Türkiyədə 9 bələdiyyə sədri hakim Ədalət və İnkişaf Partiyasına (AK Partiya) üzv olub.
Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə AK Partiyanın Genişləndirilmiş Vilayət Sədrləri Yığıncağından sonra partiyaya yeni qoşulan bələdiyyə rəhbərlərinə üzvlük nişanları təqdim edilib.
Korrekt.az xəbər verir ki, AK Partiyasına qoşulanlar arasında Tekirdağ Böyükşəhər Bələdiyyəsinin sədri Candan Yüceer, Antalya Böyükşəhər Bələdiyyə sədrinin müavini Büşra Özdemir, Antalya şəhərinin Korkuteli rayonunun bələdiyyə sədri Saniye Caran və Demre rayonunun bələdiyyə sədri Fahri Duran da var.
Mərasim zamanı Prezident Ərdoğan yeni üzvlərə partiya nişanlarını təqdim edib. Daha sonra onlar səhnədə xatirə fotosu çəkdiriblər.
Ərdoğan mərasimdən əvvəl çıxış edərək partiyaya qoşulan bələdiyyə sədrlərini və bələdiyyə şurası üzvlərini təbrik edib.
“Hamınızı sıralarımıza xoş gəlmisiniz deyərək salamlayırıq. Allah bu çatı altında uğurla xidmət etməyi nəsib etsin. Bildirmək istəyirəm ki, AK Partiya bütün səviyyələrdə və hər bir üzvü ilə daim sizin yanınızda olacaq”, – deyə Türkiyə Prezidenti bildirib.





















