Ermənistanın baş naziri Nikol Paşinyan bu dəfə də ictimaiyyəti təəccübləndirməyi bacarıb. O, iştirak etdiyi tədbirlərin birində ansamblın tərkibində səhnəyə çıxaraq zərb alətlərində ifa edib.
Korrekt.az xəbər verir ki, Paşinyanın ifası tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Baş nazir ifa zamanı səsləndirilən “Həqiqi Ermənistan, respublika Ermənistan” adlı mahnının sözlərinin özünə məxsus olduğunu da xüsusi vurğulayıb.
Paşinyan sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, ifa olunan əsər onun yazdığı şeir əsasında mahnıya çevrilib:
“Bu mənim şeirimdir, sonradan mahnıya çevrilib”, – deyə o qeyd edib.
Baş nazirin zərb alətlərində ifası və müəllifi olduğu şeirin musiqi formasında səsləndirilməsi Ermənistanda müxtəlif reaksiyalar doğurub. Bəzi istifadəçilər bunu Paşinyanın fərqli və qeyri-ənənəvi davranış tərzi kimi qiymətləndirərək maraqla qarşılasalar da, digərləri ölkənin mövcud sosial-iqtisadi və siyasi problemləri fonunda baş nazirin bu cür çıxışlarını tənqid edib.
Qeyd edək ki, Nikol Paşinyan daha əvvəl də qeyri-adi paylaşımları, emosional çıxışları və sosial şəbəkələrdə aktivliyi ilə tez-tez gündəmə gəlib. Onun mədəni tədbirlərdə iştirakı və şəxsi yaradıcılığını ön plana çıxarması cəmiyyətdə birmənalı qarşılanmasa da, bu cür addımların ictimai diqqəti üzərinə çəkmək məqsədi daşıdığı bildirilir.musavat.com





















