Nur Park MMC-dən şikayət var.
Korrekt.az xəbər verir ki, “Xəbərsiz”ə daxil olan şikayətdə bildirilir ki, Nur Park MMC-yə məxsus BYD markalı avtomobilToyota Prius markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində “Prius”a ciddi ziyan dəyib.
Hadisə yerinə gələn sığorta əməkdaşları avtomobilin sığortasının olmadığını bildirərək vurulan ziyanın Nur Park MMC və avtomobili idarə edən sürücü tərəfindən ödənilməli olduğunu bildiriblər.
Zərərçəkən sürücü iddia edir ki, şirkətlə əlaqə saxladıqdan sonra ona heç bir yardım göstərilməyəcəyi deyilib:
“Həsən Əliyev küçəsi ilə hərəkətdə idim. BYD-nin sürücüsü isə Novruzov Qardaşları küçəsində ‘dayan’ işarəsini pozaraq yolu keçdi və qəza baş verdi. Sığorta ziyanın şirkət və sürücü tərəfindən ödənilməli olduğunu dedi. Mən də şirkətlə əlaqə saxladım. Nur Park MMC-nin rəhbəri Məmməd Elmurad Mehman oğlu mənə ‘məhkəməyə ver, nə bilirsən et, mən heç bir ödəniş etməyəcəyəm‘ dedi”.
Zərərçəkənin sözlərinə görə, şirkət rəhbərliyi sürücüyə də ziyanı öz üzərinə götürməyi tələb edib. Sürücü razılaşmayınca rəhbərliyin onu hədələdiyi iddia olunur:
“Rəhbər sürücüyə deyib ki, əgər bütün xərcləri öz üzərinə göürməsən, məhkəmədə ‘avtomobili parkdan icazəsiz çıxarıb’ deyəcəyəm. Halbuki avtomobilin yol vərəqəsində bitmə tarixi 12.12.2025 göstərilir. Yəni, “Nur Park”ın icazəsi var”.
Məsələ ilə bağlı Nur Park MMC ilə əlaqə saxladıq. Şirkətin məsul şəxsi açıqlamasında sürücünün avtomobili parkdan icazəsiz çıxardığını, zərərçəkənin məhkəməyə müraciət edərək, dəymiş ziyanı aradan qaldırmalı olduğunu bildirdi.
Qəza və iddialarla bağlı araşdırmalar davam edir.





















