Birləşmiş Millətlər Təşkilatı Rusiyanın Ukraynaya qarşı davam edən hücumlarının xüsusilə sərt qış şəraitində mülki əhalinin həyatı üçün vacib olan sistemləri sıradan çıxardığı barədə xəbərdarlıq edib və bu hücumların dərhal dayandırılmasına çağırıb.
Korrekt.az xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının “Ukraynada sülhün və təhlükəsizliyin qorunması” mövzusunda keçirilən iclasında bildirilib.
BMT-nin Siyasi Məsələlər üzrə Baş katibinin müavini Rozmari DiKarlo açılış çıxışında Rusiyanın genişmiqyaslı hava hücumlarının ölkə daxilində böyük dağıntılara və ağır insan itkilərinə səbəb olduğunu deyib. Onun sözlərinə görə, yeni ilin başlanğıcı Ukrayna üçün sülh və rahatlıq deyil, daha çox münaqişə və dağıntılar gətirib.
DiKarlo xüsusilə enerji və mülki infrastruktura edilən hücumların çoxsaylı mülki şəxslərin ölümünə və yaralanmasına səbəb olduğunu, milyonlarla ukraynalının uzun müddət elektrik enerjisi, istilik və su təminatından məhrum qaldığını qeyd edib. O vurğulayıb ki, bu cür hücumlar beynəlxalq humanitar hüququ pozur və harada baş verməsindən asılı olmayaraq qəbuledilməzdir, bağışlanmazdır və dərhal dayandırılmalıdır.
BMT İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) məlumatlarına istinad edən DiKarlo bildirib ki, 2022-ci ilin fevralından bu yana Ukraynada təxminən 15 min mülki şəxs həlak olub, 40 mindən çox insan yaralanıb. O əlavə edib ki, real rəqəmlərin daha yüksək olduğu ehtimal edilir və müharibənin beynəlxalq sistemə vurduğu zərər hələ də tam qiymətləndirilməyib. “Bu müharibə heç vaxt başlamamalı idi və dayandırılmalıdır”, – deyə o bildirib.
BMT Baş katibinin müavini və Təcili Yardım üzrə koordinator Tom Fletçerin adından çıxış edən BMT-nin Cenevrə nümayəndəsi, Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin (OCHA) Koordinasiya Bölməsinin direktoru Rameş Rajasinqem Ukraynadakı ağır humanitar vəziyyətə diqqət çəkib.
Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının 9 dekabr 2025-ci il tarixli son iclasından bəri mülki əhalinin vəziyyəti daha da pisləşib. Genişmiqyaslı hücumlar enerji sistemlərini, təcili yardım xidmətlərini və qış aylarında yaşamaq üçün zəruri olan infrastrukturu iflic vəziyyətinə salıb.
Rajasinqem bildirib ki, Rusiyanın hücumları nəticəsində ailələr məişət ehtiyaclarını qar əridərək ödəməyə məcbur qalırlar. “İnsanlar paltar yumaq və yemək bişirmək üçün qar əridirlər. Elektrik kəsintilərindən sonra şam işığında yaşayırlar”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, hazırda Ukraynada 10,8 milyon insan təcili humanitar yardıma ehtiyac duyur. BMT və humanitar tərəfdaşlar ən ağır vəziyyətdə olan 4,12 milyon insana yardım göstərmək üçün 2,31 milyard dollar vəsait ayırıb. Eyni zamanda, 2026-cı il üçün Humanitar Ehtiyaclar və Cavab Planının işə salınacağı da açıqlanıb.
Rajasinqem BMT Təhlükəsizlik Şurasının üzvlərini qətiyyətli addımlar atmağa çağıraraq, mülki əhalinin qorunmasına, humanitar yardıma çıxışın təmin edilməsinə və bu yardımın davamlı maliyyələşdirilməsinə dəstək verməyin vacibliyini vurğulayıb.





















