Yükü olmayan gəmi adını və qeydiyyatını dəyişərək Rusiya bayrağı altına keçib. ABŞ isə Atlantik okeanında Rusiyanın “kölgə donanması”na qarşı mübarizə çərçivəsində təqibi davam etdirir.
Rusiya ABŞ Sahil Mühafizəsi tərəfindən təqib edilən neft tankerini müşayiət etmək üçün sualtı qayıq və digər hərbi gəmilər cəlb edib. Korrekt.az xəbər verir ki, bu barədə The Wall Street Journal amerikalı rəsmi mənbələrə istinadən məlumat yayıb.
Söhbət əvvəllər Bella 1 adlanan tankerdən gedir. Nəşrin yazdığına görə, gəmi Venesuela limanlarına daxil olaraq neft yükləyə bilməyib və hazırda boş vəziyyətdədir. Buna baxmayaraq, ABŞ Sahil Mühafizəsi onu qanunsuz neft daşımaları ilə məşğul olan, o cümlədən Rusiya mənşəli nefti daşıyan “kölgə donanması”na qarşı genişmiqyaslı əməliyyat çərçivəsində təqib etməyə başlayıb.
Dekabr ayında tanker heyəti amerikalı hərbçilərin gəmiyə çıxmaq cəhdinin qarşısını alıb. Bundan sonra tanker açıq dənizə çıxıb, gövdəsinə Rusiya bayrağı çəkib, adını və qeydiyyatını dəyişərək Marinera adını alıb və faktiki olaraq Rusiya mənsubiyyətini elan edib.
The Wall Street Journal yazır ki, Rusiya ABŞ-ın dünya üzrə onun qaçaq neft daşıyan tankerlərini saxlamasından və bunun ölkə iqtisadiyyatına təsir etməsindən ciddi narahatdır. Buna cavab olaraq Moskva presedentsiz addım ataraq tankerlərdən birinə heç bir yoxlama və rəsmi prosedur olmadan Rusiya qeydiyyatına keçməyə icazə verib.
Üç amerikalı rəsmi şəxs Rusiyanın ABŞ-a rəsmi müraciət edərək tankerə qarşı təqibin dayandırılmasını tələb etdiyini təsdiqləyib. Rusiya Xarici İşlər Nazirliyi isə dövlət mediası vasitəsilə vəziyyəti “narahatlıqla” izlədiyini açıqlayıb.
Gəmilərin avtomatik identifikasiya sistemi (AIS) məlumatlarına əsasən, ABŞ Sahil Mühafizəsi Marinera tankerini Şərqi Atlantikdə müşayiət etməkdə davam edir. Hazırda tanker İslandiyanın cənubundan təxminən 480 kilometr məsafədə yerləşir və Rusiya limanı Murmansk istiqamətində – Şimal dənizinə doğru hərəkət edir.





















