image-media-7d007103-2826-4e90-b06e-ec5ec82af77e-zh3g9w-960x640backend

ƏTLƏ DIRNAQ ARASINA GİRƏNLƏR GEDƏR, QARDAŞLIQ ƏBƏDİ QALAR!

image-ads-728x90
Tarix bir daha sübut etdi: Azərbaycan–Türkiyə qardaşlığına heç kim kölgə sala bilməz!

Azərbaycanla Türkiyə arasında son dövrlərdə yaşanan gərginliyin ilk günündən bu günə qədər yazdığım bütün yazılarda bir həqiqətə inamımı heç vaxt itirmədim: eyni kökdən gələn, eyni tarixi, dili, mədəniyyəti və taleyi paylaşan bir millətin iki dövlətini heç bir qüvvə bir-birindən ayıra bilməz!

Çünki biz belə günləri əvvəllər də yaşamışıq. Zaman-zaman aramıza nifaq salmağa, qardaşı qardaşa qarşı qoymağa çalışanlar olub. Amma hər dəfə milli iradə, dövlət ağlı və qardaşlıq duyğusu qalib gəlib.

Mən bu dəfə də inanırdım ki, bu süni gərginlik keçəcək, qara buludlar dağılacaq, qardaşlığımıza uzanan əllər yenə boş qalacaq. Hər zaman Uca Allahdan dilədim ki, iki qardaş xalqın arasına fitnə salmaq istəyənlərə fürsət verməsin.

Bu gün bir daha əmin oldum ki, inamımız da, dualarımız da əbəs deyilmiş!

Bizim müdrik bir ata sözümüz var: “Ətlə dırnaq arasına girən iylənib çıxar!”

Bu gün məhz bunu gördük!

Qardaşlığımızın arasına girməyə çalışanlar yenə kənarda qaldılar. Bir müddət ürək bulandıran milçəklər kimi narahatlıq yaratdılar, amma nə ortaq tariximizi dəyişə, nə qan bağımızı qıra, nə də bir millətin iki dövlətini bir-birindən uzaqlaşdıra bildilər.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin Şuşadan səsləndirdiyi qətiyyətli bəyanat, Azərbaycanla Türkiyənin eyni kökdən, eyni soydan gəldiyini, ortaq tarixə, dilə, ədəbiyyata və milli kimliyə sahib olduğunu vurğulaması, bu qardaşlığı pozmağa heç kimə imkan verilməyəcəyini bildirməsi hər birimizin ürəyindən keçən sözlərin ifadəsi idi.

Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın da eyni qardaşlıq ruhunu nümayiş etdirməsi, Azərbaycanın sevincini öz sevinci, kədərini öz kədəri bilməsi böyük Atatürkün bizə miras qoyduğu mənəvi birliyin bu gün də yaşadığını göstərdi.

Bu qardaşlığın nə qədər səmimi və dərin olduğunu göstərən başqa bir mənzərə də məni çox duyğulandırdı. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın xanımı, hörmətli Əminə xanım Ərdoğanı qarşılayarkən onu səmimiyyətlə qucaqlaması, qolunu çiyninə dolayaraq yanaşı addımlamaları sözlərdən daha təsirli bir mesaj idi. Bu iki xanımın səmimi duruşunda yalnız şəxsi mehribanlıq deyil, Azərbaycan–Türkiyə qardaşlığının qadın zərifliyi, müdrikliyi və mənəvi gücü ilə ifadəsini gördüm. Bu mənzərə bir daha göstərdi ki, iki xalqın birliyinin qorunmasında qadınların da böyük rolu, güclü sözü və mənəvi nüfuzu var.

Nə oldu? Yenə dövlət ağlı qalib gəldi! Yenə qardaşlıq qalib gəldi! Yenə Uca Allah fitnəyə deyil, haqqın və birliyin yanında olanlara yol açdı!

Amma bu günlər başqa bir həqiqəti də üzə çıxardı.

Dünənə qədər Türkiyəni ən ağır ifadələrlə hədəfə alanların bu gün televiziya ekranlarında qardaşlıqdan danışdıqlarını görürük. Dünən Azərbaycanın daxili işlərinə qarışmağa çalışan, müstəqil dövlət iradəmizə hörmətsizlik edən bəzi çevrələrin bu gün dostluq şüarları səsləndirməsini də müşahidə edirik.

İnsan düşünmədən keçə bilmir: Bu qədər tez dəyişən nə oldu? Dünənki sözləriniz harada qaldı?

Bəlkə də hər şeyin unudulacağını düşünürlər. Amma yanılırlar!

Biz bu oyunları çox görmüşük. Tarix kimin hansı gündə, hansı mövqedə dayandığını unutmaz. Tarix maskasını dəyişənləri deyil, ən çətin günlərdə belə simasını, sözünü və əqidəsini dəyişməyənləri xatırlayacaq!

Bu gün Azərbaycanla Türkiyənin arasına nifaq salmaq istəyənlərin arzularının yenə ürəklərində qalması mənim üçün böyük sevincdir.

Bu münasibətlə ilk növbədə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Türkiyə Cümhuriyyətinin Prezidenti, hörmətli Rəcəb Tayyib Ərdoğana dərin minnətdarlığımı bildirirəm.

Var olun, cənab Prezidentlər!

Siz iki xalqın bir-birinə olan inamını sarsıtmaq istəyənlərə ən güclü cavabı verdiniz. Dövlət müdrikliyinin, siyasi iradənin və milli məsuliyyətin nə demək olduğunu bir daha göstərdiniz.

Bu gərgin günlərdə ilk andan Azərbaycan–Türkiyə qardaşlığının yanında qətiyyətlə dayanan, Azərbaycanın daxili işlərinə müdaxiləni qəbul etməyən, gerçək Türk dünyası sevdalısı, Milliyyətçi Hərəkat Partiyasının Genel Başkanı hörmətli Devlet Bahçeliyə xüsusi təşəkkürümü bildirirəm.

Türkiyədə bir azərbaycanlı, Azərbaycanda bir türkiyəli duyğusu ilə yaşayan, bu qardaşlığın qorunması üçün yorulmadan çalışan dəyərli Aygün Attara, ömrünü Türk dünyasının birliyinə həsr edən Seyfullah Türksoya, gənc yaşlarından Azərbaycanın, Qarabağın, Xocalının haqq səsini Türkiyədə duyuran, bu gün də Türk dünyasının birliyi üçün çalışan AK Partinin Türk dünyası ilə əlaqələr üzrə məsul sədr müavini Kürşad Zorluya ürəkdən təşəkkür edirəm.

Və əlbəttə, bu çətin günlərdə bir an belə susmayan, gecə-gündüz öz sözünü deyən, Azərbaycan–Türkiyə qardaşlığını milli varlığımızın ayrılmaz hissəsi kimi müdafiə edən Azərbaycanın Xalq şairi, ömür-gün yoldaşım Sabir Rüstəmxanlıya da xüsusi təşəkkürümü bildirmək istəyirəm.

Onun Türk dünyasına sevgisi, Azərbaycanla Türkiyənin birliyinə sədaqəti bu günün deyil, bütöv bir ömrün əqidəsidir. Mən bu illərin, bu mübarizənin ən yaxın şahidi kimi bilirəm ki, onun üçün bu qardaşlıq sadəcə siyasi mövqe deyil, ömrü boyu daşıdığı milli idealdır. Bu gərgin günlərdə də sözünü əsirgəmədi, inandığı həqiqətin yanında dayandı.

Adını burada çəkə bilmədiyim, amma qardaşlığımızın qorunması üçün səsini ucaldan, əqidəsindən dönməyən hər kəsə minnətdaram.

İnanın, sizin əməyiniz hədər getməyəcək! Tarix bu günləri də, bu günlərdə dik duranları da unutmayacaq!

Mən ömrüm boyu inandığım bir həqiqətə bu gün daha böyük inamla sarılıram:

Azərbaycanla Türkiyə yalnız dost deyil! Biz qardaşıq! Biz eyni kökün, eyni tarixin, eyni milli ruhun övladlarıyıq!

Dostluqlar zamanla qurular, zamanla dəyişə bilər. Amma bizim qardaşlığımız qanla, tarixlə, taleylə yazılıb.

Bu qardaşlığın təməlində Çanaqqala var, Qafqaz İslam Ordusu var, Nuru Paşa var, Qarabağ var, Şuşa var, şəhidlərimizin müqəddəs xatirəsi var!

Bu qədər böyük tarixi və mənəvi bağları nə bir neçə fitnəkarın sözü, nə də müvəqqəti siyasi gərginliklər qıra bilər.

Ətlə dırnaq arasına girənlər yenə iylənib çıxdılar. Ət də yerindədir, dırnaq da! Qardaşlıq da yerindədir!

Bir gün bu gərginliklər tarixin kiçik bir səhifəsinə çevriləcək. Bəlkə fitnə salanların adları belə xatırlanmayacaq. Amma Azərbaycanla Türkiyənin birliyi və bu birliyi qoruyanların əməyi yaşayacaq!

Bu gün qəlbimdə böyük sevinc, qürur və sonsuz şükür duyğusu var.

Var olsun Azərbaycan!

Var olsun doğma Türkiyəmiz!

Var olsun Müzəffər Ali Baş Komandanımız, Azərbaycan Prezidenti cənab İlham Əliyev!

Var olsun böyük Türkiyə Cümhuriyyəti və onun Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan!

Yaşasın bir millət, iki dövlət!

Yaşasın Azərbaycan–Türkiyə qardaşlığı!

Tənzilə Rüstəmxanlı

Milli Məclisin deputatı



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki