İnterpol tərəfindən qızıl qaçaqmalçılığı işi üzrə beynəlxalq axtarışa verilən və 196 ölkədə “qırmızı bülleten”lə axtarılan 38 yaşlı İnqilab Babayev polisin uzunmüddətli təqibindən sonra İstanbulda saxlanılıb.
Korrekt.az xəbər verir ki, İstanbul Polisinin Qaçaqmalçılıqla Mübarizə İdarəsinin əməkdaşları qiymətli metalların qanunsuz dövriyyəsi ilə bağlı aparılan təhqiqat çərçivəsində xüsusi əməliyyat keçiriblər.
Zərgərlik məmulatlarının qaçaqmalçılığını təşkil etməkdə ittiham olunan Babayev uzun müddət gizlənməyi bacarıb. Onun barəsində daha əvvəl həbs qətimkan tədbiri seçilib və İnterpol xətti ilə beynəlxalq axtarış elan edilib.

Xatırladaq ki, 2024-cü ildə İstanbul Hava Limanında keçirilən yoxlama zamanı iki təhlükəsizlik xidməti əməkdaşının üzərində gizlədilmiş, ümumi çəkisi 16 kq olan 32 ədəd qızıl külçə aşkar edilib. Dubaydan gətirildiyi ehtimal edilən bu qızıllarla bağlı aparılan təhqiqat çərçivəsində 7 nəfər saxlanılsa da, cinayətin əsas təşkilatçısı hesab olunan İnqlab Babayev qaçmağa müvəffəq olub.
İstintaqın gedişatında məlum olub ki, Babayev bir müddət əvvəl ailəsini İstanbula köçürüb və hüquq-mühafizə orqanları bundan sonra onu izləməyə başlayıblar. O, Eyüpsultan rayonundakı yaşayış binalarından birində aşkar edilərək xüsusi təyinatlı polis bölmələrinin keçirdiyi əməliyyatla qandallanıb.
Prosessiual prosedurlardan sonra məhkəmə qarşısına çıxarılan saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib və o, istintaq təcridxanasına göndərilib.
Musavat.com





















