Bakı Şəhəri üzrə Təhsil İdarəsi oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş verən hadisə və onun mediada işıqlandırılması zamanı yaranan insidentlə bağlı açıqlama yayıb.
Korrekt.az xəbər verir ki, idarənin məlumatına görə, təhsil müəssisəsinin həyətində media nümayəndələrinin hadisəni işıqlandırması zamanı baş verən insident təhsili idarəetmə qurumları tərəfindən nəzarətə götürülüb.
Bildirilib ki, hadisənin şahidləri olan məktəbin pedaqoji kollektivinin üzvlərinin, şagirdlərin və valideynlərin iştirakı ilə müvafiq araşdırma aparılacaq və qanunauyğun tədbirlər görüləcək.
Qeyd olunub ki, məsələ ilə bağlı polis orqanları tərəfindən də araşdırma aparılır. Araşdırmanın nəticələrinə uyğun olaraq hüquqi məsuliyyət tədbirlərinin görülməsi nəzərdə tutulur.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu kimi həssas hadisələr barədə məlumatların yayılması zamanı dəqiqlik və məsuliyyət prinsiplərinə əməl edilməsinin vacibliyini vurğulayıb.
İdarə, həmçinin uşaqların qanunvericiliklə qorunan anonimliyinin, psixoloji təhlükəsizliyinin və mənafelərinin təmin edilməsinin zəruriliyini diqqətə çatdırıb. Bildirilib ki, şagirdlərlə müsahibələrin aparılması və onların emosional vəziyyətinə mənfi təsir göstərə biləcək digər davranışlara yol verilməməlidir.





















