Azərbaycanda son illərdə təhsil və demoqrafiya sahəsində narahatlıq doğuran tendensiya müşahidə olunur. Təhsil eksperti Məzahir Məmmədlinin təqdim etdiyi statistik təhlil göstərir ki, ölkədə birinci sinfə qəbul olunan şagirdlərin sayında kəskin azalma var. Ekspert bu mənzərəni ölkədə abortların sayının sürətlə artması fonunda qiymətləndirərək vəziyyətin artıq bir “SOS siqnalı” olduğunu vurğulayır.

Təhsil ekspertinin təqdim etdiyi rəsmi statistikaya nəzər saldıqda, son illər ərzində birinci sinfə qəbul olan uşaqların sayında 24 884 nəfərlik bir azalma diqqət çəkir. İllər üzrə dinamika mənfi istiqamətdə irəliləməyə davam edir.

Belə ki, 2021–2022-ci tədris ilində birinci sinfə qəbul olunan şagird sayı 156 105 nəfər təşkil etdiyi halda, növbəti 2022–2023-cü tədris ilində bu rəqəm 150 289-a düşüb. Azalma meyli sonrakı illərdə də sürətlənib: 2023–2024-cü tədris ilində 137 100, 2024–2025-ci tədris ilində isə 134 600 şagird birinci sinfə qədəm qoyub. 2025–2026-cı tədris ilində bu göstərici daha da geriləyərək 131 221 nəfərə enib. Cari 2026–2027-ci tədris ili üçün isə rəqəmlər hələ tam yekunlaşmasa da, birinci sinfə gedənlərin sayının 131 minə yaxın olacağı gözlənilir.

Bu dinamika sübut edir ki, hər il orta məktəblərə ayaq basan uşaqların sayı bir əvvəlki illə müqayisədə minlərlə nəfər azalır. Bu gedişat gələcəkdə siniflərin və məktəblərin boşalmasına, eləcə də pedaqoji kadrlara tələbatın ciddi şəkildə azalmasına gətirib çıxara bilər.

Məzahir Məmmədli qeyd edir ki, birinci sinfə gedənlərin azalması təkcə təhsilin problemi deyil, birbaşa ölkədəki dərin demoqrafik böhranla bağlıdır. Son illərdə abortların sayının kəskin artması bu mənfi mənzərəni daha da tündləşdirir.

Rəsmi məlumatlara görə, Azərbaycanda abortların sayı 2021-ci ildə 46 877 olduğu halda, 2025-ci ildə bu göstərici ilk dəfə olaraq 95 117-yə çatıb. Yəni cəmi dörd il ərzində ölkədə abortların sayı iki dəfədən çox artıb.

Ekspertin fikrincə, doğumun azalması və abortların kütləvi hal alması ölkənin gələcək insan kapitalına böyük zərbə vurur. İndi məktəbə getməyən, doğulmayan uşaqlar 15-20 ildən sonra ölkənin işçi qüvvəsi, əsgəri, alimi və vergi ödəyicisi olmalı idi.

Ekspertlər hesab edirlər ki, bu mənfi gedişatın qarşısını almaq üçün ölkədə ailə planlaması, demoqrafik təşviq proqramları və sosial-iqtisadi dəstək mexanizmləri yenidən nəzərdən keçirilməlidir. Əks təqdirdə, təhsil sistemindən başlayan bu qıtlıq yaxın gələcəkdə ölkənin bütün strateji sahələrində özünü kəskin şəkildə hiss etdirəcək.