media-whatsapp-image-2025-12-17-at-21-04-55

Azərbaycan bayrağının yenidən dövlət rəmzi kimi qaldırılması Ümummilli Lider Heydər Əliyevin tarixi təşəbbüsü ilə baş tutub. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayraq Naxçıvanın Dövlət Bayrağı elan olundu. Daha sonra 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək bu bayrağı yenidən dövlət statusuna qaldırdı.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı Günü kimi qeyd edilir. Bayraq millətimizin, dövlətimizin şərəf və ləyaqətinin ifadəsidir. Azərbaycan xalqının milli düşüncəsində bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq göstərib, bayraq xalqımızın milli mövcudluq nişanəsi sayılıb.

Bu gün hər bir azərbaycanlı dövlət bayrağına böyük hörmət və ehtiramla yanaşır. Bu gün üçrəngli bayrağımız azad Qarabağ torpaqlarında, Şuşada, Xankəndidə və bütün azad edilmiş bölgələrimizdə dalğalanır. Dövlət başçısı İlham Əliyevin sözləri ilə desək, bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Qalibiyyət rəmzinə çevrilən bu bayraq hər bir azərbaycanlının qəlbində, evində, həyatının bir parçasında yaşayır.

İşğaldan azad edilən ərazilərimizdə Prezident İlham Əliyev tərəfindən üçrəngli bayrağımızın ucaldılması xalqımız üçün çox sevindirici və qürurverici, eyni zamanda tarixi hadisə idi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi Zəfər bayrağımızı 30 illik həsrətdən sonra doğma yurdumuza geri qaytardı və bu gün bayrağımız həmin ərazilərdə də qürurla dalğalanır.

Bayraq, eyni zamanda, milli həmrəyliyin və vətəndaş birliyinin amilidir. O, siyasi baxışlardan, sosial mənsubiyyətdən asılı olmayaraq bütün azərbaycanlıları bir amal ətrafında birləşdirir. Prezident İlham Əliyev bu barədə deyib: “Kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir.” Bu gün Azərbaycan gəncliyi üçün üçrəngli bayraq sadəcə bir rəmz deyil, vətənə sədaqətin, müstəqilliyin qorunması məsuliyyətinin rəmzidir.

Hər bir məktəbdə, hər bir evdə bu bayraq ucaldıqca, milli ruh, dövlətə sədaqət və gələcəyə inam da möhkəmlənir. Nəticə etibarilə, Dövlət Bayrağı Günü xalqımızın milli kimliyini, istiqlal düşüncəsini, azadlıq ruhunu yaşadan müqəddəs bayramdır.

Azərbaycan Respublikasının Dövlət Bayrağı bu gün milli həmrəyliyin, azərbaycançılıq məfkurəsinin və dövlətçiliyimizin ən ali simvoludur. Dövlət Bayrağımız millətimizin varlığını, azadlıq iradəsini və dövlətçilik ənənələrini əks etdirir. Dövlət Bayrağı bizim tariximizdir, kimliyimizdir və gələcəyimizdir.