Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün keçiriləcək Nazirlər Kabineti iclasının gündəmində bir neçə mühüm məsələlər yer alır. Korrekt.az Türkiyə mediasına istinadən xəbər verir ki, iclasın əsas mövzusu, 20 türk əsgərinin şəhid olması ilə nəticələnən təyyarə qəzası olacaq. Qəzanın səbəbləri araşdırılacaq, həmçinin qəzanın istintaqında əldə olunan məlumatlar, xüsusilə qara qutunun təhlilindən sonra pilot kabinəsində baş verənlər aydınlaşdırılacaq.
Terrorizmdən təmizlənmiş Türkiyə hədəfi çərçivəsində son vəziyyət də müzakirə olunacaq. PKK terror təşkilatının Türkiyədən çəkilmə qərarının yerindəki təsirləri və bu qərarın müsbət nəticələri dəyərləndiriləcək. Suriyada terrorla mübarizə və QSD (Suriya Demokratik Qüvvələri) ilə bağlı məsələlər də kabinet iclasının gündəmində olacaq.
İclasda, həmçinin Xarici İşlər naziri Hakan Fidanın ABŞ-a səfəri və Türkiyə-ABŞ-Suriya üçtərəfli görüşünün nəticələri müzakirə ediləcək. İki ölkə arasındakı əlaqələrin möhkəmləndirilməsi və regional təhlükəsizlik məsələləri gündəmdədir.
Qəzzada humanitar vəziyyət də iclasın mühüm mövzularındandır. Qəzzaya humanitar yardımların fasiləsiz şəkildə çatdırılması, fələstinli xalqın qanuni hüquqları və iki dövlətli həll vizyonu məsələləri müzakirə ediləcək. Türkiyənin liderliyindəki diplomatik səylər və beynəlxalq ictimaiyyətlə birlikdə atılacaq addımlar da qiymətləndiriləcək.
Prezident Ərdoğan, iclasın sonunda mətbuat qarşısında çıxış edərək, əldə olunan qərarlar və atılacaq növbəti addımlar barədə məlumat verəcək.




















