Veteran jurnalist Zümrüd Səfərovanın “Həyat da efir kimidir- radiolu günlərdən” kitabı haqqında düşüncələr
İnsan var ki, yaşadığı illərlə, insan da var ki, qoyub getdiyi izlərlə xatırlanır. Bəzən bir insanın xarakterini tanımaq üçün onun haqqında uzun-uzadı danışmağa ehtiyac qalmır. Bir sözü, bir hərəkəti, bir zarafatı, yaxud çətin məqamda göstərdiyi münasibət onun necə insan olduğunu açıb göstərir.
Qarşımızda olan bu kitab məhz belə insanlardan bəhs edir. Azərbaycan radiosunun veteranı, hamının hörmətini qazanmış Zümrüd Səfərovanın qələmə aldığı bu kitabda radionun tarixində izi olan sənət və media adamları haqqında nadir, indiyədək yazılmamış əhvalatlar toplanıb. Bunlar nə rəsmi bioqrafiyalarda var, nə də arxiv sənədlərində. Bunlar illərin içindən süzülüb gələn və Zümrüd xanımın yaddaşında qorunub saxlanılan xatirələrdir.
Elə buna görə də bu kitab əsl sənədli memuar nümunəsidir: lirikdir, canlıdır, dəyərlidir. Dəyərlidir ona görə ki, yaşanmışların əsl izi var bu səhifələrdə…
Redaksiyaların gündəlik rutini, adi görünən, amma insan xarakterini açan məqamlar, iş prosesində baş verən macəra və zarafatlar… Radio bu kitabda sadəcə bir qurum kimi yox, bir məktəb, bir ailə kimi təqdim olunub. Müəllif uzun illər çalışdığı radionun həyatından, orada çalışan jurnalistlərdən, diktorlardan, rejissorlardan, ziyalılardan və müxtəlif xarakterli insanlardan söz açır. Kitabın səhifələrində təkcə keçmiş radionun iş həyatı deyil, bütöv bir dövrün mənəvi mənzərəsi canlanır.
Əsərin ən böyük üstünlüyü odur ki, müəllif insanların xarakterini konkret hadisələrlə, dialoqlarla, bəzən gülməli, bəzən düşündürücü, bəzən də kövrək xatirələrlə oxucuya çatdırır. Bu kitabı oxuduqca bir həqiqəti bir daha anlayırsan: radio yalnız səsin eşidildiyi məkan deyil, həm də insanların xarakterinin, mədəniyyətinin, dostluğunun və həyat münasibətlərinin formalaşdığı böyük bir ocaqdır.
Valid Sənaninin təvazökarlığı, Aydın Qaradağlının sadəliyi, Sabutay Quliyevin zarafatcıllığı… Bu əhvalatdakı səmimiyyət həm də dövrün ab-havasını, insanlar arasındakı saf münasibətləri aydınlığa qovuşdurur. Müəllif pafosdan, süni bəzəkdən uzaqdır. Əhvalatlar sadə, səmimi və danışıq dilinə yaxın üslubda qələmə alınıb. Oxuyarkən elə bilirsən ki, Zümrüd xanım qarşında əyləşib və bu xatirələri şəxsən səninlə bölüşür. Bu səmimiyyət mətni daha da oxunaqlı edir.
Kitabda adı çəkilən sənət adamları ideallaşdırılmır; onlar bütün insani xüsusiyyətləri – həm güclü, həm də zəif tərəfləri ilə təqdim olunur. Elə bu da oxucuda daha dərin hörmət hissi yaradır. Çünki burada böyük adlardan çox, böyük insanlar görünür. Hər bir əhvalat bir şəxsiyyətin güzgüsü kimi görünür.
Müəllif yazır ki, Valid Sənani kimi savadlı, Moskva radiosundan birbaşa tərcümələr edən jurnalist tez-tez belə deyərmiş:
— Mən özümü jurnalist saymıram.
Bunun səbəbini soruşanda isə cavabı belə olarmış:
— Mirzə Cəlil, Məmməd Səid Ordubadi, Həsən bəy Zərdabi kimi nəhəng jurnalistlərdən sonra mənim özümə jurnalist deməyə haqqım çatmır.
Bu gün gənc jurnalistlərə Valid Sənaninin bu sözləri ciddi bir mesajdır. “Mən özümü jurnalist saymıram” ifadəsi özlüyündə çox söz deyir. Bu, özünü inkar deyil, daxili ölçü hissidir. Müəllif bu fikirlə günümüzdə tez-tez rast gəlinən özünüreklamçı “jurnalist obrazı” ilə köhnə nəslin etik məsuliyyətini qarşı-qarşıya qoyur.
Bu baxımdan Şirməmməd Hüseynovun, Tofiq Rüstəmovun, Hacı Hacıyevin, Mailə Muradxanlının və digər radio veteranlarının xatirələri xüsusilə dəyərlidir. Yalnız savadları, peşəkarlıqları ilə deyil, insanlara münasibətləri ilə də seçilən bu insanların xatirəsi hər zaman əzizdir.
Aydın Qaradağlının səs tembri kimi, onunla bağlı əhvalatlar da seçilir. Bir gün Aydın Qaradağlı indiki Şəhidlər xiyabanı ərazisində, o vaxtkı Kirov parkında oturarkən diktor Sabutay Quliyevi görür və onu yanına çağırır:
— Sabutay, gəl otur, yemək də sifariş vermişəm, indicə Teymurla Ənvər də gələcəklər.
Sabutay Teymur və Ənvər adlarını eşidəndə narahat olur. Çünki Teymur Elçin Komitənin sədri, Ənvər Əlibəyli isə sədr müavini idi. O, özünü narahat hiss edərək işdə olduğunu, burada görünməsinin yaxşı olmadığını bildirir.
Aydın Qaradağlı isə gülümsəyərək cavab verir:
— Ay Sabutay, bura sədrlər yox, bağbanlar gələcək!
Radioda yaddaşdan yaddaşa ötürülən və müəllifin şəxsən şahidi olduğu, müşahidə etdiyi xatirələr ustadların xatirəsinə böyük sayğıyla qələmə alınıb. Müəllif müəllimlərini xüsusi hörmətlə yad edir.
Neçə-neçə jurnalist nəslinin formalaşmasında xidmətləri olan Tofiq Rüstəmov əvvəllər «Uçitelskaya qazeta»da çalışdığı üçün kollektivdə ona zarafatla «Uçitel müəllim» deyə müraciət edirmişlər. Müəllif onu son dərəcə savadlı, mədəni, həlim xasiyyətli jurnalist və rəhbər kimi təqdim edir. İşində səhvə yol verən əməkdaşa əsəbiləşmək əvəzinə, səhvin səbəbini səbirlə izah edirmiş.
Bu əhvalatlar radionun tarixinin və iş prinsiplərinin öyrənilməsi baxımından da önəmlidir. Soltan Nəcəfovla bağlı bir xatirə bu baxımdan da xüsusilə maraq doğurur. Müəllif yazır ki, o vaxtlar teletaypdan başqa demək olar ki, heç bir texnika yox idi. Teletayp əsasən iri idarələrdə olurdu və bütün informasiyalar mətbuata məhz bu vasitəsilə ötürülürdü. Əyalət qəzetləri üçün isə radioda Soltan Nəcəfov, ondan sonra da Nəriman Qəhrəmanlı məlumatları aramla, imla şəklində oxuyurdular. Rayon qəzetlərinin redaksiyaları da bu informasiyaları yazıb öz qəzetlərində dərc edirdilər.
Soltan müəllim çox məsuliyyətli, işini ürəkdən sevən bir insan idi. Ona görə də hər gün rayon qəzetlərini gözdən keçirər, harada səhv görürdüsə, efirdə səsləndirirdi. Bir gün qəzetləri oxuyarkən görür ki, iki nöqtə yan-yana yazılıb. Digər qəzetlərə də baxır və eyni səhvin hamısında təkrarlandığını müşahidə edir. Ertəsi gün materialları efirdə oxuyarkən deyir:
— Əziz redaktorlar, iki nöqtəni düzgün yazmamısınız. İki nöqtə üç nöqtə kimi yan-yana yazılmaz.
Növbəti gün yenə qəzetlərə baxanda nöqtələrin yenə yan-yana yazıldığını görür. Bu dəfə bərk əsəbiləşərək efirə çıxıb deyir:
— Hörmətli qəzet redaktorları, iki nöqtə: biri altdan, biri də üstdən!..
“Həyat da efir kimidir- radiolu günlərdən” Azərbaycan radiosunun 100 illiyinə dəyərli bir töhfədir. Adətən yubileylər rəsmi çıxışlar, statistik məlumatlar və xatirə şəkilləri ilə yadda qalır. Bu kitab isə radionun yüz illik yolunu, insan talelərini canlı yaddaş üzərindən nəql edir. O vaxtlar da titul, status var idi, amma mənəvi dəyər anlayışı bütün bunları üstələyirdi. İnsanlardakı təmiz duyğular şəxsi mənafe hərisliyini boğurdu…
Tanınmış jurnalist Mailə Muradxanlı da kitabda bütün ucalığı ilə görünür – gənclərə dəstək olması, onların istedadını üzə çıxarması və sonsuz səmimiyyəti ilə. Mailə xanım Ədəbi-dram redaksiyasında istedadlı gəncləri bir araya toplamışdı. Onların hazırladıqları verilişlər dinləyicilər arasında böyük maraq doğururdu. Bu layihələrdən biri olan «Bulaq» proqramı illər keçməsinə baxmayaraq, öz sadiq dinləyicilərini bu gün də qoruyub saxlayıb.
Zümrüd xanım qeyd edir ki, istedadlı insanları xüsusilə qiymətləndirən Mailə xanım onun həyat yoldaşı, tanınmış tərcüməçi Natiq Səfərov radiodan «Azərbaycan» jurnalına keçdikdən sonra onun üçün efirdə «Tərcümə saatı» adlı veriliş açmışdı. Dinləyicilərin böyük maraqla gözlədiyi “Tərcümə saatı”nda dünya ədəbiyyatının dəyərli nümunələri tərcümə edilərək təqdim edilirdi.
Kitabda Maya xanım haqqında olan xatirələr də kaloriti ilə seçilir. O, həm hazırcavab, həm güclü yumor hissəsinə malik, həm də insanları dinləməyi bacaran bir qadın olub. Müəllif ona zarafatla «əməkdar dinləyici» adını verib. Çünki səhər işə gələn əməkdaşlar bir-bir onun yanına gələrək dərdlərini danışır, Maya xanım isə hamısına səbrlə qulaq asırmış. Hətta səs-küylü otaqda telefonla danışan əməkdaşların söhbətini də diqqətlə eşidə bilərmiş. Ona “bu qədər söhbəti necə eşidirsən?” deyə soruşduqda, gülərək belə cavab verirmiş:
— Hamısını eşitmişəm.
Kollektivdə insanların bir-birinə mənəvi dayaq olması peşəkarlıq qədər vacibdir. Kitabın ən təsirli və düşündürücü səhifələrindən biri rejissor Fikrət Ağazadə haqqında olan xatirədir. Müəllif yazır ki, Fikrət müəllim yemək məsələsində çox seçici idi; anasının bişirdiklərindən başqa heç yerdə yemək yeməzmiş. Anası vəfat etdikdən sonra isə ömrünün sonuna qədər əsasən bublik və smetan ilə qidalanıb. Amma özü yeməyə belə fikir verməyən bu incə ruhlu insan başqalarının çörəyini düşünürdü.
O, hər səhər tezdən durub təndir çörəyi alar, dünyasını dəyişmiş dostlarının evinə aparardı ki, onların uşaqları atasız olduqlarını bir an olsun hiss etməsinlər. Tək yaşayan yazıçı Ənvər Məmmədxanlının qapısından da hər səhər sakitcə çörək asıb işə gedərmiş. Uzun illər Ənvər müəllim bu nəcib xeyirxahlığın kimdən gəldiyini bilməyib. Sonradan məlum olub ki, bunu edən AzTV-nin rejissoru Fikrət Ağazadə imiş.
Hər bir kollektivin əsl tarixini orada çalışan insanların taleləri yazır. Müəllif keçmiş radionun həyatını təsvir etməklə, əslində, bütöv bir dövrün mənəviyyatını gələcək nəsillərə ötürür. Onların necə işlədiklərini, necə zarafat etdiklərini, çətinliklərə necə təmkinlə yanaşdıqlarını göz önündə canlandırır.
Özüm də 20 il Azərbaycan Radiosunda çalışmışam, bu sənət məktəbinin dərsini almışam. On ildən çox radio fəaliyyətimdə tanıdığım, həyata keçirdiyim layihələrdə Zümrüd xanımın kitabında adı keçən insanların izi var. Radio böyük bir məktəb idi, kollektiv isə bu mənəvi ocaqdan keçirdi. İnsanlar burada yetişir, xasiyyətləri cilalanır və xarakterləri formalaşırdı. Radio mənə məsuliyyəti, səbrlə dinləməyi, ölçülü danışmağı öyrətdi. Bu keyfiyyətlər sonrakı həyat və peşə yolumda hər zaman mənə mayak oldu.
Əgər radionun yüz illik tarixi varsa, bu tarixdə görünməyən, amma əslində radionu yaşadan yüzlərlə unudulmaz insan taleyi də var. Bu kitab məhz həmin talelərin unudulmaması üçün yazılıb.
Bu baxımdan “Həyat da efir kimidir- radiolu günlərdən” təkcə radio işçiləri üçün deyil, jurnalistika, mədəniyyət və insan münasibətləri ilə maraqlanan hər kəs üçün dəyərli bir xəzinədir. Bu kitab ədəbiyyatımızda sadə, səmimi dildə yazılmış çox dəyərli bir yaddaş və memuar nümunəsidir.

Sevda Hüseyn
Azərbaycan Televiziyasının əməkdaşı




















