image-1backend

Ərdoğan: XXI əsr Türk dünyasının əsri olacaq

image-ads-728x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının qarşıdakı dövr üçün prioritetlərini açıqlayıb. O, türk dövlətləri arasında iqtisadi inteqrasiyanın gücləndirilməsini, Orta Dəhlizin imkanlarından səmərəli istifadəni və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsini vacib sayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan XXI əsrin Türk dünyasının əsri olacağına inandığını bildirib.

Ərdoğanın “Türk dünyasının əsri: həmrəylikdən inteqrasiyaya” başlıqlı məqaləsində türk dövlətləri arasında siyasi, iqtisadi, humanitar və mədəni əlaqələrin inkişafı, eləcə də Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artırılması məsələlərinə toxunulub.

Türkiyə lideri qeyd edib ki, ortaq tarix və mədəniyyət türk xalqlarının birliyinin əsasını təşkil edir. Onun sözlərinə görə, bu potensial konkret layihələr və davamlı nəticələrlə möhkəmləndirilməli, gələcək nəsillərə daha güclü Türk dünyası miras qoyulmalıdır.

Ərdoğan Türk Dövlətləri Təşkilatının Ankarada keçiriləcək XIII Zirvə görüşünün əhəmiyyətini vurğulayıb. O bildirib ki, “Türk əsri: dildə, fikirdə, işdə birlik” mövzusuna həsr olunacaq zirvə ortaq iradənin möhkəmlənməsinə töhfə verəcək. Türkiyə Prezidenti növbəti dövr üçün təşkilata sədrliyi Azərbaycandan təhvil alacaqlarını da qeyd edib.

Məqalədə müasir beynəlxalq sistemdə baş verən dəyişikliklər fonunda türk dövlətləri arasında həmrəyliyin strateji zərurətə çevrildiyi bildirilib. Ərdoğan vurğulayıb ki, birlik hər bir ölkənin suverenliyinə, müstəqilliyinə və milli iradəsinə hörmət əsasında qurulmalıdır.

Türkiyə Prezidenti Türk Dövlətləri Təşkilatının qarşıdakı dövrdə əsas diqqət yetirməli olduğu məsələlərdən birinin iqtisadi inteqrasiya olduğunu bildirib. Onun fikrincə, Xəzər dənizindən keçən Şərq–Qərb Orta Dəhlizi türk dövlətləri üçün mühüm strateji imkanlar yaradır.

Ərdoğan dəmir yolları, limanlar, avtomobil yolları və gömrük sistemləri arasında əlaqələndirmənin gücləndirilməsinin vacibliyini qeyd edib. O, Xəzərin hər iki sahilini birləşdirən investisiyaların regional ticarətin və ümumi rifahın artmasına xidmət edəcəyini bildirib.

Türkiyə lideri Türk İnvestisiya Fondunun imkanlarından daha səmərəli istifadə edilməsinin, ölkələr arasında ticarət maneələrinin aradan qaldırılmasının, istehsal və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Enerji resursları, bərpa olunan enerji və kommunikasiya infrastrukturu üzrə ortaq imkanların səfərbər edilməsini də vacib istiqamətlər sırasında göstərib.

Ərdoğan təhlükəsizlik sahəsində də türk dövlətlərinin imkanlarını birləşdirməli olduğunu bildirib. Onun sözlərinə görə, terrorizm, transsərhəd cinayətkarlıq, kibertəhdidlər və təbii fəlakətlərlə mübarizədə birgə fəaliyyət imkanları genişləndirilməlidir.

Türkiyə Prezidenti müdafiə sənayesində təcrübə mübadiləsinin artırılmasını, birgə istehsal imkanlarının inkişaf etdirilməsini, yerli və milli texnologiyaların gücləndirilməsini də prioritetlərdən biri kimi qeyd edib.

Məqalədə türk xalqlarının ortaq sivilizasiya irsinə də geniş yer ayrılıb. Ərdoğan Xoca Əhməd Yəsəvi, Əlişir Nəvai, Nizami Gəncəvi, Məhtimqulu Fəraqi, Yunus Əmrə və Çingiz Aytmatov kimi şəxsiyyətlərin yaradıcılığının Türk dünyasının ortaq mədəni zənginliyini əks etdirdiyini vurğulayıb.

O, ortaq türk əlifbası istiqamətində atılan addımları tarixi əhəmiyyətə malik təşəbbüs kimi qiymətləndirib. Təhsil, elm, nəşriyyat və rəqəmsal texnologiyalar sahələrində əməkdaşlığın genişləndirilməsinin, tələbə və alim mübadiləsinin gücləndirilməsinin vacibliyini qeyd edib.

Ərdoğan süni intellekt dövründə türk dillərinin layiqli mövqeyə sahib olması üçün birgə səylərin artırılmasını da zəruri sayıb.

Türkiyə Prezidenti Türk Dövlətləri Təşkilatının Şimali Kipr Türk Respublikası ilə əlaqələrinin inkişafına da toxunub. O bildirib ki, təşkilatda müşahidəçi statusuna malik olan Şimali Kipr Türk Respublikasının qardaş ölkələrlə əlaqələrinin möhkəmləndirilməsi Türkiyə üçün xüsusi əhəmiyyət daşıyır.

Ərdoğan Kipr türklərinə qarşı təcridin sona çatmalı olduğunu, onların suveren bərabərliyinin və bərabər beynəlxalq statusunun tanınmasının vacibliyini vurğulayıb.

Məqalədə, həmçinin Türk Dövlətləri Təşkilatının regional və qlobal sabitliyə töhfə vermək potensialının artdığı qeyd olunub.

Ərdoğan yekunda bildirib ki, türk dövlətlərinin iqtisadiyyat, siyasət, mədəniyyət və texnologiya sahələrində ortaq iradəsi konkret nəticələrə çevrilməlidir.

“Qəlbən inanıram: XXI əsr ‘Türk dünyasının əsri’ olacaq”, – deyə Türkiyə Prezidenti vurğulayıb. O, Ankara Zirvəsinin təşkilatın beynəlxalq təsirinin artırılmasına və qardaş ölkələr arasında həmrəyliyin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki