Ermənistanın Baş naziri Nikol Paşinyan dekabr ayında Rusiyaya üç dəfə səfər edəcəyini təsdiqləyib. O, dekabrın 3-də Moskvaya işgüzar səfər edərək Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır.
Korrekt.az xəbər verir ki, Paşinyan bu barədə noyabrın 19-da keçirdiyi brifinqdə danışıb.
Baş nazirin sözlərinə görə, dekabr ayında Sankt-Peterburqda Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin liderlərinin görüşü keçiriləcək. Bundan əlavə, dekabrın 11-12-də hökumət başçıları səviyyəsində görüş də planlaşdırılıb.
Paşinyan dekabrın 3-də Moskvaya işgüzar səfəri və Putinlə cari məsələləri müzakirə etməsi barədə ilkin razılaşmanın olduğunu bildirib.
“Hər şey əvvəlcədən bildirilib”, – deyə Ermənistanın baş naziri qeyd edib.
Brifinqdə Ermənistanın Avropa İttifaqı (Aİ) ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim etməsi məsələsinə də toxunulub. Paşinyan bildirib ki, bu mövzu Ermənistanda baş verən proseslər nəticəsində gündəmə gəlib və burada Rusiyaya əsas rol aid etmək düzgün deyil.
O, referendumun keçirilməsinin vacibliyini qəbul etdiklərini də vurğulayıb. Baş nazirin sözlərinə görə, əsas məsələ müvafiq proseslərin nə dərəcədə yetişməsi və referendumun keçirilməsi üçün zamanın müəyyənləşdirilməsidir.





















