Sovetdən qalan bu idarələrin yerinə MMC-lər yaradılır; amma xidmətlərin bahalaşması gözlənilir
Azərbaycan hökuməti yerli icra hakimiyyəti başçılarının tabeliyində fəaliyyət göstərən mənzil-kommunal təsərrüfatı müəssisələrinin işini təkmilləşdirmək məqsədilə yeni təşəbbüs irəli sürüb. Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, indiki MİS-lərin (JEK) bazasında vahid mənzil-kommunal təsərrüfatı müəssisəsi (MMC) yaradılacaq.
Məsələni Nocomment.az-a şərh edən hüquqşünas Natiq Əliyev bu addımın inzibati səmərəliliyi artırmaqla yanaşı, vətəndaşlara göstərilən xidmətin keyfiyyətini də yüksəldəcəyini hesab edir: “MİS-lərin vahid MMC-lərə birləşdirilməsi xidmətlərin standartlaşdırılmasını təmin edəcək, resursların idarə olunması daha şəffaf olacaq. Lakin hüquqi çərçivə aydın şəkildə müəyyən edilməlidir ki, vətəndaş və xidmət təminatçısı arasında mümkün mübahisələr minimuma endirilsin”.
Hüquqşünasın sözlərinə görə, vahid MMC-lərin yaradılması kommunal ödənişlərə təsir göstərə bilər: “Əgər vahid MMC real səmərəliliyi təmin edə bilsə, artım məcburi olmayacaq. Lakin strukturlaşma xərcləri və texniki modernləşdirmə səbəbindən ilkin mərhələdə müəyyən dəyişikliklər gözlənilə bilər”.
N.Əliyev qeyd edib ki, yeni MMC-dən vətəndaşlar xidmətlərin keyfiyyətinin yüksəlməsini, şəffaf ödəniş və resurs istifadəsini, standartlaşdırılmış tarifləri və hüquqi qorunmanı gözləyə bilərlər: “Ümumilikdə, vahid MMC-lərin yaradılması Azərbaycan mənzil-kommunal təsərrüfatında modernləşməyə doğru ciddi addımdır. Düşünürəm ki, MİS-lər tamamilə ləğv olunmayacaq, lakin vahid idarəetmə sistemi altında fəaliyyət göstərəcək. Bundan başqa, kommunal ödənişlərin dəyişməsi mümkündür, lakin şəffaflıq prinsipləri və vətəndaş hüquqlarının qorunması əsas prioritet olaraq qalacaq. Bu təşəbbüs həm də uzunmüddətli perspektivdə xidmətin səmərəliliyini artırmaq, regionlarda yaşayış standartlarını yüksəltmək və vətəndaş məmnuniyyətini təmin etmək məqsədini güdür”.
Deputat Azər Badamov bildirdi ki, məqsəd qurumun ləğvi ilə bağlı yox, onun fəaliyyətinin daha da təkmilləşdirilməsi, müstəqilləşdirilməsi və şəffaflığın artırılmasıdır: “Bu baxımdan, MMC-nin yaradılması ilk növbədə bu qurumun fəaliyyətinin şəffaflaşdırılması istiqamətində atılan addımdır. Yəni bu dəyişiklik ödənişlərin rəqəmsallaşdırılmasına, fəaliyyətin dəqiq çərçivələrinin müəyyən edilməsinə, MMC-nin maddi vəziyyətinin yaxşılaşmasına və daha effektiv fəaliyyət göstərməsinə imkan verəcək”.
Onun sözlərinə görə, MMC-lər daha müstəqil olacaq, çünki yeni yaradılacaq nizamnamədə vahid mənzil-kommunal MMC-nin daha effektiv fəaliyyət göstərməsi nəzərdə tutulur: “Yəni MMC-lərin özünün müstəqil hesabları olacaq, yığılan vəsaitlər həmin hesablarda cəmləşəcək və kommunal xidmətlərin görülməsinə xərclənəcək. Bu baxımdan müvafiq qərar MİS-lərlə bağlı cəmiyyətdə yaranmış narazılıqları aradan qaldıracaq və daha effektiv fəaliyyət göstərən bir qurumun formalaşmasına imkan verəcəkdir”.
İqtisadçı Xalid Kərimli isə hesab edir ki, ideya olaraq hökumət dəyişiklik etmək istəyir. Onun sözlərinə görə, nəticəni real implementasiyadan sonra görmək mümkün olacaq:
“Qərarın nəticəsini yalnız real tətbiqlərdən sonra görə biləcəyik. Müəyyən dəyişikliklər olacaq. Məqsəd strukturda çevikliyin artırılmasıdır çünki vahid idarəetmə yaradılır. İdarəetmənin təkmilləşməsi ilə yeni standartlar yarana bilər, ödənişlər şəffaflaşa bilər, çünki ödənişlər rəqəmsal formada həyata keçirilə bilər. Bu məsələlər həll olunacaqsa, yaxşı olacaq, əks halda ad dəyişikliyi xüsusi nəticələrə gətirib çıxarmayacaq. ”JEK”lər ucuz xidmət göstərirlər, xüsusilə dövlət mülkiyyətində olan binaların xidmətləri çox aşağı qiymətlə həyata keçirilir. Bu baxımdan, qiymətlər bahalaşa bilər. Lakin bu, fərmanla bağlı deyil, dəyişikliklərin nəticələrindən asılı olacaq”.
Yada salaq ki, 2009-cu ildən qüvvəyə minmiş Mənzil Məcəlləsinə əsasən, mənzil istismar sahələri artıq hüquqi baxımdan mənzil fondunun idarə edilməsində rol oynamır və bu səlahiyyətlər hazırda bələdiyyələrə məxsusdur. Yeni məcəlləyə görə dövlət mənzil fondu müvafiq dövlət orqanları tərəfindən, bələdiyyə mənzil fondu isə bələdiyyələr tərəfindən idarə olunur. Özəl mənzil fondunu isə mülkiyyətçi özü və ya onun seçdiyi idarəedici təşkilat idarə edə bilər. Özəl mülkiyyət sahibi istəyərsə, mənzil istismar sahəsi ilə müqavilə bağlayaraq onların xidmətlərindən istifadə edə bilər. Əks halda, bu tip ödənişlərin tələb edilməsi qanunsuz sayılır.
Onu da deyək ki, Mənzil Kommunal İstismar Sahələrinin vətəndaşlardan məişət tullantılarının daşınması və yaşayış yeri üçün nəzərdə tutulan xidmət haqqı olaraq kommunal xidmət tutmaq haqqı var. Bu, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən tənzimlənir. Bu il Tarif Şurası tərəfindən də dəyişiklik edilib. Məişət tullantılarının daşınması haqqı adambaşına aylıq 1 manat müəyyən edilib. Sahəsindən asılı olaraq hər kvadratmetri 2 qəpik olmaqla da xidmət haqqı tutulur.“Yeni Müsavat”





















