2020-ci il noyabrın 8-də Azərbaycan xalqı tarixinin ən şanlı səhifələrindən birini yazdı. Müzəffər Ordumuzun qəhrəman əsgər və zabitləri misilsiz igidlik göstərərək strateji və mənəvi baxımdan müstəsna əhəmiyyət daşıyan Şuşa şəhərini işğaldan azad etdilər. Mürəkkəb relyef şəraitində, sıldırım qayalardan və dərin dərələrdən keçərək həyata keçirilən bu hərbi əməliyyat Azərbaycan hərb tarixinin ən parlaq səhifələrindən birinə çevrildi. Şuşanın azad edilməsi 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin həlledici mərhələsi və onun zirvəsi oldu. Bu qələbə, eyni zamanda, uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin, güclü iqtisadiyyatın, müasir ordunun və xalqın milli birliyinin məntiqi nəticəsi idi.
Şuşanın azad edilməsi Prezident İlham Əliyevin müharibənin ilk günlərindən müəyyənləşdirdiyi strateji məqsədin reallaşması idi. Dövlət başçısı dəfələrlə Şuşasız qələbənin tam olmayacağını bəyan etmişdi. Noyabrın 8-də bu hədəfə nail olunması Azərbaycan xalqının milli iradəsinin və ordumuzun döyüş qüdrətinin təntənəsinə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin gün Şəhidlər xiyabanından xalqa müraciət edərək Şuşanın azad edildiyini böyük qürur hissi ilə bəyan etdi. Dövlət başçısının “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözləri xalqımızın yaddaşına əbədi həkk olundu.
Şuşanın azad edilməsi ilə əldə olunan tarixi nəticə 2023-cü ilin sentyabrında Azərbaycanın bütün ərazilərində suverenliyinin tam bərpası ilə yeni mərhələyə qədəm qoydu. Sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri nəticəsində Qarabağda separatçı rejimin mövcudluğuna son qoyuldu. 2020-ci ildə başlanan Zəfər prosesi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi ilə başa çatdı.
Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 8 Noyabr – Şuşa şəhəri Gününün təsis edilməsi bu tarixi hadisənin milli yaddaşda yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır. Şuşa Azərbaycan xalqının tarixində yalnız coğrafi məkan deyil, milli kimliyimizin, mənəvi dəyərlərimizin və zəngin mədəni irsimizin ayrılmaz hissəsidir. Əsrlər boyu Azərbaycanın musiqi, ədəbiyyat və incəsənət beşiyi kimi tanınan bu şəhər görkəmli dövlət və mədəniyyət xadimlərinin yetişdiyi mühüm mərkəz olub.
Ulu Öndər Heydər Əliyevin 1977-ci ildə Şuşanın tarixi hissəsinin tarix-memarlıq qoruğu elan olunması ilə bağlı qərarı şəhərin milli-mədəni irsinin qorunmasına dövlət səviyyəsində göstərilən diqqətin mühüm nümunəsi idi. Bu siyasətin davamı olaraq Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Həmin il mayın 31-də qəbul edilən “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Qanun isə şəhərin qorunması, bərpası, öyrənilməsi və inkişafının hüquqi əsaslarını müəyyənləşdirdi. 2022-ci ilin “Şuşa İli” elan olunması bu istiqamətdə həyata keçirilən tədbirlərə əlavə təkan verdi.
Şuşanın beynəlxalq mədəni nüfuzunun yüksəlməsi də azadlıqdan sonrakı dövrün mühüm nəticələrindəndir. 2022-ci ildə TÜRKSOY tərəfindən 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı, 2023-cü ildə İslam dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı, həmin ilin oktyabrında isə İqtisadi Əməkdaşlıq Təşkilatı tərəfindən 2026-cı il üçün turizm paytaxtı elan edilməsi Şuşanın beynəlxalq miqyasda artan əhəmiyyətini göstərir. 2024-cü ildə Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşü və imzalanan Qarabağ Bəyannaməsi də şəhərin siyasi və diplomatik tədbirlər üçün əhəmiyyətli məkana çevrildiyini nümayiş etdirir.
Şuşanın azad edilməsindən sonra həyata keçirilən bərpa-quruculuq işləri şəhərin tarixi simasının qorunması ilə müasir inkişaf tələblərinin uzlaşdırılmasına əsaslanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhərdə nəqliyyat, enerji, sosial və kommunal infrastrukturun qurulması istiqamətində ardıcıl layihələr reallaşdırılır. Şuşaya aparan 101 kilometrlik Zəfər Yolunun inşası bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, tarixi abidələrin bərpasına, mədəni irsin qorunmasına və yaşayış məhəllələrinin yenidən qurulmasına xüsusi diqqət yetirilir. İşğal dövründə dağıdılmış və zədələnmiş tarixi-mədəni abidələrin bərpası, Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşidbanu Natəvanın güllələnmiş büstlərinin əvvəlki yerlərinə qaytarılması milli yaddaşın bərpası baxımından rəmzi məna daşıyır. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Bülbülün ev-muzeyinin, məscidlərin və digər tarixi tikililərin bərpası şəhərin mədəni simasının yenidən canlandırılmasına xidmət edir. “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı və Vaqif Poeziya Günlərinin yenidən Şuşada keçirilməsi isə onun əvvəlki mədəni həyatının bərpasını təmin edir.
Şuşanın gələcək inkişafı da uzunmüddətli planlaşdırma əsasında həyata keçirilir. Nazirlər Kabinetinin 2024-cü il 21 oktyabr tarixli qərarı ilə təsdiqlənən “Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” şəhərin dayanıqlı inkişafının əsas istiqamətlərini müəyyən edir. Sənəddə tarixi-memarlıq mühitinin qorunması, təbii landşaftın mühafizəsi, yaşayış və sosial infrastrukturun inkişafı, nəqliyyat sisteminin müasir tələblərə uyğun qurulması nəzərdə tutulur.
Böyük Qayıdış prosesi də Şuşanın dirçəlişinin mühüm tərkib hissəsidir. 2024-cü ildə şəhərin ilk yaşayış kompleksinin istifadəyə verilməsi və keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışının başlanması bu prosesdə yeni mərhələ açdı. İndiyədək Şuşa şəhərində, Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərində ümumilikdə 420 ailə, 1579 nəfər məskunlaşıb. Bu göstəricilər azad edilmiş ərazilərdə həyatın bərpasının real nəticələrini əks etdirir.
8 Noyabr – Şuşa şəhəri Günü yalnız hərbi qələbənin ildönümü deyil, həm də milli iradənin, dövlətçilik ənənələrinin və tarixi ədalətin təntənəsidir. Şuşanın azad edilməsi Azərbaycan xalqının öz tarixinə, milli kimliyinə və dövlətinə bağlılığını bütün dünyaya nümayiş etdirdi. Bu Şuşada aparılan bərpa-quruculuq işləri, doğma sakinlərin qayıdışı və mədəni həyatın canlanması həmin Zəfərin davamlı nəticələrini ortaya qoyur. Şuşa artıq yalnız keçmişin şöhrətini yaşadan tarixi şəhər deyil, həm də müasir Azərbaycanın inkişafını, milli birliyini və gələcəyə inamını təcəssüm etdirən məkandır. Onun azadlığı ilə başlayan yeni tarix dövlətimizin gücünün, xalqımızın sarsılmaz iradəsinin və Böyük Qayıdışın rəmzi kimi gələcək nəsillərin yaddaşında yaşayacaq.
Vasif Qafarov,
Milli Məclisin deputatı





















