Əvvəla onu qeyd etmək yerinə düşər ki, Böyük Britaniya Avropada Azərbaycanın ən yaxın müttəfiqlərindən, tərəfdaşlarından biridir. Uzun illərə bağlı olan bu əməkdaşlıq və tərəflərin bir-birinin mövqeyinə, ərazi bütövlüyünə hörmət prinsipi ilə yanaşmasının Azərbaycanın tarixi zəfərə imza atdığı 44 günlük Vətən müharibəsi dövründə də şahidi olduq. Bəzi Avropa ölkələri həmin ərəfədə Azərbaycanın öz haqq işi uğrunda başladığı mübarizəyə qarşı çıxıb Bakıya qarşı təzyiq elementlərinə əl atsa da, lakin Londondan konstruktiv mövqe gördük və ölkəmizin torpaqlarının azadlığı uğrunda apardığı mübarizəyə qarşı olmayan azsaylı Avropa dövlətlərindən oldu. Təbii ki, bu mövqe və yanaşma da qeyd etdiyim kimi uzun illərin əməkdaşlığına, sıx əlaqələrə bağlıdır.
Britaniyanın və dünyanın ən böyük neft şirkəti “BP” Azərbaycanın müstəqilliyinin ilk dövrlərindən ölkədə neft istismarı məqsədilə müəyyən addımlar atıb. 1992-ci ilin sentyabrında Birləşmiş Krallığın keçmiş baş naziri Marqaret Tetçer Azərbaycana qeyri-rəsmi səfər edərək, BP və Statoil şirkətlərinin Azərbaycan tərəfi ilə neft yataqlarının işlənməsi barədə hazırlıq sazişinin imzalanmasında iştirak edib.
1994-cü ilin 22-25 fevral tarixlərində Azərbaycan Prezidenti Heydər Əliyev Böyük Britaniyaya ilk rəsmi səfər edərək Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələnin başlanğıcını qoymuş oldu. Rəsmi səfər zamanı iki ölkə arasında bir neçə mühüm sənəd, o cümlədən “Azərbaycan və Böyük Britaniya arasında dostluq və əməkdaşlıq haqqında birgə bəyannamə” imzalandı.
Ulu öndər Heydər Əliyevin 1998-ci ilin iyulunda Britaniyaya ikinci rəsmi səfərini zamanı qarşılıqlı münasibətlərin inkişafında əhəmiyyətli addım olan daha bir müqavilə – Dostluq münasibətləri və tərəfdaşlıq haqqında bəyannamə imzalandı.
2004-cü ilin dekabrında Azərbaycanın prezidenti İlham Əliyev Böyük Britaniyaya səfəri zamanı ölkənin baş naziri Tone Bleyrlə görüşündə 1998-ci ildə imzalanmış “Dostluq münasibətləri və tərəfdaşlıq haqqında bəyannamə” yenidən təsdiqləndi. Eləcə də sonrakı illərdə Londonla Bakı arasında müxtəlif sahələri əhatə edən sənədlər imzalanıb və hər bir sənəd əlaqələri daha da inkişaf etdirib və ən son Dublində imzalanan strateji haqqında Birgə Bəyannamənin imzalanmasına yol açıb.
Hər şeydən əvvəl onu qeyd etmək yerinə düşər ki, Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi Bakı üçün beynəlxalq əlaqələrin inkişaf etdirilməsi baxımından mühüm siyasi və iqtisadi hadisədir. Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasında əməkdaşlığın yeni mərhələsinin əsasını qoyur. Bu sənəd Azərbaycan–Böyük Britaniya münasibətlərinin təkcə bu günü deyil, həm də gələcəyini müəyyənləşdirir, perspektiv imkanlarını ortaya çıxarır. Belə bir bəyannamənin qəbul edilməsi qeyd etdiyim kimi Londonla Bakı arasında uzun illər ərzində formalaşmış qarşılıqlı etimad, siyasi dialoqun və iqtisadi əməkdaşlığın məntiqi nəticəsidir.
Azərbaycan ilə Böyük Britaniya arasında əməkdaşlığın ən mühüm istiqamətlərindən birinin enerji sektoru olduğunu nəzərə alsaq deyə bilərik ki, bu əməkdaşlıq ölkımizin beynəlxalq enerji bazarlarında mövqeyinin gücləndirilməsinə imkan yaradacaq. Paralel olaraq Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni daha da artıracaq. Bu baxımdan deyə bilərik ki, Birgə Bəyannamə həm də enerji əməkdaşlığının gələcək inkişafı üçün daha geniş imkanlar yaradır. Xüsusilə bərpaolunan enerji, yaşıl maliyyələşmə, aşağı karbon texnologiyaları və enerji təhlükəsizliyi sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Bu istiqamət Azərbaycanın yaşıl enerji strategiyasının həyata keçirilməsi, enerji mənbələrinin şaxələndirilməsi və ixrac imkanlarının artırılması baxımından da əhəmiyyətlidir.
Bəyannamənin mühüm istiqamətlərindən biri iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və qarşılıqlı investisiya imkanlarının artırılmasıdır. Bu baxımdan Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən siyasətin daha effektiv nəticələrə gətirib çıxarması üçün Böyük Britaniyanın investisiya imkanlarından istifadə etmək faydalı olar və Birgə Bəyannamə çox güman ki, belə bir fürsət yaradacaq. Bir sözlə sözügedən sənəd çərçivəsində Azərbaycan və Britaniya şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi, biznes dairələri arasında əlaqələrin gücləndirilməsi, kiçik və orta sahibkarlığın inkişafı, ticarətin maliyyələşdirilməsi və maliyyə bazarları sahəsində təcrübə mübadiləsi üçün imkanlar artır.
Nəhayət, Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamədə Orta Dəhlizin inkişafına xüsusi diqqət yetirilməsi Azərbaycanın geostrateji mövqeyinin beynəlxalq səviyyədə qəbul edildiyini göstərən mühüm məqamlardandır.
Bidiyiniz kimi, Azərbaycan Şərq ilə Qərb arasında nəqliyyat və logistika əlaqələrinin inkişafında mühüm mövqeyə malikdir. Ölkəmizin nəqliyyat infrastrukturu, liman imkanları, dəmir yolları və regional bağlantıları Orta Dəhlizin fəaliyyətində mühüm rol oynayır. Böyük Britaniya ilə bu sahədə əməkdaşlığın genişləndirilməsi nəqliyyat, logistika, infrastruktur və beynəlxalq ticarət layihələrinə yeni investisiyaların cəlb edilməsinə şərait yarada bilər.
Orta Dəhlizin inkişafı Azərbaycanın tranzit gəlirlərinin artmasına, regional iqtisadi əlaqələrin güclənməsinə və ölkəmizin beynəlxalq nəqliyyat sistemində mövqeyinin daha da möhkəmlənməsinə xidmət edəcək.
Nəsib Məhəməliyev,
Milli Məclisin deputatı





















