Almatı Şəhərinin Vətəndaş Alyansının təşkilati dəstəyi və GIZ-in tərəfdaşlığı ilə həyata keçirilən səfərin əsas məqsədi iki ölkənin vətəndaş cəmiyyəti təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi, uşaq və qadın hüquqlarının müdafiəsi, zorakılığın qarşısının alınması, sosial xidmətlər və reabilitasiya sahəsində təcrübə mübadiləsinin aparılması olub.
Səfər çərçivəsində nümayəndə heyəti Almatı şəhərinin dövlət qurumları, qeyri-hökumət təşkilatları, təhsil müəssisələri, sosial xidmət, reabilitasiya və böhran mərkəzlərinin nümayəndələri ilə bir sıra işgüzar görüşlər keçirib.
Dövlət qurumları ilə əməkdaşlıq və uşaq hüquqlarının müdafiəsi
Almatı şəhərinin uşaq hüquqlarının müdafiəsi, yuvenal polis, məişət zorakılığı ilə mübarizə, qəyyumluq və himayəçilik, psixoloji dəstək və ailə xidmətləri sahəsində fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələri ilə keçirilən görüşlərdə uşaqların təhlükəsizliyinin təmin edilməsi, zorakılıq hallarının erkən aşkarlanması, risk altında olan ailələrin dəstəklənməsi və qurumlararası əməkdaşlıq mexanizmləri müzakirə olunub.
Nümayəndə heyəti, həmçinin, 2019–2023-cü illərdə Qazaxıstan Respublikasının uşaq hüquqları üzrə ombudsmanı olmuş ictimai xadim Arujan Sain ilə görüşüb. Görüşdə uşaq hüquqlarının müdafiəsində vətəndaş cəmiyyətinin rolu və ictimai təşəbbüslərin əhəmiyyəti diqqət mərkəzində olub.
Sosial xidmət və reabilitasiya müəssisələrinin təcrübəsi öyrənilib
İşgüzar proqram çərçivəsində “ARDİ” Uşaq Reabilitasiya Mərkəzi, “Bakıttı otbası” Ailəyə Dəstək Mərkəzi, “Parasat” Sosial Xidmətlər Mərkəzi, “Revanş” qadın sığınacağı və “Jan-Saya” Böhran Mərkəzinin fəaliyyəti ilə tanışlıq olub.
Görüşlər zamanı həssas qruplara kompleks sosial xidmətlərin göstərilməsi, zorakılıqdan zərər çəkmiş qadınların müdafiəsi, uşaqların və ailələrin psixososial reabilitasiyası, təhlükəsiz yerləşdirmə, fərdi müşayiət və sosial reinteqrasiya məsələləri ətrafında təcrübə mübadiləsi aparılıb.
“Jan-Saya” Böhran Mərkəzində keçirilən görüşlərdə Qazaxıstanın 150 Milli Etimad Telefonunun fəaliyyəti, məişət zorakılığına qarşı müdaxilə mexanizmləri və zorakılıq törədən şəxslərlə psixokorreksiya proqramları barədə məlumat təqdim edilib.
Vətəndaş cəmiyyəti və akademik əməkdaşlıq
Səfər çərçivəsində Qazaxıstan Milli Qadın Pedaqoji Universitetində akademik heyətlə görüş keçirilib, inklüziv təhsil, elmi-tədqiqat əməkdaşlığı və birgə təşəbbüslərin inkişafı imkanları müzakirə olunub.
Almatı Şəhərinin Vətəndaş Alyansının platformasında “Uşaq və qadın hüquqlarının müdafiəsinin müasir mexanizmləri: Qazaxıstan və Azərbaycan təcrübəsi, sektorlararası qarşılıqlı fəaliyyət və regional əməkdaşlıq” mövzusunda dəyirmi masa təşkil edilib.
Nümayəndə heyəti Azərbaycan Mədəniyyət Mərkəzində diaspor nümayəndələri və Analar Şurasının üzvləri, həmçinin “Әділет” partiyasının Almatı şəhər filialının Qadınlar Qanadının nümayəndələri ilə görüşlərdə iştirak edib.
Azərbaycanın sosial xidmətlər sahəsində təcrübəsi təqdim olunub
Səfər zamanı “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin uşaqların və qadınların müdafiəsi sahəsində çoxillik fəaliyyəti və həyata keçirdiyi sosial proqramlar barədə məlumat verilib.
Xüsusilə, 24 saat fəaliyyət göstərən 116111 Uşaq Qaynar Xətti, zorakılıq və çətin həyat şəraiti ilə üzləşmiş qadınlara dəstək göstərən Qadın Dəstək Xətti, eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə yaradılmış “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzinin fəaliyyəti təqdim edilib.
Bununla yanaşı, təşkilatın yuvenal ədliyyə, zorakılığın qarşısının alınması, uşaqların hüquqlarının müdafiəsi və sosial reinteqrasiya istiqamətlərində həyata keçirdiyi layihələr üzrə təcrübə mübadiləsi aparılıb.
Gələcək əməkdaşlıq üçün yeni imkanlar
Səfər Azərbaycan və Qazaxıstanın dövlət və qeyri-hökumət qurumları arasında peşəkar əlaqələrin genişləndirilməsi, sosial xidmətlərin təşkili sahəsində müsbət təcrübələrin öyrənilməsi və gələcək birgə təşəbbüslərin müzakirəsi baxımından əhəmiyyətli olub.
Görüşlər zamanı mütəxəssislər üçün birgə təlimlərin təşkili, metodiki təcrübə mübadiləsi, qaynar xətlər, böhran və reabilitasiya mərkəzləri arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib.
İşgüzar səfərin sonunda Almatı Şəhərinin Vətəndaş Alyansına və görüşlərdə iştirak edən bütün tərəfdaş təşkilatlara göstərdikləri dəstəyə və səmərəli təcrübə mübadiləsinə görə təşəkkür ifadə olunub.
Səfər başa çatsa da, qurulan peşəkar əlaqələr Azərbaycan və Qazaxıstan arasında uşaqların və qadınların hüquqlarının müdafiəsi, sosial xidmətlərin keyfiyyətinin artırılması və vətəndaş cəmiyyətinin gücləndirilməsi istiqamətində davamlı əməkdaşlıq üçün yeni imkanlar yaradır.




































