2030-cu ilədək Bakı metrosuna 10 yeni stansiyanın əlavə edilməsi, xətlərin təxminən 20 kilometr uzadılması nəzərdə tutulur. Yeni stansiyaların istifadəyə verilməsi paytaxtda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sərnişin sıxlığının və yollardakı tıxacların azaldılmasına da təsir göstərə bilər.
2025–2030-cu illəri əhatə edən Dövlət Proqramına əsasən, yeni stansiyalardan 6-sı Bənövşəyi, 4-ü isə Yaşıl xətt üzrə inşa ediləcək.
“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, Bənövşəyi xəttin 5-ci stansiyasının 2026-cı ildə tamamlanması nəzərdə tutulur. Cəlil Məmmədquluzadə küçəsində yerləşən, layihə adı “B-04” olan stansiya Nazirlər Kabinetinin 4 sentyabr 2026-cı il tarixli qərarı ilə “20 Sentyabr” adlandırılıb. Hazırda stansiyada tikinti işləri son tamamlama mərhələsindədir, memarlıq tərtibatı və abadlaşdırma işləri davam etdirilir. Digər 9 stansiyanın layihələndirmə işləri də yekunlaşmaq üzrədir.
Qurumdan bildirilib ki, avqustun 15-dən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılıb. İşlərin təxminən 11 ay davam etməsi planlaşdırılır. Təxminən 200 metrlik tunelin inşası ilə əlaqədar xətlər üzrə müstəqil hərəkət qrafikləri tətbiq edilib. Hazırda Yaşıl xətt üzrə qatarlararası interval 3 dəqiqə 30 saniyə, Qırmızı xətt üzrə isə 2 dəqiqə 30 saniyə təşkil edir.
Sərnişin sıxlığının azaldılması üçün qatarlararası intervalların daha da qısaldılması imkanları araşdırılır. Eyni zamanda, stansiyalardakı videomüşahidə sistemlərindən əldə olunan məlumatların süni intellekt vasitəsilə təhlili üçün həllər hazırlanır. Bu texnologiyaların sərnişin axınının və sıxlıq səviyyəsinin operativ qiymətləndirilməsinə, eləcə də mövcud resurslardan daha səmərəli istifadəyə imkan verəcəyi gözlənilir.
Mövzu ilə bağlı danışan nəqliyyat eksperti Ərşad Hüseynov isə Bakı metropoliteninin genişləndirilməsinin zəruri olduğunu bildirib.
Onun sözlərinə görə, yeni stansiyaların tikintisi ilə yanaşı, mövcud infrastrukturun tam gücü ilə işləməsi də təmin edilməlidir. Bunun üçün Dərnəgəl və Xocəsən depolarında nəzərdə tutulan işlər tamamlanmalı, xətlərin müstəqil fəaliyyəti üçün zəruri şərait yaradılmalıdır.
Ekspert hesab edir ki, ümumilikdə, 2030-cu ilədək nəzərdə tutulan 10 stansiyanın açılması ictimai nəqliyyatda sərnişin yükünün bölüşdürülməsinə, avtobus marşrutlarının yükünün və bəzi istiqamətlərdə yol sıxlığının azalmasına kömək edə bilər. Xüsusilə Xətai, Günəşli və Əhmədli istiqamətlərindən şəhər mərkəzinə sərnişin daşımalarının yaxşılaşdırılması baxımından layihələrin əhəmiyyətini vurğulayıb.
Ə.Hüseynov metronun gələcək inkişafı ilə bağlı dairəvi xəttin yaradılmasını da vacib hesab edir. Onun fikrincə, Dərnəgül stansiyasından Sabunçu istiqamətinə, daha sonra Həzi Aslanov tərəfə yeni stansiyaların tikilməsi nəzərdən keçirilə bilər.
Ekspert Xırdalan istiqamətində yeni metro xəttinin çəkilməsini, həmçinin Sabunçu, Bakıxanov, Suraxanı, Qaradağ və Badamdar ərazilərinin metro şəbəkəsi ilə əhatə olunmasını gələcək inkişaf perspektivləri sırasında qeyd edib.
Onun sözlərinə görə, bu layihələrin reallaşması ayrılacaq investisiyalardan və metropolitenin texniki imkanlarından asılıdır. Bakı və Abşeron ərazisində əhalinin mobilliyini artırmaq, ictimai nəqliyyatın əlçatanlığını yaxşılaşdırmaq üçün metro şəbəkəsinin mərhələli şəkildə genişləndirilməsi vacibdir.//Modern.az





















