Bakıda tikilməkdə olan binadakı eyni mənzilləri bir neçə nəfərə sataraq 172 vətəndaşa ümumilikdə 14 milyon manat ziyan vurmaqda təqsirləndirilən “Təbriz” MTK-nın rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədov barəsində məhkəmə hökmü çıxarılıb.
Korrekt.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən qapalı prosesdə təqsirləndirilən şəxslərə cəza təyin edilib.
Məhkəmənin hökmü ilə Nofəl Hacıyev 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Şirkətin icraçı direktoru Talış Məhəmmədova isə yaşı və səhhəti nəzərə alınaraq üç il şərti cəza verilib və bir il sınaq müddəti müəyyənləşdirilib.
Məhkəmə, həmçinin üzərinə həbs qoyulmuş “Atlant” istirahət mərkəzinin müsadirə edilməsi barədə qərar qəbul edib.
İttihama görə, Nofəl Hacıyev və Talış Məhəmmədov 2018–2022-ci illərdə “Təbriz” MTK-nın inşa etdiyi binada eyni mənzilləri bir neçə vətəndaşa satıblar. Nəticədə 172 nəfərdən ümumilikdə 14 milyon manat vəsait əldə edilib.
İstintaq materiallarında göstərilib ki, vətəndaşlardan dələduzluq yolu ilə alınan pullar “Atlant” istirahət mərkəzinin təmir və tikinti işlərinə yönəldilib.
Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq zamanı təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə ittiham irəli sürülüb.
Məlumata görə, Nofəl Hacıyev “Atlant” istirahət mərkəzinin rəhbəri Tahir Qədəşovun kürəkəni olmaqla yanaşı, obyektin şəriklərindən biri olub.
İstintaq dövründə vətəndaşlardan əldə edilən vəsaitin istirahət mərkəzinin inkişafına sərf edildiyi iddiası ilə obyektin əmlakı üzərinə həbs qoyulub. Məhkəmənin yekun hökmü ilə isə “Atlant” istirahət mərkəzinin müsadirəsinə qərar verilib.lent.az





















