image-1backend

Oğuzda sahibkarın sənədli-sübutlu torpağı zəbt olunub – Ramiz Mehdiyevdən qalma sistem işləyir

image-ads-728x90

Oğuz rayonunda baş verən və 250330076 saylı cinayət işi kimi rəsmiləşdirilən hadisənin detallarına vardıqca Ramiz Mehdiyev dövründən miras qalmış idarəetmə və himayə mexanizmlərinin hələ də ayaqda olduğu daha aydın görünür.

Söhbət tamhüquqlu mülkiyyətçiyə məxsus torpaq sahəsinin uzun müddət ərzində “Meyvə bağları” MMC və sahibi Ələsgər Həmzəyev tərəfindən zəbt edilməsindən, qanunsuz şəkildə əkilib-becərilməsindən və bu yolla gəlir əldə olunmasından gedir. Musavat.com xəbər verir ki, kiçik sahibkar Şahin Həbibullayevə məxsus torpaq sahəsinin zəbt olunmasına dair kifayət qədər faktlar mövcud olmasına baxmayaraq, yalnız 13 oktyabr 2025-ci ildə Oğuz Rayon Polis Şöbəsində cinayət işi başlanıb. Lakin cinayət işinin başlanması ilə real istintaq arasında uçurum var. Görünən odur ki, iş açılıb, amma araşdırma yoxdur. Şahin Həbibullayev ölkə rəhbərliyinə və daxili işlər naziri Vilayət Eyvazova ünvanladığı müraciətdə bildirir ki, cinayət işinin başlanmasından keçən müddət ərzində faktiki olaraq heç bir istintaq hərəkəti həyata keçirilməyib: “Belə təəssürat yaranır ki, istintaqın hərtərəfli, tam və vaxtında aparılması prinsipləri ümumiyyətlə unudulub.

Bu günə qədər hadisə yerinə baxış keçirilməyib, aidiyyəti qurumların mütəxəssisləri cəlb olunmayıb, zəbt edilmiş torpaq sahəsinin sərhədləri müəyyənləşdirilməyib. Ətraf ərazidə işləyən və yaşayan potensial şahidlər aşkar edilərək dindirilməyib. Mənim özümü də ölümlə, narkotiklə şərləməklə həbs etdirəcəkləri ilə hədələyirlər. Mən nə cinayətkaram, nə də narkotik istifadəçisi. Bu adamların pulu və əlaqələri varsa, mən də Prezident İlham Əliyevə, onun sahibkarlara verdiyi dəstəyə güvənirəm. Adamlar torpağımı zəbt ediblər, şikayət edirəm deyə özümü də fiziki olaraq məhv etməklə, həbslə hədələməklə geri şəkilməyini tələb edirlər. Mən öz halal torpağımı kimsəyə güzəştə getməyəcəyəm. Hörmətli daxili işlər nazirindən, baş prokurordan xahiş edirəm ki, mənim mülkiyyətimə qəsd cinayəti üzrə tam, hərtərəfli və obyektiv araşdırma təmin olunsun, bu barədə ölkə rəhbərliyinə məlumat verilsin”.

Şahin Həbibullayevin sözlərinə görə, hazırda hər hansı bir addım atmır: “İstintaq bu günə qədər torpaqla bağlı rəy alınması üçün məhkəmə ekspertizası təyin etməyib. Daha da qəribəsi odur ki, bu günə qədər məni iş üzrə zərərçəkmiş şəxs qismində tanımaqdan da boyun qaçırılır”.

Şikayətçi bildirir ki, torpağı zəbt etməkdə şübhəli bilinən Ələsgər Həmzəyev Hüseyn oğlu və qardaşı Nəcəf Həmzəyev nəinki dindirilməyiblər, hətta indiyədək istintaqa ifadə vermək üçün çağırılmayıblar: “Sual verəndə deyirlər ki, “Ələsgər müəllim Bakıdadır, gələ bilmir, vaxt tapıb Bakıda dindirəcəyik”. Bunun əvəzində isə müstəntiq mütəmadi olaraq mənə zəng edib torpağa mülkiyyət hüququmu təsdiqləyən sənədi yox, guya sahənin alqı-satısına dair sənədin surətini tələb edir. Halbuki istintaqın istənilən dövlət və qeyri-dövlət qurumuna sorğu göndərmək və bütün hüquqi sənədləri özü əldə etmək səlahiyyəti var”.

Şikayətçi yaranmış vəziyyətin absurdluğuna da diqqət çəkir. Onun sözlərinə görə, məhkəmə ekspertizası təyin etmək əvəzinə, istintaq “torpaq sahəsinin zəbt edilib-edilməməsi” ilə bağlı Dövlət Əmlak Xidmətinə sorğu göndərib: “Əgər torpaq zəbtini Dövlət Əmlak Xidməti müəyyən edirsə, onda cinayət işini də onlara göndərin, qoy istintaqı onlar aparsınlar”.

Şikayətçi bildirir ki, istintaqın yerində saydığı bu müddətdə Ələsgər Həmzəyev zəbt etdiyi torpaq sahəsini satışa çıxarıb. Üstəlik, ərazidəki ağaclar kəsilərək məhv edilib, torpaq faktiki olaraq talan olunub.

Şahin Həbibullayev ölkə rəhbərliyinə müraciət edərək, mülkiyyət hüququnun qəsbinin qarşısının alınmasına, baş vermiş cinayətin araşdırılmasına göstəriş verilməsini xahiş edib.

P.S. Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki