image-xzcm47virw6ohacespkinyq5pckzndm1xfehghsjbackend

Qubadlıda Böyük Qayıdışın yeni ünvanı qurulur

image-ads-728x90

Azərbaycanın Zəfər tarixində 25 oktyabr Qubadlı şəhərinin günü xüsusi yer tutur. Qubadlının işğaldan azad edilməsi 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı mühüm qələbələrdən biridir. Xalqımızın və ordumuzun sarsılmaz birliyi, hərbçilərimizin yüksək döyüş ruhu, peşəkarlığı və qəhrəmanlığı Qubadlının azadlığı ilə nəticələnən Zəfərin əsas amillərindən oldu. Azərbaycan Ordusu qarşıya qoyulan döyüş tapşırıqlarını yüksək peşəkarlıq və fədakarlıqla yerinə yetirərək şəhərə hakim yüksəklikləri və ətraf yaşayış məntəqələrini nəzarətə götürdü, 25 oktyabr 2020-ci ildə Qubadlını işğaldan azad etdi.

Lakin Qubadlı üçün qələbə yalnız şəhərin işğaldan azad edilməsi ilə yekunlaşmayıb. Bu tarixdən sonra qarşıda daha böyük və mühüm vəzifə – Qubadlının yenidən qurulması, insanların doğma torpaqlarına qayıdışının təmin edilməsi dayanır. Bu istiqamətdə işlər artıq geniş vüsət alıb. Azərbaycan Respublikasının Nazirlər Kabineti 9 sentyabr 2025-ci ildə “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edib. Baş plan Qubadlının gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirir. Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin tikintisinə 16 iyun 2026-cı ildə başlanılıb. Ümumi ərazisi 3,34 hektar olan yaşayış kompleksində 21 binanın inşası nəzərdə tutulub. Burada ümumilikdə 176 mənzil yerləşəcək. Binalardan 14-ü üçmərtəbəli, 7-si isə dördmərtəbəli olacaq. Mənzillər əsasən iki və üçotaqlıdır. Hazırda 21 binadan və 176 mənzildən ibarət kompleksin bünövrə işləri tamamlanıb. Qubadlı rayonunun kəndlərində də genişmiqyaslı quruculuq aparılır. Şəhərdən 19 kilometr məsafədə yerləşən Mahruzlu kəndinin layihələndirilən ərazisi 197 hektardır. Birinci mərhələdə 40 hektar ərazidə 190 ev tikilir və ilkin mərhələdə burada 836 sakinin məskunlaşdırılması nəzərdə tutulur.

Qubadlı şəhərindən 20 kilometr məsafədə, Həkəri və Bərgüşad çaylarının qovuşduğu ərazidə yerləşən Zilanlı kəndinin layihələndirilən ərazisi isə 180 hektardır. Birinci mərhələdə 159 evin tikintisi və 772 nəfərin məskunlaşdırılması planlaşdırılıb. Gələcəkdə Zilanlıda 630 ailənin, yəni 2520 nəfərin yaşaması nəzərdə tutulur. Qubadlının gələcək inkişafında enerji infrastrukturu da mühüm yer tutur. İşğala qədər rayonda əhalinin və sənaye-təsərrüfat sahələrinin ümumi elektrik tələbatı 12 MVt olub və rayon bir ədəd 110 kV-luq yarımstansiyadan qidalanıb. 2040-cı il üçün əhalinin 47 mindən çox olması proqnozlaşdırılır. Bu inkişaf nəzərə alınmaqla elektrik enerjisinə tələbatın 38 MVt-dan artıq olacağı gözlənilir. Bu məqsədlə 25 oktyabr 2021-ci ildə 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyası istifadəyə verilib. Eyni zamanda Füzulidəki “Şükürbəyli” yarımstansiyasından “Cəbrayıl” yarımstansiyasına giriş-çıxışla 76 kilometr uzunluğunda ikidövrəli 110 kV-luq “Qubadlı-1” və “Qubadlı-2” elektrik verilişi xətləri çəkilib. Xətt boyunca fiberoptik kabelin çəkilməsi Qubadlının sürətli internet infrastrukturu ilə təmin edilməsinə də imkan yaradıb.

Qubadlıda həyata keçirilən layihələr Böyük Qayıdış prosesinin konkret nəticələrini nümayiş etdirir. Dünən işğaldan azad edilən şəhərdə bu gün yaşayış binaları, kəndlər, yollar və mühüm infrastruktur obyektləri inşa olunur. Qubadlıya qayıdış yalnız insanların doğma torpaqlarına dönüşü deyil, həm də burada yeni, müasir və dayanıqlı həyatın qurulması deməkdir.

Samirə Hüseynova



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki