yaşayır. Cibimdə də o qədər pul, vicdanım yol vermədi, ona, o birilərinə qonorarımı payladım. Onlara baxanda şükür Allaha, bizim yenə evimiz var”. Dedim- “Evimiz var, amma qapısı yaxşı halda deyil, axı biz mənzilin qapısını dəyişdirəcəkdik”.. . Qayıtdı ki, olsun da, oğrudan qorxursan? Oğru bilir, kimin evinə gedir. Zarafatla dedim: Yox, oğrudan qorxmuram, oğrudan utanıram, gələr, əliboş gedər, yanında biabır olarıq”.
Natiqlə adicə söhbət edəndə də, ondan nə isə öyrənirdin, nə isə götürürdün… Hərdən bəzi adamlara qulaq asanda, düşünürəm ki, bunların danışığı ancaq söz yığınıdır… Natiqin daxili aləmi çox zəngin idi. Yadımdadır, onun diplom işi ingilis yazıçısı Ceyms Oldriçin əsərlərinin təhlili idi. Bu əsərlər Azərbaycan dilinə tərcümə edilməmişdi. Natiq özü əsərlərdən hissələri Azərbaycan dilinə tərcümə etmiş və elə gözəl şərh etmişdi ki, auditoriyada iştirakedənlər heyranlıqlarını gizləyə bilməmişdilər. Adətən diplom işi 70-80 səhifə olurdu, Natiqin diplom işi isə 150 səhifədən ibarət idi. Diplom rəhbəri, professor çox israr etdi, xahiş belə etdi, bir az həcmini artır, gəl, namizədlik müdafiə et, Natiq razı olmadı: “Mən ingilis dilini bilmirəm, rus dilindən də ingilis yazıçısını tərcümə etmək düzgün deyil.” Düşünürəm ki, insanın özündən sonra yaxşı əməlləri, yaxşı işləri qalır. Təsadüfi deyil ki, Natiqin babası Mirzə Məmmədqulu dövrünün görkəmli ziyalılarından olub. Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin məktəbi”ndə pristavın dilmancı Mirzə Məmmədqulu obrazı onun prototipidir. O, həm də xeyriyyəçi idi. Atalar yaxşı deyib, ot kökü üstə bitər…
“Füzuli bizim içimizdədir”
Natiqlə dostu Ramiz Rövşən Füzuli şeirinin vurğunu idi. Demək olar ki, Füzulini əzbər bilirdilər. Bir dəfə illər öncə, bizim evdə Füzulidən xeyli danışdılar, arada mübahisə etdilər, qəzəllərini şərh etdilər, saatlarca Leyli və Məcnunu ayrı-ayrılıqda təhlil etdilər. Söhbət çox maraqlı idi, amma artıq gec olduğundan uşaqları o biri otağa yatmağa apardım. Amma necə oldusa, mən yuxuya getdim, uşaqlarsa oyaq qaldılar. Oyananda gördüm, Natiqgilin səsi gəlmir, uşaqlardan soruşdum ki, atagil necə oldular? Uşaqlar dedi:
– Ata deyirdi, Füzuli mənəm, Ramiz əmi deyirdi, Füzuli mənəm. Axırda qərara aldılar ki, Füzuli onların içindədir və çıxıb getdilər.
Uşaqların sadəlövh görkəmləriylə uyuşmayan, əslində böyük həqiqətləri ifadə edən sözlərinə qulaq asdıqca öz-özümə xeyli güldüm.
“Bizi barışdırmağa gəlmişdiz, yoxsa…”
Natiqin dostlarından biri də Vidadi idi. (Ədəbi aləmdə məşhur olan tənqidçi, yazar Vidadi Məmmədov) Çox baməzə adam idi. Bir gün Natiqə zəng vurub deyir ki, bəs arvadla nə vaxtdır küsmüşük, ailəni də götür gəl bizə, bəlkə bizi barışdıra bildiz. Biz də axşam uşaqları da götürüb onlara getdik. Vidadigil həyət evində olurdular, ər-arvad stolu evdən çıxarıb həyətdə süfrə açdılar, yemək gətirdilər. Biz də gördük, öz aralarında danışırlar, daha söhbəti açmadıq, fikirləşdik, yaxşı deyil, ta özləri barışıblar. Bir az da söhbət edib, “gecdir, daha biz gedək”, – deyib yola düzəldik. Vidadi də bizi dayanacağa qədər yola saldı. Natiq deyir, səhər işə elə yenicə çatmışdım ki, Vidadi zəng vurdu:
– Ə yekə kişisən, dünən gəlmişdiniz bizi barışdırmağa, ya qreçka ilə kotlet yeməyə?
“Burdayam, heç narahat olmayın”
70-ci illər idi. Vidadinin televizoru olmadığından Olimpiya oyunlarına baxmaq üçün hər gün bizə gəlirdi. Hər gələndə də bir balon meyvə şirəsi gətirirdi. Ona nə qədər: “Evdə balon əlindən tərpənmək olmur, həm də artıq xərcdir”, deyirdiksə, o da “Sizin acığınıza gətirəcəyəm, öz yerli şirəmizdi, için də” deyə sözümüzü qulaqardına vururdu. Bir gün yenə işdən evə gəlirdik, pilləkəndə qonşu qadınla rastlaşdıq. Qadın dedi:
– Natiq, biz az əvvəl dostun gəlmişdi, evdə olmadığınızı görüb getdi.
Birdən alt mərtəbədən Vidadinin səsi gəldi:
– Sevinməyin, getməmişəm, burdayam! Narahat olmayın, təzə balon da burda, yanımdadır!
“Mənim də əynim sevindi”
Natiqin ölçüləri kiçik olduğundan ona kostyum tapmaq müşkül idi. Dostu Vidadi Məmmədovla demək olar ki, ölçüləri eyni idi. Bir gün Vidadi Məmmədov Natiqə deyir:
– Univermağa yaxşı bir kostyum gəlib, düz bizim əynimizə görədir. Özüm üçün almağa gedirəm, istəyirsən, 70 manat ver, sənin üçün də alım.
Vidadi Məmmədov istedadlı olduğu qədər də baməzə adam idi, Natiq onun xasiyyətini bildiyindən şübhələnir, amma bir söz demir, pulu verir. Xoşbəxtlikdən həmin gün qonorar günü imiş.
Sabahısı gün Vidadi kostyumu alıb gətirir. Natiq də sevincək təzə kostyumunu geyinib işə gedir. İş yoldaşlarından biri:
– Natiq, kostyumun mübarək! – deyir, – Vidadi alıb?
– Hə, hardan bildin?
– Bunu təkcə mən yox, bütün kollektiv bilir. Bəs xəbərin var, Vidadi onları hardan alıb?
– Univermaqdan alıb, 70 manata – Natiq deyir.
İş yoldaşı gülür:
– Vidadi yenə məzələnib, bu kostyumu univermaqdan yox, “Detskiy mir”dən, uşaq geyimləri bölməsindən alıb. Özü də 35 manata.
Natiq kostyumun uşaq geyimləri mağazasından alındığını eşidib qəzəblənir. Tez Vidadini axtarıb tapır. Vidadi onu görən kimi məsələni başa düşür:
– Ay Natiq, univermaqda bu kostyum doğrudan da 70 manatadır, nə fərqi var, hardan alınıb. Əsas odur ki, əynimizə yaxşı oturur.
Natiq nəsə demək istəyirdi ki, Vidadi tez-tələsik yazıq görkəmlə deyir:
– Yaxşı, bir də eləmərəm.
Natiqi gülmək tutur. Vidadi hər şeyin yaxşı qurtardığını görüb sevincək deyir:
– Zato sənin hesabına mənim də əynim sevindi!
Unudulmayan kitab və “kapitan”
Radioda Bəhram Gözəlov adlı çox savadlı bir jurnalist vardı. Bəhram müəllim savadlı olduğu qədər də həddən artıq ağır xasiyyətli adam idi. Onu Natiqlə birləşdirən hər ikisinin dünya ədəbiyyatı haqqındakı bilgiləri idi. Hər ikisi dünya ədəbiyyatını gözəl bilirdi… Oxumadıqları kitab yox idi, bəzən o qədər mübahisə edərdilər ki, kənardan baxan elə bilərdi onlar bir daha bir araya gəlməzlər…
Natiq hər həftənin şənbə və bazar günləri mütləq bukinistlərə baş çəkir, tapılmayan kitabları alıb evə gətirirdi. Bəhram müəllimlə də radiodan çox, bukinist olan yerlərdə qarşılaşırdı. O vaxt bukinistlərə kitab satmağa icazə verilmirdi, onlar da tez-tez yerlərini dəyişməli olurdular. Bəhram müəllim də, Natiq də onları axtara-axtara gəlib bir yerdə rastlaşardılar…
Aldıqları kitabları da bəzən bir-birinə oxumağa verib, sonra geri alırdılar. Sonralar Natiq radiodan getdi, amma yenə də Bəhram müəllimlə görüşəndə köhnə vərdişlərini davam etdirirdilər…
Bir gün Natiq çox təlaşla gəlib evdə bütün kitablarını ələk-fələk elədi. Soruşdum ki, nə axtarırsan? Dedi ki, Bəhram müəllimin kitabını itirmişəm, nə qədər yadıma salıram, yadıma düşmür. Bilmirəm kimə vermişəm.
Dedim bəlkə heç dediyi kitabı sənə verməyib. Çünki Natiq kitab barədə çox səliqəli idi.
Natiq çox düşündü, dedi özünə də demişəm, bəlkə mənə verməmisiniz? Deyir, yox ki, yox, kitab səndədir, qaytar. Xasiyyəti də xasiyyət deyil ki…
Sabahkı gün evə çox əsəbi gəldi. Dedi bu gün bu kişi məni nə qədər stresə saldı.
O vaxt Natiq artıq “Yazıçı” nəşriyyatında işləyirdi. Nəşriyyat da “Azərbaycan” kinoteatrının yaxınlığında idi. Natiq deyir səhər işə gələndə uzaqdan gördüm Bəhram müəllim “Əhməd hardadır?” filmindəki kapitan kimi kəsdirib nəşriyyatın qabağını. Fikirləşdim ki, bu kişi əlçəkən deyil, kitab, kitab deyə canımı alacaq, yaxşısı budur gedim “Prodmaq”da qəlyanaltı edim, vaxt keçsin, bu kişi də o vaxta kimi çıxıb gedər… (O vaxt “Prodmaq” deyilən ən böyük mağaza vardı, nəşriyyata çox yaxın idi.)
Bir saatdan çox “Prodmaq”da oturdum, çay içdim, siqaret çəkdim, gəldim gördüm yox e, hara gedir, nəşriyyatın qabağında var-gəl edir. İşlərim də tökülüb qalıb, başladım addımlarını saymağa, kişi dönən kimi ildırım sürətilə qaçıb nəşriyyata girdim…
Başım işə qarışdığından iş vaxtının bitdiyindən xəbərim yox idi. Bəhram müəllim də yadımdan çıxmışdı, nəşriyyatdan çıxmaq istəyirdim ki, gördüm Bəhram müəllim hələ də var-gəl edir… Bu dəfə də addımlarını sayıb əks tərəfə götürüldüm…
“O biri tayı da yarımcandır”
Bir gün dostlarından biri Natiqə xaricdən “krokodil” dərisindən ayaqqabı gətirmişdi. Natiq, ümumiyyətlə, geyim həvəskarı deyildi, belə şeylərə heç fikir də verməzdi. Amma bu ayaqqabı çox xoşuna gəlmişdi. Günlərin bir günü Natiq təzə ayaqqabılarını geyinib dostu Ramiz Rövşəngilə qonaq gedir. R. Rövşən o vaxt Əmircanda olurdu. Natiq ayaqqabılarını həyətdə çıxarıb, evə daxil olur. Axşam evə gəlməyə hazırlaşanda isə nə qədər axtarırlarsa, ayaqqabı tapılmır. Ramiz öz ayaqqabılarından Natiqə verir, deyir ki, həyət qaranlıqdır, tapa bilmirik, səhər yenə axtararıq. Natiq də böyük ölçülü ayaqqabılar ayağında, birtəhər gəlib evə çıxır.
Sabahısı gün Ramiz zəng vurub deyir : – Ay Natiq, ayaqqabılarını tapmışıq.
Natiq sevincək soruşur:
– Hardan?
– Həyətin o biri başından. İt bir tayını yeyib, “krokodil” çox xoşuna gəlib, o biri tayı da “yarımcandır”.
“O da fişəngin badına getmişdi”
1979-cu il idi. Natiq dostu, dilçi-alim Kamil Vəliyevlə balkonun şüşəbəndində oturub çay içir, tərcümə etdiyi “Az i ya” əsərini müzakirə edirdilər. Həyətdən də toy səsi gəlirdi; gəlin aparırdılar, fişəng atırdılar, tüstü aləmi bürümüşdü, səs-küydən qulaq tutulurdu. Birdən fişəngin biri bizim balkondan içəri düşdü və alışıb-yanmağa başladı. Bir göz qırpımda həyətdəkilər tökülüb gəldilər, yanğını birtəhər söndürdülər. Divarda ağır metal parçası ilişib qalmışdı, Natiqlə Kamil müəllim hələ də özlərinə gələ bilmirdilər. Fişəng onların düz başlarının üstündən keçib getmişdi. Kamil müəllim handan- hana özünə gəlib dedi:
– Allaha çox şükür, yaxşı qurtardıq, var-dövlətdən bizim bu qiymətli başımızdan başqa heç nəyimiz yoxdu, o da fişəngin badına getmişdi…
“Ya həddən artıq böyük olur, ya həddən artıq kiçik”
Bir gün tolkuçkada Natiqin əyninə pijama gördüm, çox xoşuma gəldi, almaq istəyəndə satıcı dedi ki, bu açıq haldadır, gəlin, sizə bağlı olanı verim. Mən razılaşdım, pijamanı alıb evə gətirdim. Natiq o biri otağa keçib geyindi, birdən səsi gəldi – “Bu nədi belə?” Gəlib baxanda gözlərimə inanmadım. Pijama onun çiyninə qədər gəlib çıxmışdı. Satıcı kiçik ölçü əvəzinə böyük ölçü vermişdi. Natiq dedi ki, eybi yox, bu elə Şahbazın ölçüsüdür, ona hədiyyə apararam. (Şahbaz Xuduoğlu – Natiqin dostlarından yaşca ən kiçiyi və ömrünün son günlərinə qədər dostluq etdiyi, “Qanun” nəşrlər evinin direktoru). Sabahısı gün Natiq pijamanı işə aparır, stolun yeşiyinə qoyur və Şahbaza verməyi unudur. İş gününün axırında Şahbaz Natiqin otağına gəlir:
– Natiq müəllim, bu gün mənim ad günümdür, gəlin, gedək, bir balaca özümüz üçün qeyd edək.
Hədiyyənin təsadüfən yerinə düşməsi Natiqin ürəyincə olur, tez pijamanı çıxarıb Şahbaza təqdim edir. Şahbaz çox təəccüblənir:
– Natiq müəllim, axı mən heç kimə ad günüm olduğunu deməmişəm, siz hardan bildiniz?
Natiq:
– Məndə bir az öncəgörmə də var, bilmirdin? – deyir.
Şahbaz inanmaq istəyəndə Natiq əsəbiləşir:
– Əşi, mən hardan bilim, sən nə vaxt anadan olmusan? Bizim arvadın mənim üçün aldığı geyimlər ya həddən artıq böyük olur, ya da kiçik.
“Dəbə çatanda dəb qurtarır”
70-ci illərdə Natiqlə Moskvaya getmişdik. Geyim-gecimlə heç arası olmayan Natiqin mağazaları gəzməyə səbri yox idi, ona görə plan qurub dedi ki, həftənin bir günü – univermaq, qalan günlər isə muzey, stadion, sərgi və s. Mən dərhal: “Univermaqdan başlayaq” – dedim. Moskvada “QUM” deyilən univermaq vardı, sahəsi o qədər geniş idi ki, burda itən adamı tapmaq samanlıqda iynə axtarmağa bənzəyirdi, ona görə univermağa daxil olanlar bəri başdan birinci mərtəbədə yerləşən böyük fontanın yanında görüşmək üçün vədələşirdilər. Natiq dedi ki, mən burda gözləyirəm, get nə istəyirsən, al, gəl. O vaxt da “perlamutor” deyilən uzunboğaz çəkmələr dəbdə idi, şəhərdə çox az adamda bu çəkmələrdən vardı. Univermağı çox gəzdim, amma həmin çəkmələrdən tapmadım. Kor-peşman fontanın yanına, Natiqin məni gözlədiyi yerə gəldim. Natiq əhvalımın korlandığını görüb: “Gəl, muzeyə gedək, sonra yenə bura baş çəkərik”-dedi.
“Tretyakovski” muzeyi qeyri-adi gözəlliyi ilə məni valeh etdi. Xüsusilə bir şəkil indiyədək yadımdan çıxmır. Bu İlya Repinin “İvan Qroznı və oğlu İvan” əsəri idi. İvan Qroznı çomağıyla öz oğlunu vurub öldürür, oğlan yerə yıxılmış vəziyyətdə elə dəhşətlə baxırdı ki… Hələ İvan Qroznının gözləri elə canlı idi ki… Muzeyin işçisi dedi ki, Dağıstandan gəlmiş bir tamaşaçı bu mənzərədən elə sarsılıb ki, bir anlıq bunun bir rəsm əsəri olduğunu unudub, xəncərini çıxarıb İvan Qroznının ürəyinə saplayıb. Şəkli bərpa etsələr də, həmin xətt yenə də görünürdü… Muzeydən çıxanda Natiq dedi ki, vaxt keçəcək, sənin yadında univermaq qalacaq, ya muzey?..
Sonra sərgiyə getdik. Ordan bir oyuncaq ayı da aldıq, onunla birgə şəkil çəkdirdik. Amma hələ də gözlərimlə çox arzuladığım uzunboğaz çəkmələri axtarırdım. Birdən bir mağazanın yanından keçəndə vitrində həmin çəkmələrdən gördüm. Özümü içəri necə saldım, bilmirəm, amma Natiq içəri girəndə çəkmələr artıq ayağımda idi. Natiq mağazaya göz gəzdirib: Burdan ala bilmərik, bura univermaq deyil”-dedi. Çəkmələri geri qaytardı, dedi ki, pulumuz çatmır. Biz küçəyə çıxanda isə məsələni izah elədi: “Bura valyuta mağazasıdır, burada bütün mallar dollarla satılır və üstəlik, dolları hardan alması barədə sənəd tələb edilir.”
Sonralar Natiq həmişə deyərdi: “Zümrüd dəbi görən kimi arxasınca qaçır, qaçır, ona çatanda isə dəb qurtarır”.
“Gözəlliyi məhv etmək günahdır”
Natiqin özündən 20 yaş böyük qardaşı Abbas Səfərov hərbi həkim idi, o, Yaltada hərbi sanatoriyaya rəhbərlik edirdi. Abbas, çox ciddi, intizamlı, məsuliyyətli, bir qədər də sərt adam idi. Uzun illər Rusiyanın bir çox şəhərlərində işləmiş, axırda Krımda məskən salmışdı. Abbas rus dlində səlis danışırdı, diksiyası çox düzgün idi, heç ruslardan seçilmirdi. Azərbaycanca danışanda isə elə bilirdin, Naxçıvandan bu dəqiqə gəlib. Halbuki 70-ci illərdə o, artıq 30 ilə yaxın idi ki, Azərbaycandan çıxmışdı.
1971-ci ildə biz təzə evlənmişdik, Abbas bizi Yaltaya dəvət etdi. O, bizi şəhərin görməli yerlərinə aparır, katerlə Qara dənizi gəzdirir, “Botanika bağı” və s. ilə tanış edirdi. Bir gün də Abbas bizi “Ana abidəsi” deyilən parka apardı. Abidə çox gözəl idi, ana qucağını elə açmışdı ki, sanki hamıdan imdad diləyirdi, sanki o, dil açıb deyirdi ki, qoy həmişə sülh olsun, müharibə olmasın. Abidənin ətrafında, parkın içində zərif güllər, çiçəklər əkilmişdi, elə bil yerə xalı döşənmişdi. Gözümü bu gözəllikdən çəkə bilmirdim.
Natiq yavaşca mənə dedi:
– Yalandan de ki, o güllərdən dər ver mənə, görək Abbas nə deyəcək?
Dedim:
– Yox, yalan da olsa, demərəm.
Abbas öz aramızda danışdığımızı görüb soruşdu:
– Ə, Natiq, nolub?
Natiq qəsdən dedi:
– Əşi, heç nə, Zümrüd deyir ki, bu güllərdən bir dəstə dər, ver mənə.
Abbasın gözləri böyüdü:
– Doğrudan elə deyir? O, bilmir ki, dərmək olmaz?
Natiq
– Əşi, hardan bilir? Bu bakılıdır, gülü də həmişə mağazada görüb, burada isə əkilmiş vəziyyətdə birinci dəfədir, görür. Eybi yox, dəstə ilə yox, qoy bircəciyini dərim, yazıqdır, görmürsən, necə baxır?
Natq əyildi, guya gülü dərir. Abbas əlindən tutdu:
– Ay Natiq, bu nə işdi, tutursan? Bura sizin üçün Azərbaycan deyil, burda belə şey eləmək olmaz.
Natiq güldü:
– Qardaş, mən səninlə zarafat edirəm. Biz nə burda, nə də Azərbaycanda belə ədəbsizliyə yol vermərik. Bir də dünyanın harasında olursan ol, gözəlliyi məhv etmək günahdır.
Təndir
Olanları, keçənləri xatırlayanda qayınanam Xanım ananın siması gəlir durur gozümün önündə… Mən qayınanamla on üç il bir yerdə yaşamişam. Qayınanam həkim idi və mən gəlin gələndə o, ahıl vaxtlarını yaşayırdı… Qayınanam da qayınatam kimi təhsilini rus-tatar məktəbində almışdı. Qayınanam rus ədəbiyyatını gözəl bilirdi. Puşkinin, Lermontovun şeirlərini əzbərdən deyirdi… Qayınanam danışardi ki, o vaxt – keçən əsrin əvvəllərində birinci sinifdə oxuyanda imtahanda mənə “Luna” sözünün tərcüməsi düşdü. Mən bilmədim, nə cavab verəm. Uşaqlara baxdim, gordum, onlar əl işarəsi ilə yumru bir şey gostərirlər, fikirləşdim ki, yumru nə ola bilər görəsən, muəllim də cavab gözləyir, axırda “tapdim”: dedim “luna”, “təndir” deməkdir. Müəllimlər əvvəl bir-birlərinə baxdılar, sonra xeyli güldülər…
Qayınanam cox sadə, səmimi bir qadın idi. Bizdən üst mərtəbədə 40 il qonşuluq etdiyi rəfiqələri vardi, onlar da həkim idilər və gün ərzində onlar bizə, qayınanam da onlara gedərdi. Beləcə, gunlər ötüb keçirdi… Qayınanamın 10 uşagı olub və o, sonralar bir məqama diqqət yetirdiyini deyirdi; danışırdı ki, o vaxt uşaqların çoxu evdə dunyaya gəlirdi. Naxçıvanda onların yaşadığı qədimi evin otaqlarından biri “dualı otaq” idi. O otaqda – “dualı otaqda” anadan olan dörd uşaq sag qaldılar, o biri altı uşaq isə cox kiçik ikən dünyalarını dəyişdilər…
Həyatın qəribə işləri varmış…
“Kimə niyyət, kimə qismət”
Bir gün yazıçı N. bizə gəldi. Əlində də Moskvada rus dilində çapdan çıxmış kitab vardı. Kitabı Natiqə bağışladı, dedi ki, rus dilində bir kitabım da çıxmalıdır, Moskvadan nəşriyyatda mənə dedilər ki, gələn dəfə gələndə, əsəri tərcümə etdir, gətir. Çünki mən onları başa salana qədər onlar da əldən düşür, mən də. Hər cümləni onlara sözbəsöz izah edirəm. Məsəlçün, yerdə it şöngüyüb oturub. Mən bədbəxt bunu ruslara necə başa salım? Yerdə şöngümüş vəziyyətdə oturururam, yazıq-yazıq tərcüməçiyə baxıram, o da deyir, da, da, ya ponyala. Ya da “it kəsik-kəsik hürür”. Mən “ham” eləyrəm, dayanıram, yenə “ham” eləyirəm, ya da belə bir cümlə – “it quyruğunu bulaya-bulya çıxıb getdi”. Mən bulana-bulana gəzib göstərirəm. Tərcüməçi də birtəhər başa düşür. “İt ulayır”. O deyir “sobaka laet”? Mən deyirəm, yox, “laet” “hürür” – deməkdir, bu isə belə eləyir: “uuuuuuuuuuuuu”.
Tərcüməçi də birini başa düşür, birini düşmür. Birtəhər zülmlə, gün ərzində 8-9 saat “etüd” göstərirəm. O qədər yıxılıb-durururam ki, mehmanxanaya gələndə bütün əzəllərim ağrıyır. Natiq, sən Allah mənə kömək elə.
Natiq tərcümədə, yazı işində çox tələbkar idi. Dedi, sən özün bilirsən ki, mən rus dilindən Azərbaycan dilinə çevirirəm, Azərbaycan dilindən ruscaya yox. N. çox xahiş elədi, axırda Natiqi birtəhər razı saldı. Natiq dedi ki, heç vaxt Azərbaycan dilindən ruscaya tərcümə eləmədiyimə görə, vicdanım yol verməz ki, sətri tərcüməmi bədii tərcümə kimi təqdim edim. Ona görə də mənim tərcüməm sətri tərcümə kimi qəbul etsinlər, özləri bədiiləşdirərlər. Sətri tərcümənin qonorarı bədii tərcümədən qat-qat az idi, Natiq bunu bildiyi halda öz fikrindən dönmədi, gecə-gündüz çalışdı, əsəri rus dilinə tərcümə etdi. N. əsəri Moskvaya apardı, qayıdanda isə isə dedi ki, nəşriyyatda əsəri bədii tərcümə kimi qəbul etdilər, heç redaktəyə belə ehtiyac olmadı, azərbaycanlı bir gəncin rus dilini belə incəliyinə kimi bilməsinə, belə gözəl səviyyədə tərcümə etməsinə isə heyranlıqlarını gizləyə bilmədilər.
Natiq bu sözləri kompliment kimi qəbul etdi və əhəmyyət vermədi, dediyinin üstündə durdu. Bir müddətdən sonra kitab Moskvada rus dilində həm Natiqin, həm də ordakı tərcüməçinin imzasıyla çapdan çıxdı. Natiq gözlərinə inanmadı, necə tərcümə etmişdisə, olduğu kimi qalmışdı, bir söz belə dəyişilməmişdi. Qonorara gələndə isə Natiq sətri tərcümənin pulunu lap az miqdarda, Moskvadakı tərcüməçi isə heç bircə sətri də tərcümə etmədiyi halda, qat-qat artıq aldı. Necə deyərlər, kimə qismət, kimə niyyət.





















