ASELSAN-ın hazırladığı yüksək güclü elektromaqnit müdafiə sistemi raket və sursatdan istifadə etmədən yeni dünya rekorduna imza atıb.
Türkiyənin müdafiə sənayesi şirkəti ASELSAN yeni nəsil pilotsuz uçuş aparatlarına (PUA) qarşı hazırladığı EJDERHA yüksək güclü elektromaqnit (HPEM) müdafiə sisteminin imkanlarını nümayiş etdirib.
Korrekt.az xəbər verir ki, şirkətin 51-ci ildönümü münasibətilə keçirilən nümayiş zamanı EJDERHA sistemi eyni vaxtda havaya qaldırılan 51 dronu saniyələr ərzində zərərsizləşdirib.
ASELSAN-ın məlumatına görə, bu nümayiş yüksək güclü elektromaqnit texnologiyası vasitəsilə eyni anda bu qədər çoxsaylı dronun sıradan çıxarılması baxımından dünyada ilk hadisədir.
Sistemin imkanları iki mərhələdə nümayiş etdirilib. İlk mərhələdə EJDERHA təxminən 1000 metr məsafədə iki fərqli simli dronu zərərsizləşdirib. Bununla da sistemin ənənəvi antidron vasitələrinin mübarizədə çətinlik çəkdiyi simli FPV dronlarına qarşı da effektivliyi göstərilib.
İkinci mərhələdə isə ASELSAN-ın 51 illiyinə həsr olunmuş sınaq keçirilib. Eyni vaxtda havaya buraxılan 51 pilotsuz uçuş aparatı EJDERHA tərəfindən saniyələr ərzində sıradan çıxarılıb.
Sistemin əsas xüsusiyyəti raket, mərmi və digər fiziki sursatlardan istifadə etmədən yüksək güclü elektromaqnit dalğaları vasitəsilə dronların elektron sistemlərini sıradan çıxarmasıdır. Bu texnologiya PUA-ların naviqasiya, rabitə və idarəetmə sistemlərini hədəf alır.
ASELSAN-ın baş direktoru Ahmet Akyol bildirib ki, EJDERHA şirkətin yarım əsrlik mühəndislik təcrübəsinin və gənc mütəxəssislərin əməyinin nəticəsidir.
Onun sözlərinə görə, sistem artıq kütləvi istehsala keçib və Türkiyənin təhlükəsizliyinin təmin olunmasına töhfə verməyə hazırdır.
Qeyd edək ki, EJDERHA Türkiyənin çoxqatlı hava hücumundan müdafiə arxitekturası olan ÇELİKKUBBE layihəsi çərçivəsində istifadə ediləcək. Sistem mini və mikro PUA-lar, simli və simsiz FPV dronları, eləcə də digər yeni nəsil pilotsuz uçuş aparatlarından qaynaqlanan təhlükələrin qarşısının alınması üçün nəzərdə tutulub.
Bu texnologiyanın tətbiqi Türkiyənin pilotsuz uçuş aparatlarına qarşı mübarizədə elektromaqnit silahları istiqamətində imkanlarını genişləndirə bilər.





















