“Emin Əmrullayev müəllimləri, şagirdləri və tələbələri intellektsizlikdə ittiham edir. Yəqin ki, bunun üçün müəyyən əsasları var. Etiraz etmirəm. Sadəcə, kiçik bir təklifim var. Cənab nazir, gəlin bir dəfə də intellekt haqqında danışaq”.
Korrekt.az xəbər verir ki, bu çağırışla jurnalist Azər Rəşidoğlu çıxış edib.
O, Elm və Təhsil naziri Emin Əmrullayevi intellektual söhbətə dəvət edib:
“Mən sizdən cəmi bir müsahibə istəyirəm. Sizin qədər kitab oxuduğumu iddia etmərəm, amma mən də 1-2 kitabın üzünü açmışam. Düşünürəm ki, söhbətimiz maraqlı alına bilər.
Suallar əvvəlcədən göndərilməyəcək. Çünki intellektual söhbətin bir gözəlliyi də budur ki, insan yalnız hazırladığı cavablarla deyil, gözləmədiyi suallar qarşısında düşünmə qabiliyyəti ilə də görünür.
Suallarımız elm, təhsil və mədəniyyət haqqında olacaq. Nə siyasi polemika, nə də şəxsi ittiham. Sadəcə söhbət.
Bir az elm, bir az təhsil, bir az mədəniyyət və mümkün qədər çox düşüncə.
Razısınızsa, buyurun. Mikrofon məndə, cavablar sizdə…”





















