image-1backend

Türkiyə hərbi aviasiyada tarix yazdı: İlk pilotsuz qırıcı təyyarələr silahlanmaya qəbul edildi

image-ads-728x90

Türkiyə dünyada ilk dəfə pilotsuz qırıcı təyyarəni silahlanmaya qəbul edən ölkə olub. “Baykar” şirkətinin istehsalı olan “Kızılelma” pilotsuz döyüş təyyarəsinin ilk üç nümunəsi təhlükəsizlik qüvvələrinə təhvil verilib.

Korrekt.az xəbər verir ki, bu barədə Türkiyənin “Baykar” şirkəti məlumat yayıb.

Şirkətin açıqlamasına görə, özəl imkanlar hesabına hazırlanan “Kızılelma” pilotsuz qırıcı təyyarəsinin ilk üç nümunəsi qəbul sınaqlarını uğurla tamamlayıb. Noyabrın 19-da baş tutan təhvilvermə mərasimi ilə təyyarələr Türkiyənin təhlükəsizlik qüvvələrinin istifadəsinə verilib.

“Bu təhvilvermə ilə Türkiyə dünya aviasiya tarixində pilotsuz qırıcı təyyarəni silahlanmaya qəbul edən ilk ölkə olub”, – deyə şirkətin bəyanatında bildirilib.

Qeyd edək ki, “Kızılelma” ilk dəfə 2022-ci ilin avqustunda Türkiyənin Samsun şəhərində keçirilən “TEKNOFEST” aviasiya və kosmik texnologiyalar sərgisində ictimaiyyətə təqdim edilib. Pilotsuz qırıcı MIUS (Milli İnsansız Uçak Sistemi) döyüş aviasiya kompleksi layihəsi çərçivəsində hazırlanıb.

Taktiki-texniki göstəricilərinə görə, “Kızılelma”nın maksimal uçuş çəkisi təxminən 6 ton, faydalı yükdaşıma qabiliyyəti isə 2 tona yaxındır. Təyyarənin 12 kilometr yüksəklikdə 5–6 saat ərzində uçuş həyata keçirmək imkanına malik olduğu bildirilir.

İlk üç nümunənin silahlanmaya qəbul edilməsi Türkiyənin pilotsuz döyüş aviasiyasının inkişafında yeni mərhələ kimi qiymətləndirilir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki