image-1backend

Vətəndaşa zərər verən “estetik cərrah”la bağlı RƏSMİ MÜNASİBƏT

image-ads-728x90

Ötən gün  paytaxtda fəaliyyət göstərən “Billur Estetik” mərkəzi və özünü “Dr. Gülü” kimi təqdim edən Gülbədə Abdullayeva ilə bağlı vətəndaş şikayəti daxil olub.  Şikayətçi bildirir ki, üzündə aparılan estetik əməliyyatdan sonra ağrıları var, üzü şişib, əziyyət çəkir.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, sözügedən estetik mərkəz və Gülbədə Abdullayeva ilə bağlı daha əvvəl də qanun pozuntuları qeydə alınıb. Bildirilib ki, vətəndaş müraciətləri əsasında 2026-cı il mayın 5-də Bakı şəhəri, Nəsimi rayonu, Sarablinski küçəsi 41 ünvanında yerləşən, fərdi sahibkar Abdullayeva Gülbədə Əliqismət qızına məxsus “Billur Estetik” təsərrüfat subyektində plandankənar yoxlama aparılıb.

Yoxlama zamanı müəssisədə ciddi nöqsanlar aşkarlanıb. Bununla əlaqədar aidiyyəti şəxslər barəsində inzibati tədbirlər görülüb, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1, 215.1 və 215.4-cü maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunaraq müvafiq icraata göndərilib.

Analitik Ekspertiza Mərkəzi tərəfindən aparılan araşdırmalar zamanı müəyyən edilib ki, sosial şəbəkələrdə özünü plastik cərrah kimi təqdim edən Gülbədə Abdullayeva “Vahid Səhiyyə İnformasiya Sistemi”ndə tibb işçisi kimi qeydiyyatda deyil. Həmçinin onun plastik cərrahiyyə və ya digər tibbi fəaliyyət sahələri üzrə praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnun olmadığı bildirilib.

Rəsmi açıqlamada vurğulanıb ki, Gülbədə Abdullayevanın və onunla əməkdaşlıq edən şəxslərin əhaliyə tibbi xidmət göstərməsi qanunvericiliyin tələblərinə ziddir. Hazırda qanun pozuntuları ilə bağlı əlavə tədbirlərin görülməsi istiqamətində işlər davam etdirilir.

İnci Məmmədovanın müraciətinə gəlincə, Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, məsələnin rəsmi araşdırılması üçün vətəndaşın quruma şəxsən müraciət etməsi zəruridir. Qurumdan qeyd edilib ki, daxil olan bütün müraciətlər operativ və hərtərəfli araşdırılır, qanun pozuntusu əlamətləri aşkar olunduqda isə dərhal plandankənar yoxlama təyin edilir.

Vətəndaşlar müraciətlərini Analitik Ekspertiza Mərkəzinin “Bir pəncərə” sektoru, (012) 596-05-20 nömrəli qaynar xətti, [email protected] elektron poçt ünvanı və pharma.az saytının “Müraciət” bölməsi vasitəsilə ünvanlaya bilərlər.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki