Çeçenistan rəhbəri Ramzan Kadırovun Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü diqqət çəkən məqamlarla yadda qalıb. Kadırovun sonuncu dəfə 2018-ci ildə Azərbaycana səfər etdiyi bildirilir. Onun budəfəki səfəri isə həm siyasi mesajlar, həm də iqtisadi əməkdaşlıq baxımından maraq doğurur.
Korrekt.az xəbər verir ki, Ramzan Kadırov keçmiş illərdə Azərbaycanla bağlı səsləndirdiyi bəzi fikirlərə görə tənqid olunub. 2024-cü ilin dekabrında Bakı-Qroznı sərnişin təyyarəsinin Rusiya hava məkanında qəzaya uğramasından sonra onun hadisə ilə bağlı açıqlamaları da birmənalı qarşılanmayıb.
Lakin Kadırovun Prezident İlham Əliyevlə bugünkü görüşündə səsləndirdiyi fikirlər diqqət çəkib. O, təyyarə qəzası ilə əlaqədar öz adından və bütün çeçen xalqı adından dərin hüznlə başsağlığı verib.
Kadırov faciəni “ortaq kədərimiz” adlandıraraq Azərbaycan xalqının dərdinə səmimi-qəlbdən şərik olduğunu bildirib və həlak olanların ruhuna dualar etdiyini vurğulayıb.
Görüş zamanı onun Qarabağla bağlı səsləndirdiyi fikirlər də diqqətdən yayınmayıb. Çeçenistan rəhbəri Prezident İlham Əliyevə müraciətində Azərbaycanı Qarabağ məsələsinin həlli münasibətilə təbrik edib və bölgədə davamlı sülhün, sabitliyin hökm sürəcəyinə əminliyini ifadə edib.
Ramzan Kadırovun Prezident İlham Əliyevlə birlikdə Bakının müasir şəhərsalma layihələrindən biri olan “Ağ Şəhər”də olması da səfərin diqqətçəkən məqamlarındandır.
Bu ziyarət iqtisadi əməkdaşlıq ehtimallarını gündəmə gətirir. Azərbaycanın son illərdə həyata keçirdiyi genişmiqyaslı infrastruktur və şəhərsalma layihələri, eləcə də investisiya imkanları Çeçenistan üçün maraqlı ola bilər.
Ehtimal etmək olar ki, səfər çərçivəsində iqtisadi əlaqələrin genişləndirilməsi və Azərbaycanın investisiya təcrübəsinin öyrənilməsi məsələləri də maraq doğurub. Bununla belə, Çeçenistanın konkret investisiya tələbi və ya tərəflər arasında bu istiqamətdə razılaşma əldə olunması barədə rəsmi məlumat olmadan belə bir nəticəyə gəlmək tezdir.
Kadırovun səfəri həm siyasi münasibətlər, həm də mümkün iqtisadi əməkdaşlıq baxımından diqqətlə izlənilməlidir. Səfərin real məqsədləri və mümkün nəticələri isə tərəflərin açıqlamaları və atılacaq növbəti addımlarla daha aydın görünəcək.
Elxan Şahinoğlu





















