image-1backend

Azərbaycanda satılan mebellər burada hazırlanır – ŞOK statistika

image-ads-728x90

Azərbaycanda mebel və onun hissələrinin idxalına çəkilən xərc azalıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkəyə 87,85 milyon dollar dəyərində mebel və onun hissələri gətirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,2 faiz və ya 25 milyon dollar azdır.

İdxalın azalması yerli mebel istehsalının güclənməsi ilə bağlıdır, yoxsa əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi və bazarda tələbin azalması ilə əlaqədardır? Yerli istehsal idxalı əvəz edə bilirmi və bu dəyişiklik mebel qiymətlərinə necə təsir göstərir?

Attachment

İdxal-ixrac əməliyyatları üzrə mütəxəssis Rəhman Bayramov Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycanda mebel idxalının azalmasının əsas səbəblərindən biri yerli istehsalın əhəmiyyətli dərəcədə genişlənməsidir: “Son bir-iki ildə ölkəmizdə mebel istehsalı gözlə görünəcək, statistik rəqəmlərdə də hiss olunacaq dərəcədə artıb. Hazırda demək olar ki, hər ay yeni mebel sexləri və fabrikləri istifadəyə verilir. Mənim şirkətim idxal-ixrac əməliyyatları ilə məşğuldur və demək olar ki, hər ay yeni bir sahibkar mebel istehsalı dəzgahlarının idxalı ilə bağlı mənə müraciət edir.

Artıq bölgələrdə də kifayət qədər geniş mebel istehsalı müəssisələri fəaliyyət göstərir. Bu, Qarabağ bölgəsinə, Gəncəyə və ətraf ərazilərə, Bakıətrafı ərazilərə, eləcə də cənub zonasına, Lənkəran-Astara bölgəsinə aiddir. Həmin ərazilərdə kifayət qədər böyük mebel fabrikləri mövcuddur”.

Ekspert qeyd edib ki, son illərdə mebel sənayesinin və ümumilikdə istehsalın inkişafını stimullaşdırmaq məqsədilə gömrük sahəsində də bir sıra güzəştlər tətbiq olunur: “Məsələn, mebel istehsalı üçün nəzərdə tutulan dəzgahlar, mebel hissələrinin kəsilməsində istifadə olunan mişarlar, CNC dəzgahları, mebel lövhələrinin preslənməsi üçün avadanlıqlar idxal rüsumundan və əlavə dəyər vergisindən azad edilir. Bu güzəştlər sahibkarlarda maraq yaradır, onları həmin avadanlıqları ölkəyə gətirməyə, yeni istehsal sahələri açmağa və fəaliyyətlərini genişləndirməyə təşviq edir.

Bundan əlavə, mebel istehsalında istifadə olunan bir sıra mexanizmlərin, o cümlədən mətbəx mebellərindəki relslərin idxalı da gömrük rüsumundan azaddır. Bu məhsullar əlavə dəyər vergisinə cəlb olunur. Belə güzəştlər də yerli istehsalın artımına stimul verir, sahibkarlar üçün iqtisadi maraq yaradır.

Qarabağ bölgəsində fəaliyyət göstərən istehsalçılar üçün də xüsusi güzəştlər nəzərdə tutulur. İdxal rüsumları və vergilərlə bağlı azadolmalar sahibkarların istehsala marağını artırır və nəticədə yerli istehsalın genişlənməsinə şərait yaradır”.

Rəhman Babayevin sözlərinə görə, digər mühüm məqam mebel istehsalında istifadə olunan xammalın maya dəyəri ilə bağlıdır: “Əsas xammal və materialların, o cümlədən taxta materialların bir hissəsi Rusiyadan idxal olunur. Azərbaycanla Rusiya arasında qüvvədə olan azad ticarət rejimi çərçivəsində müvafiq mallar idxal rüsumundan azad edilə bilər. Məsələn, mebel istehsalı üçün Rusiyadan MDF lövhələri gətirildikdə müvafiq şərtlər daxilində idxal rüsumu tutulmur, əlavə dəyər vergisi isə ödənilir. Bu da məhsulun maya dəyərinin aşağı düşməsinə imkan yaradır.

Nəticədə yerli istehsal olan mebelin maya dəyəri və satış qiyməti xaricdən gətirilən hazır mebellərlə müqayisədə daha aşağı ola bilir. Xüsusilə Türkiyədən və Avropa ölkələrindən idxal olunan hazır mebellər bir çox hallarda yerli məhsullardan baha başa gəlir. Əhalinin böyük hissəsi isə maddi imkanlarına uyğun olaraq daha münasib qiymətə mebel almağa üstünlük verir. Bu səbəbdən yerli məhsullara tələbat artır.

Lakin yerli istehsalın daha ucuz olması onun keyfiyyətinin aşağı olması demək deyil. Əlbəttə, yerli bazarda keyfiyyəti aşağı olan mebellər də var. Bununla yanaşı, yüksək, hətta premium keyfiyyətli yerli istehsal məhsulları da mövcuddur. Belə mebellər bir çox hallarda idxal olunan məhsullarla rəqabət aparır, hətta onları üstələyir. Bütün bunların nəticəsi idxal statistikasında da özünü göstərir. Ölkəyə gətirilən hazır mebellərin və mebel hissələrinin həcminin azalması ilk növbədə yerli istehsalın genişlənməsi ilə əlaqələndirilə bilər. Bu, əhalinin alıcılıq qabiliyyətinin mütləq şəkildə aşağı düşməsi demək deyil. Mənim müşahidələrimə görə, alıcı tələbatı əvvəlki səviyyədə qalır, sadəcə olaraq yerli istehsal bazarda daha geniş yer tutur.

Şirkətim mebel istehsalı dəzgahlarının idxalı ilə məşğul olduğundan, mütəmadi olaraq mebel fabriklərinin sahibləri ilə ünsiyyətdə oluram. Bu təcrübəyə əsaslanaraq əminliklə deyə bilərəm ki, Azərbaycanda mebel istehsalı kifayət qədər geniş yayılıb və yerli müəssisələr daxili bazarın tələbatını əhəmiyyətli dərəcədə ödəmək imkanına malikdirlər. Hətta hazırda Azərbaycanda istehsal olunan qapılar Avropaya və digər ölkələrə ixrac edilir. Yerli istehsal olan bəzi mebel hissələrinin də xarici bazarlara çıxarılması həyata keçirilir. Bu, yerli istehsalın yalnız daxili bazarı təmin etməklə məhdudlaşmadığını, ixrac imkanlarının da olduğunu göstərir”.

Sahibkar onu da vurğulayıb ki, mebel istehsalı və digər avadanlıqların idxalına tətbiq olunan güzəştlər müvafiq normativ sənədlərlə tənzimlənir: “2023-cü ildə imzalanmış qərar əsasında bir sıra mebel istehsalı dəzgahları idxal rüsumundan və əlavə dəyər vergisindən azad edilib. Bu azadolmalar sahibkarların istehsal sahələri açmağa və mövcud müəssisələri genişləndirməyə marağını artırıb. Mənim qənaətimə görə, həmin güzəştlərdən sonra Azərbaycanda mebel istehsalında əhəmiyyətli artım müşahidə olunub”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki