image-interpress_fe8ce8bc04d1a1295394f94abea9d7ad_w170yuhns2tp8rbx9ieo-640x336backend

ZƏFƏR – MİLLİ RUHUN, VƏTƏN SEVGİSİNİN VƏ BÖYÜK LİDERLİYİN TƏNTƏNƏSİDİR!

image-ads-728x90

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə sosial media hesablarında öz səsi ilə paylaşdığı fikirləri dinləyərkən bir daha düşündüm: Qarabağ onun yalnız siyasi və hərbi qələbəsi deyil, həm də ömrünün, mübarizəsinin və Vətən sevgisinin şah əsəridir!

media-whatsapp-image-2025-12-17-at-21-04-54-1

İşğaldan azad edilən hər kənddə, hər şəhərdə Azərbaycan bayrağının ucaldılmasını necə böyük həyəcan və qürurla xatırladığını onun səsində belə hiss etmək mümkündür. Bu, sadəcə bir dövlət başçısının qələbə haqqında düşüncələri deyil. Bu, Vətənin hər qarış torpağını öz varlığının bir parçası hesab edən Ali Baş Komandanın Vətən sevgisinin manifestidir!

Biz elə bir nəsilik ki, uzun illər Qarabağın adını çəkəndə ürəyimiz sızlayırdı. Qarabağ bizim üçün həm Vətən idi, həm həsrət, həm də içimizdə heç zaman sönməyən bir ümid. Bu gün isə Qarabağ deyəndə başımızı dik tutur, qürur duyuruq. Çünki artıq Qarabağ həsrətimizin deyil, Zəfərimizin adıdır!

Bizim nəsil Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda mübarizə apardı. Sonrakı nəsil isə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında, “Dəmir yumruq” ətrafında birləşərək torpaqlarımızı işğaldan azad etdi, dövlətimizin ərazi bütövlüyünü bərpa etdi.

Prezident İlham Əliyevin bir fikri xüsusilə düşündürücüdür: ordunu ən müasir silahlarla təchiz etmək olar, amma əsgərin qəlbində Vətən sevgisi, torpağını azad etmək ruhu yoxdursa, o silahlar qələbə qazandıra bilməz.

Bəli, Qarabağ Zəfəri ilk növbədə milli ruhun, milli şüurun, Vətənə sonsuz sədaqətin zəfəridir!

Bu, xalqının gücünə inanan, əcdadlarından miras qalan dövlətçilik ruhunu yaşadan, güclü ordu quran və ona zəfərlə komandanlıq edən bir liderin tarixi qələbəsidir.

Bu gün biz yalnız azad edilmiş Qarabağın deyil, böyük sevgi ilə yenidən qurulan, dirçəldilən Qarabağın da şahidiyik. Dünən həsrətlə baxdığımız torpaqlarda bu gün həyat yenidən başlayır. Və bu quruculuq da İlham Əliyevin Qarabağ şah əsərinin davamıdır.

İndi bizim ən böyük vəzifəmiz bu Zəfərin ruhunu gələcək nəsillərə ötürməkdir. Övladlarımıza Vətənin ailədən, evdən, ana dilindən, milli yaddaşdan başladığını öyrətməkdir. Çünki dövlətin qüdrəti yalnız onun iqtisadiyyatında və ordusunda deyil, həm də vətəndaşının qəlbində yaşatdığı Vətən sevgisindədir.

İnanıram ki, biz gələcək nəsillərə yalnız azad torpaqlar deyil, qüdrətli Azərbaycan və o qüdrəti qoruyacaq sarsılmaz milli ruh miras qoyacağıq.

Bir zamanlar Qarabağ deyəndə gözlərimiz dolurdu, bu gün Qarabağ deyəndə gözlərimiz qürurla parlayır!

Bu, bir millətin taleyində baş verən ən böyük mənəvi dönüşlərdən biridir.

Zəfərin mübarək olsun, Azərbaycan!

Zəfərin mübarək olsun, Müzəffər Ali Baş Komandan!

Qarabağ Azərbaycandır!

Milli Məcllisin deputatı

Tənzilə Rüstəmxanlı



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki