Su ehtiyatları hər bir ölkənin sosial-iqtisadi inkişafında, ekoloji tarazlığın qorunmasında və əhalinin həyat keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayan strateji resurslardan biridir.
Qlobal iqlim dəyişiklikləri, su ehtiyatlarının azalması və artan tələbat fonunda bu sahədə səmərəli idarəetmə mexanizmlərinin yaradılması günümüzün əsas prioritetlərindən hesab olunur. Azərbaycanda da su təsərrüfatının müasirləşdirilməsi, su ehtiyatlarının qorunması və əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi istiqamətində ardıcıl islahatlar həyata keçirilir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən “Regional Su Meliorasiya” və “İri Şəhərlərin Su Təchizatı” qapalı səhmdar cəmiyyətlərinin nizamnamələrinin təsdiq edilməsi bu istiqamətdə atılmış mühüm addımlardan biri kimi xüsusi əhəmiyyət daşıyır. Yeni nizamnamələr su təsərrüfatı sektorunda idarəetmənin daha çevik, şəffaf və səmərəli təşkilinə xidmət edir.
Müasir dövrdə su ehtiyatlarının idarə olunması yalnız texniki məsələ deyil, həm də strateji inkişaf amilidir.
Kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması, sənaye və xidmət sahələrinin dayanıqlı fəaliyyəti birbaşa su təminatının etibarlılığından asılıdır. Bu baxımdan “Regional Su Meliorasiya” QSC-nin fəaliyyət istiqamətləri meliorasiya və irriqasiya sistemlərinin təkmilləşdirilməsinə, torpaqların su təminatının yaxşılaşdırılmasına və kənd təsərrüfatı məhsuldarlığının artırılmasına mühüm töhfə verəcək.
Digər tərəfdən, “İri Şəhərlərin Su Təchizatı” QSC-nin fəaliyyəti böyük şəhərlərdə və yaşayış məntəqələrində əhalinin içməli su ilə təminatının daha yüksək səviyyədə təşkil olunmasına, kanalizasiya və su təchizatı sistemlərinin modernləşdirilməsinə şərait yaradacaq. Bu isə vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, su itkilərinin azaldılması və ekoloji təhlükəsizliyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Yeni nizamnamələrin təsdiqlənməsi idarəetmədə məsuliyyət bölgüsünün daha dəqiq müəyyənləşdirilməsinə, maliyyə və təsərrüfat fəaliyyətinin səmərəliliyinin artırılmasına, həmçinin dövlət vəsaitlərindən daha rasional istifadəyə imkan verəcək. Bu addım eyni zamanda su təsərrüfatı sahəsində həyata keçirilən islahatların institusional bazasını gücləndirərək uzunmüddətli inkişaf strategiyalarının uğurla reallaşdırılmasına xidmət edir.
Son illər Azərbaycanda su infrastrukturunun yenilənməsi istiqamətində çoxsaylı layihələr həyata keçirilib, yeni su anbarları, magistral xətlər və təmizləyici qurğular istifadəyə verilib.
Qarşıya qoyulan əsas məqsəd su ehtiyatlarından qənaətlə istifadə etmək, su itkilərini minimuma endirmək və gələcək nəsillər üçün dayanıqlı su təminatı sistemini formalaşdırmaqdır. Yeni idarəetmə mexanizmləri məhz bu məqsədlərə nail olunmasında mühüm rol oynayacaq.
Bütün bunlar göstərir ki, su ehtiyatlarının qorunması və idarəçiliyinin təkmilləşdirilməsi dövlət siyasətinin vacib istiqamətlərindən biri olaraq qalır.
“Regional Su Meliorasiya” və “İri Şəhərlərin Su Təchizatı” qapalı səhmdar cəmiyyətlərinin nizamnamələrinin təsdiqlənməsi isə bu sahədə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Bu yenilik ölkənin su təhlükəsizliyinin möhkəmləndirilməsinə, iqtisadi inkişafın sürətləndirilməsinə və vətəndaşların rifahının daha da yüksəldilməsinə xidmət edən mühüm qərarlardan biridir.
AZƏR XANKİŞİYEV
KƏLBƏCƏR SMSİİ-NİN RƏİSİ





















