ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenskinin hazırda sülh razılaşmasına nail olmaqda maraqlı olduqlarını bildirib.
Korrekt.az xəbər verir ki, bu barədə Tramp “The New York Times” qəzetinə verdiyi müsahibədə danışıb. Onun sözlərinə görə, danışıqlar prosesi tərəflərin mövqelərinə görə dəfələrlə dalana dirənib.
Tramp iddia edib ki, müəyyən məqamlarda Kremlin razılığa gəlməyə hazır olduğu hiss olunub, lakin həmin vaxt Ukrayna Prezidenti Vladimir Zelenskinin bu razılaşmadan imtina etməsi onu təəccübləndirib.
“Putinlə münasibətlərimi tamamilə kəsdiyim, Zelenskinin isə razılaşmaq istəmədiyi anlar olub. Daha sonra isə bunun tam əksi baş verib. Amma indi Putin də, Zelenski də məndən asılıdır ”, – deyə ABŞ prezidenti qeyd edib.
Bununla belə, Tramp hazırda hər iki tərəfin sülh sazişinə maraq göstərdiyinə inandığını vurğulayıb. “Düşünürəm ki, indi hər ikisi razılaşmaq istəyir, amma görəcəyik”, – deyə o əlavə edib.
Amerika lideri müharibənin başa çatması üçün konkret vaxt qrafiki təqdim etməkdən imtina edib. O, əvvəlki açıqlamalarından fərqli olaraq, sülh üçün son tarix elan etməyəcəyini bildirib. Tramp eyni zamanda Rusiyanın atəşkəsə müqavimət göstərməyə davam edəcəyi halda, Ukraynaya ABŞ-ın hərbi və maliyyə dəstəyini artıracağına dair vəd verməyib.
“Sadəcə insanların həyatını xilas edə biləcəyimi görməli olduğum üçün belə bir vəd vermək məcburiyyətində qalmaq istəmirəm”, – deyə Tramp bildirib.
Konkret son tarixlərlə bağlı suala cavab verən ABŞ prezidenti qısa şəkildə qeyd edib: “Biz mümkün olan hər şeyi edirik. Mənim son tarixim yoxdur.”





















