ABŞ-ın vitse-prezidenti Cey Di Vens amerikalı narkotik istifadəçilərindən üzr istəyib. Korrekt.az xəbər verir ki, o, bu barədə Fox News telekanalına verdiyi müsahibədə danışıb.
“Bütün kokaini sevən insanlara müraciət edirəm – üzr istəyirəm, amma ABŞ prezidenti Donald Tramp kokaini sevmir”, – deyə Vens bildirib və ABŞ hakimiyyətinin narkotiklərlə mübarizəni davam etdirəcəyini vurğulayıb.
Vitse-prezident qeyd edib ki, bəzi amerikalılar təhlükəli olmasına baxmayaraq, qadağan edilmiş maddələrə meyl göstərirlər. O, narkotik asılılığı olan şəxsləri reabilitasiya mərkəzlərinə müraciət etməyə çağırıb və bildirib ki, ABŞ administrasiyası fentanil və kokainə qarşı sərt mövqeyinə görə tənqidlərə baxmayaraq, ölkənin maraqlarını qorumaqda davam edəcək.
Qeyd edək ki, Cey Di Vens bundan əvvəl Danimarkanın Qrenlandiyanı lazımi səviyyədə qoruya bilmədiyini bəyan etmişdi. O, həmçinin adanın ABŞ-ın milli təhlükəsizliyi və raketdən müdafiə sisteminin fəaliyyəti baxımından strateji əhəmiyyət daşıdığını vurğulamışdı.





















