image-1backend

İran-İraq müharibəsi: Səkkiz il davam edən və heç kəsin qalib gəlmədiyi savaş  

image-ads-728x90

22 sentyabr 1980-ci ildə İran və İraq arasında XX əsrin ən qanlı və dağıdıcı müharibələrindən biri başladı. Səkkiz il davam edən savaş yüz minlərlə insanın həyatına son qoydu, hər iki ölkənin iqtisadiyyatına yüz milyardlarla dollar zərər vurdu və sonda, demək olar ki, müharibədən əvvəlki status-kvonun bərpası ilə nəticələndi.

Müharibəyə aparan yol

İran-İraq qarşıdurmasının kökləri əsrlər əvvələ gedib çıxır. Osmanlı və Səfəvi dövlətləri arasında uzun müddət davam edən müharibələrdən sonra 1555-ci ildə imzalanan Amasya müqaviləsi iki imperiya arasındakı sərhədlərin əsasını qoydu. Sonrakı əsrlərdə sərhəd bir neçə dəfə dəyişsə də, tərəflər növbəti müqavilələrlə əvvəlki vəziyyətə yaxın xətti bərpa edirdilər.

Osmanlı imperiyasının süqutundan sonra yaranan İraq dövləti ilə İran arasındakı sərhəd də əsasən həmin tarixi xətt üzrə formalaşdı. İki ölkə arasındakı əsas mübahisə isə Dəclə və Fərat çaylarının qovuşmasından yaranan Şəttül-Ərəb çayı ilə bağlı idi.

Təxminən 195 kilometr uzunluğunda olan Şəttül-Ərəb Fars körfəzinə çıxış baxımından İraq üçün strateji əhəmiyyət daşıyırdı. Dənizə çıxışı cəmi 58 kilometr olan İraq bu su yolunun mümkün qədər böyük hissəsinə nəzarət etmək istəyirdi.

1937-ci ildə Böyük Britaniyanın təzyiqi ilə İran İraqla sərhədin Şəttül-Ərəbin şərq sahili boyunca keçməsinə və çayın akvatoriyasının böyük hissəsinin İraqa aid olmasına razılaşdı.

Lakin sonrakı onilliklərdə qüvvələr nisbəti dəyişdi. İran gücləndi, İraq isə siyasi qeyri-sabitlik və hərbi çevrilişlərlə zəiflədi. 1969-cu ildə şah Məhəmməd Rza Pəhləvi 1937-ci il razılaşmasından imtina edərək sərhədin çayın talveqi, yəni ən dərin hissəsi boyunca müəyyənləşdirilməsini tələb etdi.

Gərginlik artdı, sərhəd toqquşmaları başladı. İran İraqdakı kürd qruplarına dəstək verirdi. İraq isə İranın bu siyasətinə qarşı çıxırdı.

Nəhayət, 1975-ci ildə Əlcəzairdə İran şahı Məhəmməd Rza Pəhləvi ilə İraqın vitse-prezidenti Səddam Hüseyn arasında razılaşma əldə edildi. Əlcəzair sazişi ilə sərhədin Şəttül-Ərəb çayının talveqi boyunca keçməsi qəbul olundu.

Lakin bu razılaşma uzunmüddətli sülh gətirmədi.

İnqilab və dəyişən qüvvələr nisbəti

1970-ci illərdə həm İran, həm də İraq neft qiymətlərinin yüksəlməsindən böyük gəlirlər əldə edir, bu vəsaitlərin əhəmiyyətli hissəsini silahlanmaya yönəldirdilər.

İranda isə siyasi vəziyyət getdikcə gərginləşirdi. 1979-cu ildə İslam inqilabı nəticəsində şah devrildi və İran İslam Respublikası yaradıldı.

Həmin il İraqda da hakimiyyət dəyişdi və Səddam Hüseyn prezident oldu.

İranın yeni lideri ayətullah Ruhullah Xomeyni “İslam inqilabının ixracı” ideyasını irəli sürürdü. Əhalisinin əhəmiyyətli hissəsini şiələrin təşkil etdiyi İraq bu siyasətin əsas hədəflərindən biri idi.

Tehran İraqdakı şiələri Səddam Hüseynin dünyəvi BƏƏS rejiminə qarşı çıxmağa çağırırdı. Bu isə Bağdadda ciddi narahatlıq doğururdu.

Səddam Hüseyn digər tərəfdən İran inqilabının yaratdığı siyasi və hərbi qarışıqlığı diqqətlə izləyirdi. Şah rejiminin süqutundan sonra İran ordusunda kütləvi həbslər və edamlar həyata keçirilmiş, çox sayda zabit ölkəni tərk etmişdi. Ordu zəifləmiş, ölkə isə beynəlxalq embarqoya məruz qalmışdı.

Səddam bütün bunları İran üzərində sürətli hərbi qələbə üçün əlverişli şərait kimi qiymətləndirdi.

22 sentyabr 1980: müharibə başlayır

1980-ci ilin yayında sərhəd toqquşmaları intensivləşdi. Sentyabrın 17-də Səddam Hüseyn Əlcəzair sazişindən imtina etdiyini elan etdi.

Beş gün sonra, 22 sentyabr 1980-ci ildə İraq ordusu İran ərazisinə daxil oldu və genişmiqyaslı müharibə başladı.

Bağdadın planı qısa müddətdə Kermanşah, Abadan, Əhvaz və Dezful şəhərlərini ələ keçirmək, Xuzistanda yaşayan ərəb əhalinin dəstəyini qazanmaq və Xomeyni hakimiyyətini sarsıtmaq idi.

Lakin hesablamalar özünü doğrultmadı.

İraq ordusu Xürrəmşəhrin ələ keçirilməsinə bir ay sərf etdi. Digər əsas şəhərlər isə heç vaxt tutulmadı. Xuzistan ərəbləri də iraqlıların gözlədiyi kimi kütləvi şəkildə Bağdadın tərəfinə keçmədilər.

Əksinə, İraqın müdaxiləsi İranda milli və dini səfərbərlik yaratdı.

İranın əks-hücumu

Müharibənin ilk aylarında İran ordusu ciddi problemlərlə üzləşsə də, ölkədə geniş könüllü səfərbərlik başladı. Həbs edilmiş peşəkar hərbçilərin bir hissəsi azad edilərək orduya qaytarıldı.

İran aviasiyası da İraq üzərində üstünlüyünü göstərməyə başladı. İraqın neft sənayesi obyektləri hədəfə alındı.

1980-ci il noyabrın 28-də İran Hərbi Dəniz və Hərbi Hava qüvvələrinin keçirdiyi “Mirvari” əməliyyatı zamanı İraqın Mina əl-Bəkr və Xor əl-Amiyə neft terminallarına zərbələr endirildi. Əməliyyat zamanı İraq donanmasının böyük hissəsinin sıradan çıxarıldığı bildirilir.

Bununla belə, müharibə qısa müddətdə başa çatmadı.

BMT Təhlükəsizlik Şurası 1980-ci ilin sentyabrında 479 saylı qətnamə ilə tərəfləri atəşkəsə və münaqişənin danışıqlar yolu ilə həllinə çağırdı. İraq qətnaməni qəbul etsə də, İran İraq qoşunları öz ərazisindən çıxarılmadan atəşkəsə razı olmadı.

1982: müharibənin dönüş nöqtəsi

1981-ci ilin sonlarında İran əks-hücumlara başladı. 1982-ci ilin yazında keçirilən əməliyyatlar nəticəsində İran işğal olunmuş ərazilərin böyük hissəsini geri qaytardı. May ayında Xürrəmşəhr də azad edildi.

Bu mərhələdə İraq artıq İran ərazisindəki mövqelərinin böyük hissəsini itirmişdi.

Səddam Hüseyn müharibənin dayandırılmasını təklif etdi. Bağdad Əlcəzair sazişinin yenidən qüvvəyə minməsinə və hətta İraqın təcavüzkar tərəf olduğunu qəbul etməyə hazır olduğunu bildirdi.

İran rəhbərliyində bu təkliflə bağlı fikir ayrılığı yarandı. Bəzi yüksək vəzifəli şəxslər müharibənin dayandırılmasının tərəfdarı idi. Onlar ölkənin ağır iqtisadi vəziyyətini və uzunmüddətli müharibənin yaratdığı riskləri əsas gətirirdilər.

Lakin Xomeyni müharibənin davam etdirilməsinə üstünlük verdi.

Beləliklə, İran artıq öz ərazisini müdafiə etməkdən çıxaraq müharibəni İraq ərazisinə keçirdi.

“Ramazan” əməliyyatı və uğursuz hücumlar

1982-ci ilin iyulunda İran ordusu “Ramazan” əməliyyatına başladı. Məqsəd Bəsrəni və Kərkükü ələ keçirmək, daha sonra isə şərait yaranacağı təqdirdə Bağdada doğru irəliləmək idi.

İran qüvvələri müəyyən əraziləri ələ keçirsə də, əsas məqsədlərinə çata bilmədilər.

Sonrakı illərdə İran onlarla hücum əməliyyatı keçirdi. Onların bir qismi müəyyən taktiki nəticələr versə də, heç biri müharibənin taleyini dəyişəcək strateji qələbə ilə nəticələnmədi.

İraq isə getdikcə daha çox xarici dəstək almağa başladı.

Dünya müharibəyə qoşulur

İranın üstünlüyü əldə etməsi region dövlətlərini və böyük gücləri narahat edirdi.

Səudiyyə Ərəbistanı, Küveyt və digər ərəb ölkələri İraqa maliyyə dəstəyi göstərirdilər. SSRİ Bağdadın əsas silah təchizatçılarından birinə çevrildi. Fransa da İraqa döyüş təyyarələri, helikopterlər və raketlər satırdı.

ABŞ 1980-ci illərin əvvəllərindən etibarən İraqla münasibətlərini yaxşılaşdırmağa başladı.

İran isə beynəlxalq təcrid və silah embarqosu ilə üzləşmişdi. Tehran silah və ehtiyat hissələrini əsasən Çin, Şimali Koreya, Suriya və Liviyadan əldə edə bilirdi.

Bununla belə, bəzi dövlətlər hər iki tərəfə silah satırdı. Müharibə zamanı İran və İraqın hərbi ehtiyacları beynəlxalq silah bazarında böyük iqtisadi dövriyyə yaratmışdı.

“Tanker müharibəsi” və “şəhərlər müharibəsi”

1984-cü ildən etibarən müharibə yeni mərhələyə keçdi.

Tərəflər qarşı tərəfin neft ixracını və iqtisadi infrastrukturunu hədəfə almağa başladılar. Fars körfəzində neft tankerlərinə hücumların artması “tanker müharibəsi”, şəhərlərə raket və aviasiya zərbələrinin intensivləşməsi isə “şəhərlər müharibəsi” adlandırıldı.

Bu mərhələdə ABŞ Hərbi Dəniz Qüvvələri də Fars körfəzində fəallaşdı.

Kimyəvi silah faciəsi

Müharibənin ən dəhşətli səhifələrindən biri İraqın kimyəvi silahdan istifadə etməsi oldu.

İraq qüvvələri iprit, tabun, zarin və digər zəhərli maddələrdən istifadə edirdi. Kimyəvi silah təkcə cəbhədə deyil, bəzi hallarda yaşayış məntəqələrinə qarşı da tətbiq olunurdu.

1988-ci ilin martında İraqın Hələbcə şəhərinə kimyəvi hücum nəticəsində təxminən 5 min insan həlak oldu, minlərlə insan isə zəhərlənərək müxtəlif xəstəliklərə məruz qaldı.

Kimyəvi silahdan istifadə beynəlxalq səviyyədə geniş şəkildə pislənsə də, həmin dövrdə İraq rejiminə qarşı təsirli tədbirlər görülmədi.

Fao yarımadası və müharibənin son mərhələsi

1986-cı ilin fevralında İran müharibə ərzində ən böyük uğurlarından birinə nail olaraq Fao yarımadasını ələ keçirdi.

Lakin 1988-ci ildə vəziyyət kəskin şəkildə dəyişdi. İraq ordusu yenidən təşkil olundu, daha çox silah və maliyyə aldı və İranın zəifləmiş qüvvələrinə qarşı ardıcıl hücumlara başladı.

İranın iqtisadi vəziyyəti də son dərəcə ağırlaşmışdı. Neftin qiymətinin kəskin düşməsi, müharibə xərcləri və uzunmüddətli embarqo ölkənin resurslarını tükəndirmişdi.

İran cəmiyyətində də müharibə yorğunluğu artırdı. Könüllülərin sayının azalması, hərbi xidmətə çağırışdan yayınma hallarının artması və iqtisadi problemlər Tehran üçün ciddi siqnallara çevrilmişdi.

Nəhayət, İran rəhbərliyi müharibəni davam etdirmək imkanlarının tükəndiyini qəbul etdi.

“Zəhər içməkdən daha ağır qərar”

1988-ci ilin iyulunda İran BMT Təhlükəsizlik Şurasının 598 saylı qətnaməsini qəbul etdiyini açıqladı.

Ayətullah Xomeyni qərarı açıqlayarkən müharibəni dayandırmağı qəbul etməsini son dərəcə ağır qərar kimi təqdim etdi.

Atəşkəs 1988-ci il avqustun 20-də qüvvəyə mindi.

Səkkiz il davam edən müharibə başa çatdı.

Heç kəs qalib gəlmədi

İran-İraq müharibəsinin ən mühüm nəticəsi ondan ibarət oldu ki, tərəflərdən heç biri əsas strateji məqsədinə çata bilmədi.

İraq İranı məğlub edə və ərazi iddialarını reallaşdıra bilmədi. İran isə Səddam Hüseyn rejimini devirə və İraqda özünə uyğun siyasi sistem yarada bilmədi.

Şəttül-Ərəb məsələsində də müharibədən əvvəlki vəziyyətə yaxın status-kvo bərpa edildi.

İnsan itkilərinin dəqiq sayı bu günə qədər mübahisəlidir. Müxtəlif hesablamalara görə, yüz minlərlə insan həlak olub, daha böyük sayda insan yaralanıb və ya əlil qalıb.

İqtisadi itkilər isə yüz milyardlarla dollarla ölçülür. Müharibə nəticəsində İraq böyük xarici borca düşdü, İranın isə sənaye və hərbi infrastrukturu ciddi zərər gördü.

İraqın müharibədən sonrakı ağır maliyyə vəziyyəti sonradan Səddam Hüseynin Küveytə qarşı siyasətinə təsir edən amillərdən biri oldu. 1990-cı ildə İraqın Küveytə müdaxiləsi isə yeni və daha böyük regional böhrana yol açdı.

İran isə müharibədən sonra daha praqmatik xarici siyasət yürütməyə və beynəlxalq təcriddən çıxmağa çalışdı.

Səkkiz il davam edən İran-İraq müharibəsi beləcə başladıqları nöqtəyə yaxın bir nəticə ilə başa çatdı: sərhədlər əsasən dəyişmədi, hakimiyyətlər yerində qaldı, lakin iki ölkə yüz minlərlə insanını və nəhəng maliyyə resurslarını itirdi.

Bu mənada müharibənin ən ağır nəticəsi hər iki tərəfin qazandığı deyil, itirdiyi idi.

Yadigar Sadıqlı



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki