Gürcüstanda Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 təyyarəsinin qəzaya uğramasına səbəb olaraq iki mühərrikin ardıcıl sıradan çıxması ehtimal edilir.
Korrekt.az xəbər verir ki, bu barədə “A Haber” telekanalının Gürcüstanın Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, raketlərin təyyarəyə toqquşması və ya pilotsuz təyyarənin hücumu ilə bağlı versiyalar hələ ki, təsdiqlənməyib.
İlkin araşdırmalara görə, təyyarənin uçuşu zamanı mühərriklərdən biri qəfil sıradan çıxıb. Bu, pərvanənin qarşıdan gələn hava axınında fırlanmağa davam etməsinə səbəb olub və təyyarənin idarəolunmaz sürətə çatmasına yol açıb. Bu vəziyyət, təyyarəyə nəzarəti çətinləşdirib. Bir müddət sonra, digər qanaddakı mühərrikdə də yağ təzyiqinə qulluq sistemində nasazlıq baş verib və nəticədə o da sıradan çıxıb. Bu mühərrik sonradan vibrasiya səbəbindən məhv olub.
Bundan əlavə, ehtimal olunur ki, sıradan çıxan mühərrikin qopmuş hissələri təyyarənin gövdəsinə və idarəetmə sistemlərinə ciddi ziyan vurub. Bu zədələr nəticəsində təyyarənin quyruq hissəsi və kabinəsi ayrılıb. Araşdırmalara görə, qəza o qədər sürətlə baş verib ki, pilotlar təyyarəni stabilləşdirməyə çalışarkən qəza siqnalı verməyə vaxt tapmayıblar.
Türkiyə Müdafiə Nazirliyinin məlumatına əsasən, xarici müdaxilə, raket hücumu və ya pilotsuz təyyarə ilə zərbə verilməsi ilə bağlı nəzəriyyələr hələ təsdiqini tapmayıb. Telekanalın verdiyi xəbərə görə, təyyarənin gövdəsində hadisənin bu versiyalarını dəstəkləyəcək heç bir deşik və ya partlayıcı izlər aşkarlanmayıb.
C-130 təyyarəsinin uçuş yazıcılarının təhqiqi prosesləri hazırda davam edir. Təyyarənin istehsalçısı Lockheed Martin şirkətinin mütəxəssisləri də araşdırmaları davam etdirəcək və qəzanın səbəblərini model üzərində yenidən yaradaraq dəqiq müəyyən edəcəklər.





















