image-7d5688d4731ad3adcd4d17394a6703dbbackend

Putinin türkcə danışan dili – Peskovun hekayəsi

image-ads-728x90

Rusiyada “pis xəbərlər sözçüsü” adlandırılan, övladları Qərbdə yaşayan, ailə biznesini müharibəyə “qurban” verən Kremlin mətbuat katibi “Persona”da…

Bütün prezidentlərin mətbuat katibləri demək olar ki, hər gün öz rəhbəri ilə təmasdadır. Cari hadisələr, dövlətin mövqeyi, prezidentin adından verilən bəyanatlar, təbii ki, əvvəlcədən razılaşdırılır, sonra ictimaiyyətə açıqlanır. Buna görə mətbuat katibləri prezidentləri ilə hər gün ünsiyyətdədir və dövlət başçılarının məsləhətlərini, təlimatlarını dinləmək məcburiyyətindədir. Nəzərə alsaq ki, müharibə aparan bir ölkədə iş daha çox olur, o zaman Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskovun həqiqətən də gecəsi-gündüzü yoxdur. Elə buna görə müsahibələrinin birində Peskov özünü yaxşı ata hesab etmədiyini bildirib. Onun sözlərinə görə, o, uşaqları ilə daha çox vaxt keçirməli idi: “Biz onların böyüməsində iştirak etməliyik”.

Ən azı beş ilə yaxındır ki, Kreml liderinin sözçüsü hər gün müxtəlif hadisələrə münasibət bildirməli olur. Belə desək, “başını qaşımağa belə vaxtı yoxdur”. Üstəlik, Putin kimi bir siyasətçinin mətbuat katibi olmaq hər diplomatın işi deyil. Bu mənada Peskov həqiqətən də peşəkar və məharətli adamdır ki, Putin onunla işləməyə davam edir.

Peskov Rusiya-Azərbaycan əlaqələrindən DANIŞDI | Modern.az

Ərəbcə öyrənəcəkdi, sonra…

Elə bu həftənin personasının Dmitri Peskov seçilməsi məhz bu kontekstdə maraqlıdır: görəsən, Rusiya liderinin qəlbini “fəth” edən Peskov kimdir…

Dmitri 17 oktyabr 1967-ci ildə Moskvada anadan olub. 1983-cü ildə Moskvadakı 1243 nömrəli xüsusi məktəbi bitirib. Orta məktəbi bitirdikdən sonra ikinci cəhddə Moskva Dövlət Universitetinin nəzdindəki Asiya və Afrika Ölkələri İnstitutuna daxil olub. 1989-cu ildə “tarixçi-şərqşünas, köməkçi-tərcüməçi” ixtisası üzrə institutu bitirib.

O, Rusiyanın Pakistandakı səfiri vəzifəsində çalışmış atası Sergey Peskovun təşviqi ilə ərəb dilini öyrənmək istəyirdi. Lakin universitetə qəbul imtahanında türk bölməsinə yönləndirilib. Ona görə də 1989-cu ildə Moskva Dövlət Universitetinin Afrika və Asiya Ölkələri İnstitutunun Türkologiya şöbəsini bitirib.

Bu xüsusda haşiyə çıxaraq deməliyəm ki, atası Sergey Nikolayeviç (1948-2014) də onun kimi diplomat olub. O, Sovet İttifaqının Pakistan və Omandakı səfiri vəzifəsində çalışıb, Liviyadan Qəzzaya qədər ərəb torpaqlarında SSRİ-ni təmsil edib.

Oğluna gəlincə, Dmitri alman, ingilis və türk dillərində sərbəst danışır. 2012-ci il mayın 22-dən Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini – Rusiya Federasiyası Prezidentinin mətbuat katibidir. Rusiya Federasiyasının 1-ci dərəcəli dövlət müşaviri vəzifəsini icra edir. Rusiya-Ukrayna müharibəsindən sonra Avropa İttifaqı, ABŞ, Kanada, Yaponiya, Böyük Britaniya və bir sıra digər ölkələr ona qarşı şəxsi sanksiyalar tətbiq edib.

Türkün hesabına yüksəliş

Maraqlıdır ki, Peskovu ölkəsində “pis xəbərlərin sözçüsü” adlandırırlar. Dmitrinin 1990-cı ildə diplomatik karyerasına başladığı məkan Ankara olub. Burada attaşe və üçüncü katib vəzifəsində çalışmış Peskov bildirib ki, o, SSRİ və Rusiya Federasiyasının Türkiyədəki səfiri Albert Çernışovla ölkənin hər qarışını gəzib. 1994-cü ildə o, Moskvaya getsə də, iki ildən sonra yenidən ikinci katib olaraq Ankaraya qayıdıb. Peskov burada birinci katibliyə qədər yüksəlib. Onun qızı Yelizaveta da Ankarada dünyaya göz açıb.

Onun Kremldə yüksəlişi də Türkiyə və türk dili sayəsində olub. Belə ki, 1999-cu ilin noyabrında Peskov İstanbulda keçirilən ATƏT-in iclasında RF prezidenti Boris Yeltsinin tərcüməçisi kimi iştirak edib. Bundan sonra KİV-lə əlaqələr departamentinə gətirilmək üçün Moskvaya çağırılıb və Vladimir Putin hakimiyyətə gəldikdən sonra da bu vəzifə ona həvalə edilib. 2000-2004-cü illərdə bu şöbənin müdiri, daha sonra iki müddətli prezidentlik və bir müddət baş nazirlik dövründə Vladimir Putinin mətbuat katibi olub.

Peskov “Putinin sağ əli” kimi tanındığı 20 il ərzində Rusiyanın ən mühüm böhranlarında Kremlin səsi olub: Litvinenko və Skripal işlərinə görə Böyük Britaniya ilə böhranlar, Rusiyanın Suriya vətəndaş müharibəsində rolu, Ukrayna böhranı və Krımın ilhaqı, Rusiyanın ABŞ-də 2016-cı il prezident seçkisində iştirakı ilə bağlı iddialar…

Peskov Kremlin sözçüsü olaraq bu kimi hadisələrin qarşısında “sipər” olub. O, öz işi ilə bağlı danışarkən bunları deyib: “Bəzən bir insanın məruz qala biləcəyi məlumatların miqdarı ilə maraqlanırıq. Bu, çox, çox çətin bir işdir”. Putin üçün gündəm xülasələrinin hazırlanmasına da cavabdeh olan Peskov deyir ki, Rusiya prezidenti avtomobil, təyyarə və ya helikopterdə diqqətlə hazırlanmış bu xülasələri nəzərdən keçirir.

Kreml sözçüsünün adı skandallara da qarışıb. Peskovun bu çərçivədə ilk qalmaqalı Britaniya mediasının gündəmə gətirdiyi Aleksey Navalnı və saat məsələsi olub. 2015-ci ildə üçüncü həyat yoldaşı ilə evlənən Peskov toyunda 397 min funt-sterlinq dəyərində İsveçrə brendi olan saat taxıb. Bu isə onun illik maaşından dörd dəfə çox idi.

Bununla yanaşı, onun həyat yoldaşı Tatyana Navka ilə bal ayı və daşınmaz əmlakı haqqında da çoxlu müzakirələr aparılıb. Onu da deməliyik ki, tennis, xizək sürməyi və qaçışı çox sevən Peskov bu günə qədər üç dəfə evlənib.

Peskov Bəşər Əsədlə bağlı suala cavab verməkdən imtina etdi

Üç arvad, qızı müharibə əleyhdarı…

Dmitri 1988-ci ildə Anastasiya Budyonnaya ilə ailə həyatı qurub. Cütlük məktəbdə tanış olub. Nikolay adlı yeganə övladı var. 1994-cü ildə Anastasiya boşanmaq qərarına gələrək Rusiyaya gedib. Həmin vaxt Peskov Türkiyədə işləyirdi. Kremlin sözçüsü 1994-cü ildə ikinci dəfə evlənmək qərarına gəlib və Yekaterina Solotsinskaya (1994-2012) ilə ailə qurub.

Onların Yelizaveta Peskova (Liza Peskova), Mika və Denis adlı üç övladı var. Cütlük 2012-ci ildə boşanmaq qərarına gəlib. İddialara görə, onların boşanmalarına səbəb elə Peskovun hazırkı həyat yoldaşı, olimpiya çempionu Tatyana Navkadır. Peskov həmin zaman Navka ilə maraqlanırmış və şayiələr doğru çıxır, onlar evlənirlər. Beləliklə, Peskov 2015-ci ildə Tatyana ilə üçüncü dəfə evlənib. Nə hikmətdirsə, Rusiyada rəhbər şəxslər idmançılarla münasibət qurmağa üstünlük verirlər. Navka həm Rusiya, həm də ABŞ vətəndaşlığına malikdir. Cütlüyün Nadya adlı bir qızı var.

Qəribə odur ki, Peskovun keçmiş arvadından olan qızı Yelizaveta Avropa Parlamentinin fransız üzvü olmuş, ifrat sağçı Aymerik Şopradın köməkçisi işləyib. 2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzündən sonra Yelizaveta İnstagram səhifəsində “Müharibəyə yox!” cümləsini paylaşıb, amma qısa müddət sonra onu silib. Kreml sözçüsünün oğlu Denis Parisdə yaşayır. Digər oğlu Nikolay isə Rusiyanın Strateji Raket Qüvvələrində keçmiş çağırışçıdır. 2017-ci ildə Nikolayın zəngin həyat tərzi Rusiyanın mərhum müxalif siyasətçisi Aleksey Navalnı tərəfindən tənqid edilib.

Biznesi sanksiya altında, babası Bakı komissarı

Peskovla birlikdə ailə üzvləri də ABŞ Maliyyə Nazirliyinin sanksiyası altına düşüb. Dövlət məmurunun varidatı isə ABŞ rəsmilərini belə təəccübləndirib. Kremlin baş sözçüsünün Moskva və Krımda bahalı mənzillərə sahib olduğu qeyd edilib.

Bundan başqa, xanımı Tatyana Navkanın ABŞ-də 10 milyon dollarlıq daşınmaz əmlaka sahib olduğu da ortaya çıxıb. Peskovun əvvəlki nikahdan doğulan oğlu Nikolay Peskovun isə sərəncamındakı şəxsi təyyarə, yaxtalar, bahalı avtomobillərlə lüks həyat tərzi keçirdiyi sənəddə vurğulanıb.

Yeri gəlmişkən, qızı Yelizaveta sanksiya ilə üzləşməsini ədalətsizlik adlandırmışdı. O, rabitə firmasının qurucusudur, beynəlxalq əlaqələr üzrə magistr dərəcəsinə malikdir. Onun dissertasiyası türk və iranlı lobbiçilərin ABŞ-nin xarici siyasətinin istiqamətinə təsirindən bəhs edir. ABŞ-yə görə, Yelizaveta ailəsinin hakimiyyətlə əlaqələrindən qazanc əldə edib. Ona qarşı sanksiyaların rəsmi elanında qeyd olunur ki, Yelizavetanın dəbdəbəli həyat tərzini nümayiş etdirdiyi sosial mediada on minlərlə izləyicisi var.

Şəcərəsinə gəldikdə, Dmitri Peskovun ana babası Yakov Zevin 1918-ci ildə güllələnmiş 26 Bakı komissarından biri olub. Yakov Zevin 1917-ci ildə yaranan Bakı kommunasında əmək üzrə xalq komissarı olub. Ölümündən sonra SSRİ rəhbəri Vladimir Lenin şəxsən onun dul qadınına Moskvada mənzil verib. Peskovun ulu babası vaxtilə Leninin həyat yoldaşı Nadejda Krupskaya ilə birlikdə Xalq Təhsil Komissarlığında işləyib və Lenin ailəsinin yaxın dostu hesab olunub.

Kəsəsi, Kreml sarayının soyuq divarları arasında və qaynar proseslər içərisində işləmək təsadüfi adamlara nəsib olmur…

Emil SALAMOĞLU,
“Yeni Müsavat”



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki