“Ölkəmiz uzun illər qazıntı yanacaqlarından gəlir əldə edib və indi bu sərvəti bərpaolunan enerjiyə yönəldir. 2025-ci il də ölkəmiz üçün bərpaolunan enerji sahəsində mühüm qərarların, iri investisiya layihələrinin və beynəlxalq tərəfdaşlıqların genişləndiyi il kimi yadda qaldı. İl ərzində normativ-hüquqi təşəbbüslərdən tutmuş Günəş, külək və su elektrik stansiyalarının inşası, yaşıl enerji dəhlizlərinin inkişafı və yeni texnologiyaların tətbiqinədək bir sıra əhəmiyyətli hadisələr baş verdi.” – bu fikirləri Korrekt.az saytına açıqlamasında İqtisad Elmləri üzrə fəlsəfə doktoru və ekspert Arzuman Muradlı bildirib.
Ekspert bildirib ki, bunlardan bir neçəsini qeyd etmək yerinə düşər: Ötən il Prezident İlham Əliyev Laçında “Aşağı Malıbəyli” və “Mirik” kiçik su elektrik stansiyalarının açılışında iştirak etdi.
“Avqustda “Xızı-Abşeron” KES test rejimində enerji istehsalına başladı. Biləsuvarda gücü 445 meqavat olacaq GES layihəsi ilə bağlı ilk Günəş paneli dayağının quraşdırılması və tikinti işlərinə başlanıldı. Sonra Kəlbəcər rayonunun Vəng kəndində “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının açılışı oldu. Sentyabrda Bakıda “Azərbaycan və Mərkəzi Asiya Yaşıl Enerji Həftəsi” keçirildi. Oktyabrda 445 MVt gücündə Biləsuvar Günəş Elektrik Stansiyasında ilk günəş panelinin quraşdırılması mərasimi baş tutdu. Eləcə də həmin ay Prezident İlham Əliyev Cəbrayıl rayonunun Şahvəlli kəndində hər birinin gücü 50 meqavat olan “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoydu. İlin sonunda isə Abşeron və Ağdaş yarımstansiyalarının ərazisində regionun ən iri batareya enerji saxlanc sistemlərinin qurulmasına başlanıldı”– deyə Arzuman Muradlı əlavə edib.
Arzuman Muradlı qeyd edib ki, bu ilin də ölkəmiz üçün bərpaolunan enerji sahəsində yadda qalan illərdən biri olacağı şübhəsizdir.
“Yanvarın 8-də Bakıda, “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasiminin keçirilməsi bunu deməyə əsas verir. Ölkəmizin enerji potensialını gücləndirəcək və 240 meqavat gücündə olan bu stansiya ölkəmizin ümumi inkişafına öz töhfəsini verəcək.”– deyə iqtisadçı alim bildirib.






















