Rusiya Xarici İşlər naziri Sergey Lavrov, Vladimir Putin və Donald Tramp arasında planlaşdırılan sammitin pozulmasına səbəb olan uğursuz diplomatik danışıqlardan sonra Kremldə biabırçı vəziyyətə düşüb. Korrekt.az “Reuters”ə istinadən xəbər verir ki, Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə apardığı danışıqlarda nəticə əldə edə bilməyib.
Məlumata əsasən, noyabrın 5-də keçirilən Rusiya Təhlükəsizlik Şurasının iclasında Putin Lavrovu kəskin tənqid edib və Rusiyanın 1990-cı ildən bəri keçirmədiyi nüvə sınaqlarının bərpasına dair təkliflərin hazırlanmasını tapşırıb.
Eyni zamanda, Lavrov bu il keçiriləcək G20 sammitində Rusiya nümayəndə heyətinin rəhbəri statusunu da itirib. Kremlin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, nümayəndə heyətinə prezident administrasiyası rəhbərinin müavini Maksim Oreşkin başçılıq edəcək. Bu qərarı şəxsən Prezident Putin verib.
Putin bu il Cənubi Afrikada keçiriləcək G20 sammitinə qatılmayacaq. Xatırladaq ki, Cənubi Afrika Roma Statutunu imzalayan ölkə kimi Beynəlxalq Cinayət Məhkəməsinin Putinin həbsi barədə orderini yerinə yetirmək öhdəliyinə malikdir. Eyni səbəbdən Rusiya lideri 2025-ci ildə Braziliyadakı BRICS sammitinə də getməmək qərarına gəlib. 2022-ci ildə isə Putin Balidə keçirilən G20 sammitini buraxmış, həmin tədbirdə Rusiya nümayəndə heyətinə Lavrov rəhbərlik etmişdi.
Lavrov oktyabrın 21-də ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı zamanı Budapeştdə planlaşdırılan Putin-Tramp sammitinin şərtlərini müzakirə edib. Lakin danışıqlardan sonra Rubio Trampa görüşü ləğv etməyi tövsiyə edib. Nəticədə sammit baş tutmayıb və ABŞ “Rosneft” və “Lukoyl” şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq edib — bu, Trampın Ağ Evə qayıdışından sonra ilk sanksiya paketi olub.
Mənbələrin bildirdiyinə görə, sammitin pozulmasının əsas səbəbi Kremlin Ukraynada atəşkəsə razılıq verməməsi olub. Rubio ilə uğursuz söhbətdən sonra Lavrov yenidən Ukraynadakı “nasist rejimi” ifadəsini işlədib və “münaqişənin əsas səbəblərinin aradan qaldırılmasının” vacibliyini vurğulayıb. Onun sözlərinə görə, dərhal atəşkəs Ukraynanın böyük hissəsinin “nasist rejiminin nəzarətində qalmasına” gətirib çıxaracaq, Qərb isə Rusiyaya qarşı “terror xarakterli hücumları” davam etdirmək üçün Kiyevi yenidən silahlandıracaq.





















