Bakıya köçün qarşısını almaq üçün regionlarda nə dəyişməlidir?
Regionlarda məşğulluğun artırılması və əhalinin gəlir imkanlarının genişləndirilməsi iqtisadi inkişafın mühüm istiqamətlərindəndir. Bununla belə, kiçik şəhərlərdə iş imkanlarının məhdudluğu sakinlərin daha böyük şəhərlərə üz tutmasına səbəb ola bilər. Yerli sahibkarlığın inkişafı, investisiya imkanları, infrastruktur və ixtisaslı kadr təminatı yeni iş yerlərinin yaradılmasına təsir edən əsas amillərdəndir.
Bəs kiçik şəhərlərdə məşğulluğun artırılması və yeni bizneslərin yaranması üçün hansı iqtisadi imkanlardan istifadə edilməlidir? Kiçik şəhərlərdə yeni iş yerlərinin yaradılmasına mane olan əsas iqtisadi və infrastruktur problemləri hansılardır?
Mövzu ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədr müavini Emin Əliyev regionlarda məşğulluğun artırılması, sahibkarlığın inkişafı və paytaxta daxili miqrasiyanın səbəbləri barədə danışıb.
O, bu barədə “AzPolitika”ya açıqlamasında bildirib ki, regionlarda məşğulluğun təmin edilməsi uzun illərdir mərkəzi və yerli icra hakimiyyəti orqanlarının diqqətindədir. Bu istiqamətdə əsasən dövlət investisiyaları hesabına zavod, fabrik və digər müəssisələr yaradılsa da, özəl sahibkarlıq subyektlərinin regionlarda yeni iş yerlərinin açılmasına töhfəsi nisbətən məhdud olub.
E.Əliyevin sözlərinə görə, əhalinin Bakı və ətraf ərazilərdə cəmləşməsinin bir sıra obyektiv və subyektiv səbəbləri var: “Bakı, Sumqayıt, Gəncə və qismən Xırdalan sənaye müəssisələri ilə yanaşı, ali təhsil ocaqları, turizm obyektləri, inkişaf etmiş infrastruktur və daha geniş iqtisadi imkanlar baxımından da cəlbedicidir. Xüsusilə Abşeron yarımadasında iqtisadi və sosial imkanların daha geniş olması əhalinin bu ərazilərə üz tutmasına təsir göstərib. Müstəqillik dövründə müharibə amili də daxili miqrasiyaya təsir edən səbəblərdən biri olub. Münaqişə zonalarına yaxın ərazilərdə yaşayan insanlar daha təhlükəsiz yerlərdə məskunlaşmağa və iş imkanları axtarmağa çalışıblar. 2000-ci illərdən sonra isə tikinti bumunun təsiri ilə paytaxta və ətraf ərazilərə köç daha da sürətlənib”.

İctimai Şura sədrinin müavini bildirib ki, son dövrlərdə regionlara qayıdış istiqamətində müəyyən proseslər müşahidə olunsa da, onların miqyası hələlik böyük deyil: “Bu proseslər əsasən Naxçıvan Muxtar Respublikası və işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən köçlə bağlıdır. Həmçinin nəqliyyat və logistika marşrutları üzərində yerləşən bəzi rayonlara köç də davam edir”.
Emin Əliyev Rusiyada baş verən proseslərin də Azərbaycana investisiya axınına təsir göstərdiyini deyib: “Son illərdə Rusiyadan Azərbaycana qayıdan bəzi azərbaycanlı iş adamları ölkədə müəyyən yatırımlar etməyə başlayıblar. Lakin bu investisiyalar əsasən daşınmaz əmlakın alınması və icarəyə verilməsi kimi nisbətən az riskli sahələrə yönəlir. Regionlarda dayanıqlı biznes subyektlərinin yaradılması ilə bağlı göstəricilər isə zəif olaraq qalır”.
O, beynəlxalq investisiya forumunda elan edilən iri həcmli müqavilələrə də toxunaraq bildirib ki, informasiya texnologiyaları sahəsindəki layihələr regionların inkişafına imkan yarada bilər: “Çünki bu sahədə fəaliyyət göstərmək üçün mütləq paytaxtda yerləşmək tələb olunmur. Bununla belə, mütəxəssis çatışmazlığı, Bakının inkişaf etmiş infrastrukturu, istirahət və əyləncə imkanları, eləcə də qonaqların yerləşdirilməsi üçün mövcud şərait paytaxtın üstünlüyünü qoruyub saxlayır. Regionlarda kiçik və orta sahibkarlığın inkişafı üçün mövcud güzəştli imkanlardan daha səmərəli istifadə edilməlidir. Bu istiqamətdə yalnız kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə deyil, onların emalına və hazır məhsul kimi bazara çıxarılmasına da diqqət yetirilməlidir”.
E.Əliyev, nümunə kimi meyvəçiliyin inkişaf etmiş rayonlarda kiçik emal müəssisələrinin yaradılmasını göstərib: “Belə müəssisələrdə meyvələrdən kompot, şirə və digər məhsullar istehsal etmək, yerli məhsulların satış coğrafiyasını genişləndirmək mümkündür. Qusar rayonunda yemişan, itburnu, heyva və almadan hazırlanan şirələri misal çəkə bilərəm. Bu məhsulların istehsal həcmi məhdud olduğundan onlar əsasən yerli bazarda satılır və Bakı kimi daha böyük bazarlara çıxarıla bilmir. Hesab edirəm ki, kənd sakinlərinin həyətlərində yetişdirdikləri meyvə-tərəvəzdən hazırladıqları turşu, mürəbbə, şirə və digər qida məhsullarının markalaşdırılması, brendləşdirilməsi və istehsalının genişləndirilməsi üçün böyük imkanlar var. Lakin mikro sahibkarlar müxtəlif səbəblərdən bu imkanlardan tam yararlana bilmirlər.
Regionların inkişafına mane olan əsas amillərdən biri kimi sosial və istirahət imkanlarının məhdudluğudur. Regionlarda insanların asudə vaxtlarını səmərəli keçirməsi üçün əyləncə mərkəzlərinin, fitnes klublarının və digər istirahət məkanlarının yaradılması vacibdir. Belə imkanların genişləndirilməsi regionları yaşayış və iş baxımından daha cəlbedici edə, əhalinin paytaxta axınının azalmasına kömək göstərə bilər”.





















