Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşner arasında keçirilən görüş başa çatıb. Danışıqların yekununda həm mümkün sülh razılaşması, həm də müharibənin ən böyük əsir mübadiləsi ilə bağlı mühüm açıqlamalar verilib.
Korrekt.az xəbər verir ki, Zelenski jurnalistlərə bildirib ki, Rusiya ilə yaxın vaxtlarda genişmiqyaslı əsir mübadiləsi həyata keçirilə bilər. Onun sözlərinə görə, ABŞ nümayəndələri bunun müharibə başlayandan bəri ən böyük mübadilə olacağını bildiriblər.
“Biz əsir mübadiləsi aparacağıq və bu, ən böyük mübadilə olacaq. Əsgərlərimiz evə qayıdırlar. Bu prosesdə iştirak edən bütün danışıq aparanlara minnətdaram. Bu, real nəticədir”, – deyə Ukrayna Prezidenti vurğulayıb.
Zelenski, həmçinin növbəti sülh danışıqlarına Avropa nümayəndələrinin də qoşulacağını açıqlayıb. O, Avropanın iştirakını Ukraynanın gələcək rifahı və təhlükəsizlik təminatları baxımından mühüm hesab etdiyini bildirib.
ABŞ Prezidentinin kürəkəni və xüsusi nümayəndəsi Cared Kuşner isə Putinlə Moskvada keçirilən görüş zamanı əsir mübadiləsi məsələsinin yekunlaşdırılması istiqamətində irəliləyiş əldə olunduğunu deyib.
Kuşnerin sözlərinə görə, Avropa ölkələrinin danışıqlara cəlb edilməsi prinsipial əhəmiyyət daşıyır. O bildirib ki, Vaşinqton bu məsələni Rusiya Prezidenti Vladimir Putinlə də müzakirə edib və Moskva Avropanın prosesdə iştirakına şans verməyə hazır olduğunu ifadə edib.
Kuşner Ukraynanın müharibədən sonrakı inkişaf perspektivlərinə də toxunub. O, Zelenski və komandası ilə ölkənin gələcəyinə dair plan üzərində sıx əməkdaşlıq apardıqlarını bildirib.
ABŞ nümayəndəsi Ukraynanın müharibə dövründə nümayiş etdirdiyi müdafiə qabiliyyətini və hərbi yeniliklərini yüksək qiymətləndirərək, müharibədən sonra ölkənin və bütövlükdə regionun təhlükəsizliyinin təmin edilməsinin əsas müzakirə mövzularından biri olduğunu qeyd edib.
ABŞ Prezidentinin digər xüsusi nümayəndəsi Stiv Vitkoff da danışıqların nəticələrindən razı qaldığını bildirib.




















